XƏBƏRLƏR / Hadisə

Metronun "20 yanvar" stansiyasında uşaq dünyaya gəlib

Körpə 25 yaşına qədər metrodan ödənişsiz istifadə edəcək YENİLƏNİB

Metronun "20 yanvar" stansiyasında uşaq dünyaya gəlib
  • Oxuma müddəti:

    2 dəqiqə

  • 12:35

    Bakı metrosunda yeni doğulmuş körpə metronun bir növ “xüsusi sərnişini” olacaq.

    Bu barədə "Bakı Metropoliteni" QSC-dən bildirilib.

    "Simvolik olaraq ona 25 yaşına qədər metrodan ödənişsiz istifadə hüququ təqdim olunacaq. Bundan başqa, ailəyə kiçik hədiyyələr də təqdim ediləcək", - deyə məlumatda bildirilib.

    ***

    12:20

    Bu gün səhər saatlarında Bakı Metropoliteninin “20 Yanvar” stansiyasında doğuş edən ana və onun körpəsi Respublika Klinik Xəstəxanasına hospitalizasiya olunub. Tibb müəssisəsində hər ikisinə dərhal zəruri tibbi xidmətlər göstərilib və müvafiq şöbələrə yerləşdiriliblər.

    Bu barədə TƏBİB-dən məlumat verilib.

    Bildirilib ki, hamiləliyin patologiyası şöbəsinə qəbul edilən ana, 2005-ci il təvəllüdlü Məhərrəmova Əsmər İzzət qızı tibbi müayinələrə cəlb olunub, stasionarda yardım göstərilib, plasenta xaric edilib, doğuşdan sonrakı dövrdə qanaxmanın profilaktikası aparılıb və hazırda vəziyyəti stabil qiymətləndirilir.

    Yeni doğulmuş körpə isə Yenidoğulmuşların intensiv terapiya bölməsinə yerləşdirilib və vəziyyəti qənaətbəxş olmadığına görə CPAP cihazına qoşulub. Hazırda körpə xüsusi nəzarət altında saxlanılır.

    Vaxtından əvvəl, 36 həftəliyində dünyaya gələn körpənin çəkisi 2200 qram, boyu 47 sm, kişi cinslidir.

    ***

    10:04

    08.08.2025-ci il tarixində saat 07:40 radələrində Bakı Metropoliteninin “20 Yanvar” stansiyasından doğuş səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə müraciət qeydə alınıb.

    Bu barədə TƏBİB-dən məlumat verilib.

    Bildirilib ki, dərhal hadisə yerinə briqada cəlb olunub.

    Metropoliten əməkdaşları tərəfindən ilkin yardım göstərildikdən sonra təcili tibbi yardım briqadasının əməkdaşları 36-37 həftəlik hamiləliyi olan şəxsə zəruri tibbi xidmətlər göstərərək doğuşu nəzarətə götürüb. Çəkisi 2,200 qram olan oğlan uşağı dünyaya gəlib.

    Daha sonra ana və körpə Respublika Klinik Xəstəxanasına hospitalizasiya olunub. Hazırda hər ikisinin vəziyyəti stabil qiymətləndirilir.