MSK daha beş məntəqənin nəticələrini ləğv etdi YENİLƏNİB
Deputatlığa namizədlər MSK-ya müraciət edib
18:04
Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında növbədənkənar parlament seçkiləri ilə əlaqədar 86 saylı Ağcabədi Seçki Dairəsindən Ağ Partiyanın namizədi Cavid Hacıbəylinin müraciətlərinə baxılıb.
Müraciət üzrə 7 saylı seçki məntəqəsində səsvermənin nəticələri etibarsız sayılıb.
7 saylı seçki məntəqəsi istisna ilə, DSK-nın qərarı qüvvədə saxlanılıb.
***
Sentyabrın 1-də keçirilmiş növbədənkənar parlament seçkilərində 97 saylı Tərtər-Ağdərə-Goranboy Seçki Dairəsinin bəzi seçki məntəqələrində pozuntular qeydə alınıb.
Bununla bağlı məsələ Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında müzakirə edilib.
MSK-nın və Ekspert qrupunun üzvü Baxşeyiş Əsgərovun təqdimatına əsasən, deputatlığa namizəd Məcidzadə Şəhriyar Sərdar oğlu MSK-ya müraciət edərək 17 seçki məntəqəsində səsvermə günü qanun pozuntularının baş verdiyini iddia edib.
"Namizədin təqdim etdiyi və sosial şəbəkələrdə yayılan görüntülərə baxılıb. Araşdırmanın nəticəsində məlum olub ki, dairənin 3, 4 və 18 saylı seçki məntəqələri istisna olmaqla digər məntəqələrdəki pozuntular təsdiqini tapmayıb. Nəticələri ləğv edilən seçki məntəqələrinin sayı qanunvericilikdə nəzərdə tutulandan az olduğuna görə dairənin ümumi nəticələrinin ləğv edilməsinə əsas yaranmayıb", - B.Əsgərov qeyd edib.
***
Mərkəzi Seçki Komissiyası (MSK) 21 saylı Nəsimi-Binəqədi seçki dairəsi üzrə 30 saylı seçki məntəqəsinin nəticələrinin ləğv edilməsi barədə qərar verib. Nəsimi-Binəqədi seçki dairəsi üzrə Müsavat Partiyasından qeydə alınmış namizəd Gülağa Aslanlının müraciəti qismən qəbul edilib.
Bunu MSK-nın sentyabrın 13-də keçirilən iclasında Komissiya üzvü İlkin Şahbazov deyib.
O bildirib ki, Gülağa Aslanlı MSK-ya müraciət edərək namizəd olduğu dairə üzrə seçki prosesində pozuntularla əlaqədar məlumat verib.
İ.Şahbazovun sözlərinə görə, araşdırma aparılıb və müəyyən edilib ki, 21 saylı Nəsimi-Binəqədi seçki dairəsi üzrə 30 saylı seçki məntəqəsində çatışmazlıqlar var.
Buna görə də 30 saylı məntəqənin nəticələrinin ləğv edilməsi barədə qərar qəbul olunub.