Şəkiyə Süni İntellekt gəlib, özü də zarafatca yox VİDEO

"Qızıl Gül" - "Şəki Film" kinostudiyasının Zarafat İntellektinin ilk nümunəsi

  • Oxuma müddəti:

    4 dəqiqə

  • Bu gün sizə sadəcə yeni bir klip təqdim etmirik. Bu, "Şəki Film" kinostudiyasının ilk musiqili video işi — “Qızıl Gül”dür.

    "Şəki Film" çox gənc studiyadır, hələ heç rəsmi açılışı da olmayıb, amma artıq iki sənədli film və bir musiqili video hazırlayıb.

    Məqsədimiz Şəkidə müasir kino istehsalının, demək olar, bütün zəncirini — çəkilişdən süni intellektə qədər — bir ünvanda toplamaqdır.

    Kamera bazamızda RED V-Raptor 8K, RED Scarlet 5K və Sony kameraları, işıq parkında ARRI, Filmgear və Nanlite, mürəkkəb və küylü məkanlarda professional səs yazmağa imkan verən sistemlər, dron, kranlar, "dolly" arabaları və digər çəkiliş avadanlığı var. Bundan əlavə, foley studiyası, səsyazma və dublyaj studiyası, montaj, compositing və post-production infrastrukturu qurulub. Yəni Şəkidə artıq qapının cırıltısını da ayrıca yaza bilərik. İndi əsas məsələ qapını kimin üzünə açmağımızdır. :-)

    Amma "Şəki Film"in əsas fərqi kameraların sayında deyil. Əsas məsələ Süni İntellekt Laboratoriyasıdır. Burada AI “bir şəkil çək, görək nə çıxır” əyləncəsi deyil. Foto, video, musiqi, səs, lipsync, generativ animasiya, montaj və proqramlaşdırma vahid istehsal "pipeline"na çevrilir. Vahid deyəndə mən özümü də nəzərdə tuturam. :-)

    “Qızıl Gül”ün hazırlanması zamanı prompt engineering, multimodal generation, character consistency, temporal coherence, image-to-video synthesis, facial re-enactment, lip-sync, stem separation, masking, compositing, color management və AI-assisted mastering kimi proseslər paralel işləyib. Başqa sözlə, Süni İntellektə “klip çək” deməklə klip yaranmır.

    Bəzən cəmi beş saniyəlik kadr üçün onlarla variant hazırlanır: kamera rakordu, rəng, musiqinin ritmi və hərəkət bir-birinə oturmalıdır. Sonra bunların hamısını bir adam idarə etməlidir. Bizdə ona Vahid Rejissura deyirlər. Ona görə nəticə pis alınanda günahı rejissorun üstünə atmaq imkanım da yoxdur.

    “Qızıl Gül”də şeirin müəllifi mənəm. Qalan gördüyünüz, eşitdiyiniz və hiss etdiyiniz böyük texnoloji konstruksiya isə "Şəki Film" komandası ilə Süni İntellekt sistemlərinin birgə istehsalıdır. Musiqinin yaradılması, janrı, aranjimanı, alətlərin seçilməsi, vizual konsepsiyalar, tarixi və fantastik məkanlar, personajların canlandırılması, kamera hərəkətləri, lipsync, səs emalı və post-production mərhələlərində ChatGPT, Claude, Suno, Mureka, Runway, Midjourney, Sync Labs, Toonbee və başqa alətlərdən istifadə olunub. Burada əsas məsələ proqramların sayı deyil. Pianonun 88 düyməsi var. Onların hamısını istifadə etmək adamı Rahmaninov etmir. Süni İntellekt də belədir.

    Əsas məsələ bu alətləri Vahid yaradıcı fikrə, (yəni, mənim fikrimə :-)) dramaturgiyaya və texniki intizama tabe etdirməkdir. "Şəki Film"i məhz buna görə Şəkidə qurmuşuq. Regionların inkişafı Prezident İlham Əliyevin uzun illər dövlət siyasətinin əsas istiqamətlərindən biri olub. Biz isə həmin ideyanın mədəniyyət və yüksək texnologiya tərəfini özəl vəsaitlə, bir qəpik dövlət büdcəsi istifadə etmədən həyata keçirməyə çalışmışıq. 2018-ci ildə Qobu qəsəbəsində ölkəmizdə ilk Dəqiq Mexanizmlər İstehsal edən Yaponiya-Azərbaycan "VMF" Saat Fabriki, indi də Şəkidə "Şəki Film" kinostudiyası. Düşünürəm ki, regionun inkişafı yalnız yol, hotel və restoran deyil. Regionda kino da olmalıdır, Süni İntellekt də, yüksək texnologiyalı istehsal da.

    Burada mənim şəxsi bir zarafatım da var. Atam 1958-ci ildə anamı Şəkidən Bakıya apardı. Mən isə 68 il sonra öz ayağımla Şəkiyə qayıdıb kinostudiya tikdim. Deməli, Mustafayevlər ailəsində Şəkidən çıxmaq asan, geri qayıtmaq bir az uzun və bahalı layihə imiş.

    Hamı bilir ki, Şəki özü də zarafat şəhəridir. Burada insanlar əsrlərdir sözün duzunu bilir. İndi həmin şəhərə Süni İntellekt gəlib, zarafatı da özündə saxlayaraq. “Qızıl Gül” Şəki zarafatcıl intellektinin ilk nümunələrindən biridir.

    Bizim iddiamız isə sadədir: Azərbaycanda AI əsaslı yaradıcı istehsalın yeni ünvanı Şəkidir: "ŞƏKİ FİLM".
    ŞƏKİ. AZƏRBAYCAN.

    P.S. Artıq Süni İntellekt Şəkiyə gəlitti. Xoş gəlitti, səfa gətiritti. Hayindi onun habırda bir problemi qalıttı — Şəkililərin ağlına və fərasətinə çatmaq. :-) İnşallah, gözünyediyim, habını da bir yüz ilə eliciy.