XƏBƏRLƏR / Yaddaş

Moskvada Heydər Əliyevin heykəli qoyulacaq

Abidə Azərbaycanın Rusiyadakı səfirliyinin yanındakı Nizami Gəncəvinin heykəli olan parkda qoyulacaq

Moskvada Heydər Əliyevin heykəli qoyulacaq
  • Oxuma müddəti:

    2 dəqiqə

  • Rusiya paytaxtında Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin abidəsi qoyulacaq.

    Heydər Əliyevin abidəsi Azərbaycanın Rusiyadakı səfirliyinin yanındakı Nizami Gəncəvinin heykəli olan parkda qoyulacaq.

    Bu gün həmin parkda Heydər Əliyevin abidəsinin təməli qoyulub. Təməlqoyma mərasimində Moskva meri Sergey Sobyanin, Rusiya baş nazirinin müavini Vitali Savelyev, Rusiya Dəmir Yollarının rəhbəri Oleq Belozerov, Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev və digər rəsmi şəxslər iştirak ediblər.

    Abidənin qoyulmasının təşəbbüskarları Heydər Əliyevin rəhbərliyi ilə işləmiş Baykal-Amur Magistralının (BAM) tikintisinin veteranları olub.

    Mərasimdə çıxır edən Moskva meri ötən il Rusiyada Sovet İttifaqının ən iddialı tikinti layihələrindən biri olan və bu günə qədər Rusiya Federasiyasının iqtisadiyyatında böyük rol oynayan BAM-ın tikintisinin başlanmasının 50 illiyini qeyd etdiyini xatırladıb. Bildirib ki, bu il BAM inşaatçıları ictimaiyyəti bu tikintinin əsas təşkilatçılarından biri olan Heydər Əliyevin abidəsinin ucaldılması ilə bağlı müraciət edib. “Rusiya Federasiyası Hökuməti və Rusiya Dəmir Yolları bu xahişi fəal dəstəkləyiblər. Moskva Şəhər Dumasının komissiyası bu xahişi dəstəkləmək qərarı verib. Bu gün mən burada, Azərbaycan səfirliyinin yanındakı parkda Heydər Əliyevin abidəsinin ucaldılması haqqında sərəncam imzaladım”, - deyə Sobyanin bildirib.

    Rusiya baş nazirinin müavini Vitali Savelyev isə çıxışında Heydər Əliyevin adının BAM-ın yaranması tarixinə qızıl hərflərlə yazıldığını söyləyib. Vurğulayıb ki, Heydər Əliyev nəinki SSRİ Nazirlər Sovetinin tapşırığı ilə bu tikintiyə rəhbərlik edib, o, bu tikinti ilə yaşayıb.

    “Biz öyrənirik, sələflərimizin xatirəsini ehtiramla yad edirik, Heydər Əliyevə çox minnətdarıq, hətta onu öz dəmiryolçumuz hesab edirik, çünki o, bu layihəyə çox vaxt ayırıb”, - deyə Rusiya Dəmir Yollarının İdarə Heyətinin sədri Oleq Belozerov çıxışında bildirib.

    Onun sözlərinə görə, bu obyektin tikintisində iştirak edən insanların peyğəmbərlik və strateji baxışı var idi, çünki BAM olmadan hazırda şərqə yük daşımaq mümkün deyil.

    Mərasimdə çıxış edən səfir Rəhman Mustafayev bu gün təməli qoyulan abidənin təkcə Heydər Əliyevin deyil, həm də böyük ölçüdə Azərbaycan-Rusiya dostluğunun abidəsi olduğunu söyləyib.