XƏBƏRLƏR / Müttəfiq

Bakıda “Özbəkistan” parkının təməli qoyulub

YENİLƏNİB

Bakıda “Özbəkistan” parkının təməli qoyulub
  • Oxuma müddəti:

    2 dəqiqə

  • 18:57

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev iyulun 2-də Bakıda “Özbəkistan” parkının təməlini qoyublar.

    “Özbəkistan” parkı böyükmiqyaslı mədəni-rekreasiya layihəsidir. Burada Özbəkistanın, o cümlədən Daşkənd, Səmərqənd, Buxara, Xivə və Kokand regionlarının zəngin tarixini, memarlığını və mədəniyyətini əks etdirəcək nadir mühit yaradılacaq. Sahəsi 5 hektar olacaq park Özbəkistanın xəritəsi formasında salınacaq. Burada muzey, kinoteatr, amfiteatr, qüllə, Özbəkistanın milli mətbəx nümunələrinin təqdim olunacağı restoran və kafelər, ticarət zonası, suvenir və hədiyyələr mağazaları, zoopark, mehmanxana da fəaliyyət göstərəcək. Parkın əsas obyektləri Buxara, Səmərqənd və Xivədəki memarlıq nümunələri olacaq.

    Qeyd edək ki, paytaxtdakı Ağ Şəhərdə salınacaq bu park Azərbaycan və Özbəkistan dövlətləri və xalqları arasında tarixən mövcud olan qardaşlığın, dostluğun rəmzidir. Bu parkın salınması ilə xalqlarımızın mədəni əlaqələri daha da möhkəmlənəcək.


    ***
    Sonra Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev “Bakı Ağ Şəhər”də olublar.

    ***

    13:59

    Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycana dövlət səfəri çərçivəsində Bakıda "Özbəkistan" parkını açacaq.

    Bu barədə Özbəkistan Prezidentinin mətbuat katibi Şerzod Asadov sosial şəbəkələrdə məlumat verib.

    "Prezident Şavkat Mirziyoyev Azərbaycana dövlət səfərinə başlayıb. Səfər çərçivəsində dövlət başçımız Bakı, Xankəndi, Şuşa və Ağdam şəhərlərinə səfər edəcək", - məlumatda deyilir.

    Onun sözlərinə görə, bu gün Bakıda Azərbaycan və Özbəkistan liderləri Ali Dövlətlərarası Şuranın ikinci iclasını keçirəcək, həmçinin "Özbəkistan" parkının təməlini qoyacaq və Özbəkistanın Bakıdakı səfirliyinin yeni binasını açacaqlar.

    "Sabah prezidentlər Şavkat Mirziyoyev və İlham Əliyev Azərbaycanın Qarabağ regionunda ünsiyyətlərini davam etdirəcəklər, burada Xankəndidəki birgə tikiş fabrikinə və Ağdam şəhərindəki "İmarət" tarixi-memarlıq kompleksinə baş çəkəcəklər. Səfərə hazırlıq çərçivəsində sənaye əməkdaşlığı üzrə böyük bir sazişlər paketi formalaşdırılıb", - deyə o əlavə edib.