XƏBƏRLƏR / Mədəniyyət

Mərakeşdə "Şuşa Günləri" FOTO

Şuşa Dövlər Qoruğu İdarəsi xəbər verir

Mərakeşdə "Şuşa Günləri" FOTO
  • Oxuma müddəti:

    3 dəqiqə

  • Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşkilatçılığı, Azərbaycan Respublikasının Mərakeş Krallığındakı səfirliyi, İCESCO və Dövlət Turizm Agentliyinin dəstəyi ilə 7 iyun tarixində Rabat şəhərində İSESCO-nun baş qərargahında  “Şuşa günləri” tədbiri maraqlı və yaddaqalan gecə ilə yekunlaşıb. 

    Tədbirdə Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov, İCESCO-nun baş direktoru Salim bin Məhəmməd əl-Maliki, Azərbaycanın Mərakeş Krallığındakı səfiri Nazim Səmədov, Dövlət Turizm Agetliyinin Qoruqların İdarəetmə Mərkəzinin sədri Murad Ağabəyli, ŞŞDQİ-nin icraçı direktoru Tural Novruzov, xüsusi nümayəndəlik, qoruq əməkdaşları, eyni zamanda, müxtəlif ölkələrin Mərakeş Krallığında akkreditə olunmuş səfirləri, İCESCO rəsmiləri, dövlət qurumlarının nümayəndələri iştirak ediblər.


    Qonaqlara XVIII-XIX əsrlərə aid Qarabağ milli geyimləri nümayiş olunub, onların tarixi haqqında məlumatlar verilib.
      
    Tədbirin kulinariya bölümündə qeyd olunub ki, Azərbaycanın milli mətbəxində unikal iqlim şərtləri və formalaşma tarixi ilə təkrarsız məhsulların coğrafiyası olan Qarabağ regionu, xüsusilə mədəniyyət beşiyimiz Şuşanın mətbəxi  dünya qastronomiyasında özünəməxsus yer tutur. Şuşa mətbəxinin Mərakeş mətbəxi ilə ortaq tərəflərini tərənnüm edən menyu pip dolması, kabab-büryan, firni, boyanalı aş, Qarabağ kətəsi, reyhan şərbətindən ibarət olmaqla tərtib edilib. Eləcə də təndir kimi milli bişirmə alətlərində təqdim edilən menyu Şuşanın qeyri-maddi mədəni irsindən ibarət mədəniyyət proqramının bir hissəsi kimi nümayiş etdirilib. Şuşa mətbəx nümunələrini dadmaq şansı əldə edən qonaqlara, həmçinin ölkəmizin turistik qastronomiya marşrutları haqqında da məlumat verilib.

    Qarabağa, Şuşaya həsr edilən səyahət konsert proqramı ilə davam edib. Konsertdən əvvəl İCESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Maliki, Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov, Azərbaycanın Mərakeş Krallığındakı səfiri Nazim Səmədov çıxış edib, “Şuşa günləri” tədbirinin önəmindən, 30 il işğal altında qalmış tarixi şəhərin bu gün yenidən dirçəlməsindən, Şuşada keçirilən beynəlxalq səviyyəli tədbirlərin hər birinin əhəmiyyətindən söz açıblar.

    Salim bin Məhəmməd əl-Maliki
    Aydın Kərimov
    Nazim Səmədov

    Daha sonra söz Azərbaycanın tanınmış incəsənət xadimlərinə verilib. Şuşaya həsr olunan videoçarxın nümayişindən sonra konsert proqramında Qarabağı, Şuşanı vəsf edən mahnılar səsləndirilib, Azərbaycan Dövlət Rəqs Ansamblının üzvlərinin ifasında milli rəqslərimiz nümayiş olunub.