BLOQ

Misirdə "Sülh Sammiti"

Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin təhlili

Misirdə "Sülh Sammiti"
  • Oxuma müddəti:

    4 dəqiqə

  • Azərbaycan Prezidenti İlham Əliyev Misirdə keçirilən "Sülh Sammiti"ndə iştirak edir. Sammit ABŞ və Misir prezidentləri tərəfindən təşkil edilib. Bu, Prezident Trampın Qəzzada sülh planının tərkib hissəsi və gələcək Yaxın Şərqin təməlinin atıldığı bir tədbirdir.

    İştirakçılar arasında aparıcı Yaxın Şərq dövlətlərinin rəhbərləri, ABŞ Prezidenti, Aİ Şurasının rəhbəri, Almaniya kansleri, Azərbaycan və Ermənistan rəhbərləri də var.

    Beləliklə də, biz nə görürük və Azərbaycanla Ermənistan niyə buradadır?

    Qəzza sektorundakı vəziyyət regionda yeni konfiqurasiyanın yaradılmasını zəruri edib. İsrailin Qətərə hücumlarından sonra ABŞ üçün Yaxın Şərq ölkələrinin etimadını bərpa etmək vacibdir. Trampın Qəzza sülh planı əlaqələrin bərpası üçün əsasdır. BMT Baş Assambleyası çərçivəsində ABŞ-də region dövlətlərinin rəhbərləri ilə görüş keçirilib. Cari sammit ABŞ-nin regional gündəliyinin müəyyən edilməsində həlledici əhəmiyyət kəsb edir.

    ABŞ burada İsrailin əvəzinə çıxış edir və yəhudi dövlətinin maraqlarını müdafiə edir. Prinsipcə, ərəb monarxiyaları buna qarşı deyil. Lakin İsrail hökumətinın hərəkətləri proqnozlaşdırıla bilən deyil və burada ABŞ-nin zəmanətləri vacibdir.

    Qəzzanın gələcəyinə görə məsuliyyət

    Burada ən sadə məsələ maliyyə məsələsidir və bu resurs mövcuddur.

    Təşkilati məsələlər və hüquq-mühafizə təminatı isə müvafiq işlərin bilavasitə yerdə aparılmasını nəzərdə tutur. Belə olan halda nəzərlər Türkiyəyə və Misirə çevrilir.

    Azərbaycan və Ermənistan

    "Sülh Sammiti"nə dəvət etməklə ABŞ Azərbaycanı və Ermənistanı Yaxın Şərqin bir hissəsi kimi gördüyünü göstərir.

    Azərbaycan artıq buna hazırlaşıb:

    - Regionun əsas oyunçularından biri olan Türkiyə ilə müttəfiqlik əlaqəsi;

    - İsraillə strateji tərəfdaşlıq. İsraildəki rəhbərlikdən asılı olmayaraq, Qəzza müharibəsindən, Livan və İrana zərbələrdən sonra İsrail regionun hegemon dövlətlərindən biridir. Sammit iştirakçıları arasında ABŞ-dən sonra məhz Azərbaycan İsraillə etimada əsaslanan və praqmatik münasibətlərə malikdir;

    - Azərbaycan artıq Suriyada mövcuddur, bu ölkədə sabitliyin bərpası və Suriyanın inkişafında öz iştirakını genişləndirməyə çalışır. Bunda ABŞ də maraqlıdır;

    - Azərbaycan İsraillə Suriya, Türkiyə ilə İsrail arasında danışıqlar platforması rolunu oynayır;

    - İsraillə yanaşı, Azərbaycan rəhbərinə ərəb dünyasında, xüsusilə Körfəz monarxiyalarında da etibar edirlər;

    Ermənistan isə sammitdə xüsusilə mövqeyini möhkəmlətməyə çalışmadan öz yerini axtarır. Ermənistanın resursu regiondakı ermənilər və ABŞ-nin maraqlarıdır. Paşinyan Trampa “yox” deyə bilməz. Sammit Paşinyan üçün Tramp administrasiyasının Ermənistana olan marağını bir daha təsdiqləmək və münasibətlərdə əlavə dəyər formalaşdırmaq baxımından bir fürsətdir.

    Geosiyasi kimlik halqası qapanır

    Azərbaycan Prezidenti İlham Əliyevin köməkçisi Hikmət Hacıyev bu yaxınlarda geosiyasi identiklik kontekstində Azərbaycan dövlət başçısının iştirak etdiyi sammitləri sadalayıb.

    Avropa Siyasi Birliyi, Türk Dövlətləri Təşkilatının sammiti və MDB sammiti. Bu halqa Misirdəki "Sülh Sammiti" ilə qapanır, burada iştirak meyarı coğrafi və dini mənsubiyyətdir. Azərbaycan məhz budur - çoxtəbəqəli, çoxsəviyyəli geosiyasi kimlik. Bu, ölkəmizə özünü eyni zamanda müxtəlif coğrafiyalara aid etməyə imkan verir. Bu iş çox mürəkkəbdir və maksimum gərginlik tələb edir. Azərbaycan bu çağırışı qəbul edir, çünki kənarda qalmaq qeyri-mümkün və təhlükəlidir. Azərbaycan bu platformalarda iştirak edir və resurslar formalaşdırır.

    Azərbaycan xarici siyasətinin konstruktiv praqmatizmi öz bəhrəsini verir və daha uzun müddət dövlətin maraqlarına xidmət edəcək. Əsas olan, boş dayanmamaqdır. Axı bu areallarda həm imkanlar, həm də risklər formalaşır. Risklərin təsirini minimuma endirmək və bəzən özümüzün formalaşdırmalı olduğumuz imkanlardan maksimum istifadə etmək vacibdir.