BLOQ

M.Ə.Rəsulzadə - 140: Yubiley tədbirləri Türkiyədə

Ankara, 6 mart 2024-cü il

M.Ə.Rəsulzadə - 140: Yubiley tədbirləri Türkiyədə
  • Oxuma müddəti:

    4 dəqiqə

  • Bir qədər fasilə ilə olsa da, M.Ə.Rəsulzadənin Ankarada keçirilən yubiley və anım tədbirləri barədə təəssüratımızla bölüşürəm. Martın 5-də İstanbul Universitetində “Mehmet Emin Resulzade ve Türk dünyası” mövzusunda çox yüksək səviyyədə keçmiş elmi konfransdan dərhal sonra Ankaraya yola düşməliyik. Martın 6-da saat 10 tamamda artıq Ankara Universitetində eyni mövzuda konfrans başlayır.

    təyyarə, nə də sürətli qatar variantları ilə Ankaraya vaxtında və rahat yetişmək variantları müxtəlif səbəblərdən alınmır (reyslərin vaxtı, biletlərin olmaması və s.). Hər işdə olduğu kimi, yenə də Vahid Mustafayev özünün yüksək təşkilatçılıq və menecer qabiliyyətini nümayiş etdirir. Bu müşküllərimizi əvvəlcədən onunla müzakirə etdiyimizdən İstanbula yetişərkən elə aeroportda 9 nəfərlik minibus icarəyə götürüb və bizim şəraitdə ən optimal bir variant təklif edir: Ankaraya maşınla getmək.

    Yol uzundur, Vahid bəydən başqa “sürücümüz” yoxdur. Amma mənim narahatlığım qarşısında onun “O böyük Kişi bizim üçün nə zülmlə yoxdan bir dövlət yaradıb, siz də mənim yorulacağımdan danışırsınız...” kimi cavabı hamımızı mütəəssir edir. “İstanbul Türk Ocaqları”nın başqanı Cezmi Bayram bəyin “Ac getməyin” deyə təkidlə verdiyi nahardan sonra saat 5-də İstanbuldakı dostlarla vidalaşıb Ankaraya yola düşürük. Bərk yağış yağır. Yol dumanlı. Güclü trafik (tıxac). Əsas yola çıxana kimi İstanbulda 2 saata yaxın "addım-addım" gedirik, amma hamının əhvalı yüksəkdir. Maraqlı söhbətlər, mübahisələr fonunda Dilqəm Əhmədin Rəsulzadə ilə bağlı yeni arxiv sənədləri, xüsusilə AXC arxivinin hansı yollarla isə İstanbula gətirildiyi barədə verdiyi məlumatlar, az qala, şok təsiri buraxır. Qarşıda nə qədər işlər var.

    Yol boyu Ankara tədbirinin təşkilati işlərini həll edirik... “Xəzər” universitetindən Əliövsət Əmirbəyli Ankara konfransının əsas təşkilatçısı idi, bütün işləri planlaşdırmışdı və bizdən daha əvvəl gəlib qalan məsələləri yerində görəcəkdi. Amma özündən asılı olmayan səbəblərə görə Bakıdan çıxa bilməsə də, daim bizimlə əlaqə saxlayır və işlərimizi yönləndirir. Ona xüsusi bir minnətdarlığımız var! Tükənməz Rəsulzadə sevgisi, təşkilatçılıq istedadı və operativliyi göz qabağında.

    Ankaraya gecə saat 1-də yetişirik, Qulu Məhərrəmlinin artıq Bakıdan gəldiyini və otelimizdə yerləşdiyini öyrənirik.

    6 mart, saat 9.30-da artıq Ankara Universitetinin Rektorluq binasındakı "100.Yıl" Salonunda Universitet tərəfindən təşkilatçılar – Rektor köməkçiləri Oğuz bəy və Mehmet bəy bizi qarşılayırlar. Konfransın Proqramı nəşr olunub. Ankaradan olan alim həmkarlarımız - Prof.Dr.Selma Ünlü Yel, Prof.Dr. Toğrul İsmayıl, Dr.Ömer Özcan, elcə də konfransı idarə edəcək Dr.Mehmet Riza Heyet artıq salondadırlar.

    Az sonra Universitetin rektoru Prof.Dr. Necdet Ünüvar, T.C.Cümhurbaşkanlığı Güvenlik ve Dış Politikalar Kurulu Uyeligi və Cümhurbaşkanı Danışmanı, Prof.Dr. Aygün xanım Attar, Azərbaycanın Türkiyə Cümhuriyyətindəki səfirliyinin müşaviri Eldar Əliyev və daha bir səfirlik əməkdaşı, eləcə də Universitetin əsasən müəllim və professor heyəti Konfrans zalına gəlirlər. Azərbaycan Kültür Dərnəyi başkanının müavini Selcuk Önal bəy də bizimlədir.

    Tədbir Rektorluq binasında keçirildiyindən türkiyəli tələbələr digər təhsil korpuslarından dəvət olunublar. Təşkilatçılıq baxımından əsas nöqsanımız - Ankarada təhsil alan azərbaycanlı tələbələrə demək olar ki, çox gec xəbər verilib, odur ki, sayları gözlənildiyindən azdır.

    “Mehmet Emin Resulzadə ve Türk dünyası” Ankara konfransı təyin olunan vaxtda hər iki ölkənin şəhidlərinin xatirəsi anılmaqla və himnləri səslənməklə öz işinə başlayır.

    Təfərrüat aşağıdakı şəkillərdə: