Azərpaşa Nemətov vəfat etdi
Mədəniyyət Nazirliyi Xalq artisti Azər Paşa Nemətovun ölümü ilə bağlı nekroloq yayıb
Akademik Milli Dram Teatrının bədii rəhbəri, Xalq artisti Azərpaşa Nemətov vəfat edib. O, 76 yaşında dünyasını dəyişib.
Mədəniyyət Nazirliyi Xalq artisti Azər Paşa Nemətovun ölümü ilə bağlı nekroloq yayıb:
"Görkəmli teatr rejissoru, Xalq artisti Azər Paşa Nemətov vəfat edib.
Azərbaycan mədəniyyətinə və teatr ictimaiyyətinə ağır itki üz verib. Mili teatr sənətində müstəsna xidmətləri olmuş görkəmli rejissor, Xalq artisti, Azərbaycan Teatr Xadimləri İttifaqının İdarə Heyətinin sədri, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru Azər Paşa Zəfər oğlu Nemətov aprelin 9-da, ömrünün 76-cı ilində vəfat edib.
Azər Paşa Nemətov 13 avqust 1947-ci ildə Bakıda görkəmli teatr rejissoru, Əməkdar incəsənət xadimi Zəfər Nemətovun ailəsində anadan olub. 1970-ci ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Teatr rejissoru fakültəsini (SSRİ Xalq artisti Mehdi Məmmədovun kursu) bitirib.
Yaradıcılıq fəaliyyətinə 1972-ci ildən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında başlayıb, rejissor assistenti, quruluşçu rejissor, baş rejissor, bədii rəhbər vəzifələrində çalışaraq bu teatrın inkişafında mühüm xidmətlər göstərib.1974-76-cı illərdə Leninqrad (indiki Sankt-Peterburq) şəhərində Leninqrad Dövlət Gənc Tamaşaçılar Teatrında iki il rejissor-stajor vəzifəsində çalışan Azər Paşa Nemətov, həmçinin yaradıcı fəaliyyəti boyunca Yunanıstan, Türkiyə, Rusiya, Gürcüstan kimi ölkələrdə teatr festivallarında, konfrans və forumlarında iştirak edib. 1977-ci ildə Bakıya qayıdaraq Gənc Tamaşaçılar Teatrında rejissor və baş rejissor (1983-1990) vəzifələrində işləyib.
1990-cı ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışan rejissorun bu teatrda hazırladığı tamaşalar öz orijinallığı, yeniliyi ilə fərqlənib, teatr mühitində əks-səda doğurub. Onun tamaşaları İstanbulda, Aşqabadda, Moskvada keçirilmiş festival və müsabiqələrdə uğur qazanıb. Azər Paşa Nemətov 2015-ci ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri-baş rejissoru vəzifəsində çalışırdı. 2016-cı ildə teatrın bədii rəhbər-direktoru təyin edilmişdi.
1991-ci ildən Azərbaycan Teatr Xadimləri İttifaqına da rəhbərlik edən Azər Paşa Nemətovun fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilib. Teatr sənəti sahəsində xidmətlərinə görə 1987-ci ildə Əməkdar incəsənət xadimi, 2002-ci ildə Xalq artisti fəxri adlarına, 2007-ci ildə “Şöhrət”, 2022-ci ildə “Şərəf” ordenlərinə layiq görülmüşdü.
Allah rəhmət eləsin