Səfər qabağı Məhəmməd Əmin Rəsulzadənin qarşıdakı (2024-cü il) 140 illik yubileyinə hazırlıqla bağlı Moskvada söhbətlərimin olacağını bilirdim. Bu görüş və tədbirlər bütün gözləntilərimi keçdi.
Ən əvvəl rusiyalı tarixçi alim Salavat İsxakov haqqında. Bu ad çoxlarına artıq tanış olmalıdır. Mərhum Ustadımız Ramiz Abutalıbovun vəfatının bir ili münasibətilə 31 yanvar tarixli yazımda Cümhuriyyət xadimlərimizin yazılı irsinin (Topçubaşovun Paris arxivindən) nəşr edilməsində müstəsna xidmətləri olan Salavat İsxakovla Ramiz müəllim arasında məhz Rəsulzadəyə münasibətlə bağlı yaranmış münaqişədən söhbət açmışdım. Sonradan Salavat “I Beynəlxalq Rəsulzadə qiraətləri” konfransında (2020-ci il) iştirak etdi və Rəsulzadə haqqında bir məqaləsi də eyni adlı toplumda dərc olundu. Təbii ki, İsxakov “II Beynəlxalq Rəsulzadə qiraətləri”ndə də iştirak etməyi arzulayırdı və elə Moskva səfərim qabağı mənə artıq iki hazır məqalə göndərmişdi. Məhəmməd Əmin bəyin 1930-cu illər siyasi mühacirət dövrü əsərləri və “Müsavat” partiyasının II qurultayının materialları əsasında yazılmış “Rəsulzadə Azərbaycanın gələcəyi haqqında” adlı olduqca maraqlı məqalə bu nəhəng siyasi xadimin Azərbaycanın yenidən müstəqilliyə nail olacağı və dövlətçilik kimi hansı inkişaf yolunu tutacağı haqda böyük uzaqgörənliyinin təsdiqi kimi qiymətləndirilə bilər.
Salavata ikinci məqalənin mövzusunu isə mən özüm sifariş etmişdim. Belə ki, Cümhuriyyət tarixi, o cümlədən Rəsulzadənin həyat-fəaliyyətinin tədqiqində olan bəzi boşluqları doldurmaq üçün müəlliflərimizə əvvəldən müəyyən mövzular təklif etmək təcrübəsini sınaqdan keçirmişəm və nəticələri də vardır. Bu baxımdan, İsxakovun Moskvada yaşadığı və Rusiya arxivlərinin ən dərin bilicisi olduğunu nəzərə alaraq ondan “II Qiraətlər” üçün daha bir yazı – Rəsulzadənin həyatının demək olar ki, araşdırılmamış zaman kəsiyi – 1920-1922-ci illər Moskva dövrü haqda tədqiqat aparmasını xahiş etmişdim. İndi belə bir tədqiqat vardır! Bu məqalə ilk dəfə “II Rəsulzadə qiraətləri” toplusunda dərc olunacağı üçün təfərrüatlara getmirəm. Amma Salavat İsxakovun həqiqətən ciddi tarixçi, özü də arxivist-tarixçi kimi yüksək elmi səviyyəsinin məhsulu olan bu yazıdan ən mühüm iki məqamı hər halda qabartmaqdan özümü saxlaya bilmirəm.
Son dərəcə mürəkkəb bir siyasi durumda Rəsulzadə məhz milli lider kimi öz prinsiplərini qorumağa nail olub! Ona təklif edilən bütün yüksək ad və vəzifələrdən imtina edib, maddi vəziyyətini yaxşılaşdırmaq üçün ən münasib şərtlərə belə - hər bir məqalə üçün maaşından artıq qonorar almağa - getməyib, təklif olunan mövzularda heç nə yazmayıb, mövcud şərtlər daxilində iş yerlərini tez-tez dəyişib və... öz amalına sadiq qalıb! Salavat İsxakov onun bütün bu müddət ərzində işlədiyi “Жизнь национальностей” qəzetinə cəmi bir məqalə yazdığını müəyyən edib və bu yazını da taparaq öz məqaləsinə əlavə kimi verib. Eləcə də, 1922-ci ilin yayında Finlyandiyaya qaçmağa nail olmuş Rəsulzadə elə həmin yay Fin mətbuatında İsveç dilində Azərbaycanın milli mücadilə yolu barədə məqalə çap etdirib! Salavat İsxakov bu məqaləni də tapıb və təqdim edib. Həmkarımıza sonsuz təşəkkürlər!
İkinci mühüm məqam – S.İsxakov Rəsulzadənin Moskvada yaşadığı iki ünvanı dəqiqləşdirib, onlardan daha mühüm olan bir binadakı mənzili haqqında maraqlı təfərrüatlar gətirib. Burada bir haşiyə çıxım ki, bu informasiyanı Moskvada görüşdüyüm soydaşlarımla bölüşərkən ayrı-ayrı dostlarımız, hamısı, bir-birindən xəbərsiz və bəzən öz aralarında tanış olmadan - bir də vurğulayıram: HAMISI – və dərhal belə bir təklif irəli sürdülər ki, bu haqda kiçik bir arayış hazırlansın və Bizim Moskvada yaşayan Azərbaycanlı İcması – diaspora və s. olmaqla, həmin binanın qarşısına Rəsulzadənin filan illərdə bu binada yaşadığını əks etdirən xatirə lövhəsi vurulması barədə Moskva Meriyasına müraciət etsin!
Bu təşəbbüsə mənim reaksiyamı təsəvvür etməyi sizin öhdənizə buraxıram. Alınacaqmı ? Bilmirəm. Amma müzakirələr gedir, kimlərin bu işdə daha sözükeçərli olacağı müəyyənləşdirilir, koordinasiya işləri görülür. Düşünürəm ki, alınmasa belə (?!) təşəbbüs və bu sahədə atılacaq əməli addımlar özlüyündə artıq alqışa layiqdir, istənilən halda yerli hakimiyyətin diqqətini cəlb edəcək. Və Moskvadakı həmvətənlərimizin Rəsulzadə sevgisinin və dəyərinin danılmaz təsdiqi kimi artıq qiymətlidir. Adlarınızı çəkmədən Hamınıza təşəkkürlər və uğurlar!
Bu sıradan başqa bir tədbir və onun iştirakçıları barədə də ayrıca danışmaq istərdim. Moskva səfəri qabağı Heydər Əliyev Fondunun Moskvadakı nümayəndəliyi, şəxsən çox hörmətli Tamilla xanım Əhmədova ilə Moskvadakı azərbaycanlı gənclər qarşısında Cümhuriyyət tarixi, konkret olaraq onun “Azərbaycan” adlandırılması haqda məruzə etmək təklifi razılaşdırılmışdı. Martın 24-də Moskvada M.İ.Rudomino adına məşhur Xarici Ədəbiyyat Kitabxanasının binasında Azərbaycan Mədəniyyət Mərkəzinin zalında keçirilən bu tədbirə əsasən Rusiyada Azərbaycanlı Gənclər Təşkilatının (rəhbəri Ceyhun Hüseynov) üzvləri olan tələbə və aspirant gənclər, eləcə də digər diaspora təşkilatlarından nümayəndələr, ziyalılar toplaşmışdı. Mövzu üzrə hazırladığım təqdimat əsasında artıq dəfələrlə etdiyim bu məruzənin auditoriyaya, xüsusilə gənclərə necə təsir etdiyinin çox şahidi olmuşam. Bu dəfə də eyni maraq, gözlərdə eyni atəş, həyəcan, gərginlik... Azərbaycan ziyalılarının bu adı Arazın şimal sahillərinə, rus quberniyaları kimi şəhər adları ilə bölünmüş Azərbaycan torpaqlarına gətirmək, bu ərazilərdə yaşayan xalqın adına, dilinə, mətbuatına şamil etmək və nəhayət qurduqları dövlətə vermək yolunda çəkdikləri zəhmət, keçdikləri ağır yol haqqında hekayət yenə də heç kəsi laqeyd qoymur.
Auditoriyanın hədsiz diqqətini görərək məruzəmin sonunda əsas niyyətimi açıqlayıram. Rəsulzadənin 1917-1918-ci illərdə artıq Azərbaycan milli və dövlətçilik hərəkatının lideri mövqeyinə keçdiyinə dair nümunələr gətirməklə, gələn il Azərbaycan Cümhuriyyətin qurucusu və ilk dövlət başçısı M.Ə.Rəsulzadənin 140 illik yubileyi qarşısında “II Beynəlxalq Rəsulzadə qiraətləri” proyekti haqda söhbət açıram. Rəsulzadənin bütün yaradıcılığı və həyatı boyu Azərbaycan gəncliyinə nə qədər önəm verdiyindən, bu gəncliyə etdiyi Müraciətlərdən, Azərbaycanın müstəqilliyini məhz “Siyavuşun böyümüş oğlunun” bərpa edəcəyinə inamından danışıram. “I Rəsulzadə Qiraətləri” kitabına və bu topluda gənc tədqiqatçı-jurnalist Nicat İsmayılovun “Rəsulzadə və Azərbaycan gəncliyi” adlı çox maraqlı və məzmunlu məqaləsinə istinadlar edirəm. Məhz bu yazının “II Rəsulzadə Qiraətləri” toplusunda həmin başlıqla artıq ayrıca fəsil açmaq ideyası verdiyini vurğulayıram. Və qarşımdakı gənclərə Rəsulzadə haqqında nə düşündükləri, onu necə tanıdıqları, necə dəyərləndirdikləri, hansı əsərlərini oxuduqları və s. haqda 1 -1,5 səhifəlik esse yazmalarını təklif edirəm. Təklifim böyük maraq və rəğbət doğurur. Belə ki, məruzədən sonra mənə yaxınlaşan gənclərin sualları, bəzi məqamları aydınlaşdırmaq cəhdləri onların bu işi həvəslə görmək istəklərini açıq büruzə verir. Bu esselərin elmi-tarixi bir kitabda dərc olunacağı və hər kəsin gənclik bioqrafiyasının bir hissəsinə çevriləcəyini vurğulamağım təklifimin təsir qüvvəsini daha da artırır. Əgər bu 25-30 gəncdən 2-3 nəfəri belə həmin esseni yazarsa bunu, artıq məqsədə çatdığımın təsdiqi saya bilərəm. Belə ki, bu təkliflə hələ digər xarici ölkələrdə, eləcə də Vətəndə yaşayan gənclərmizə də müraciət etmək niyyətimiz vardır.
Bu təklifi sizlərə də ünvanlayıram, əziz gənc oxucularım!
Rəsulzadə haqqında düşüncələrinizi, fikirlərinizi kiçik bir esse-yazıda bölüşün.
Rəsulzadə başda olmaqla Cümhuriyyət qurucularının yaratdıqları Dövlət sizin dövlətinizdir, onların Azərbaycan dövlətçiliyinin qayəsinə, əsasına qoyduğu dəyərlər - Müstəqillik, Demokratiya, Bərabərlik, Ədalət - harada yaşamağınızdan asılı olmayaraq bu gün siz Gəncliyin üstünlük verdiyiniz yaşam prinsipləridir.
M.Ə.Rəsulzadənin qarşıdakı yubileyinə elliklə hazırlaşmalıyıq. Bu Böyük Şəxsiyyətə olan borcumuzu birlikdə qaytarmalıyıq!