Müsavat Partiyasının başqanı Arif Hacılının oğlu saxlanılıb
Səbəb yol-nəqliyyat hadisəsi ilə bağlıdır VİDEO
Müsavat Partiyasının başqanı Arif Hacılının oğlu Orxan Hacılı saxlanılıb.
Bu barədə "Turan"a A.Hacılı özü məlumat verib.
Onun sözlərinə görə, oğlunun iştirakı ilə 20 gün əvvəl avtoqəza baş verib: "Bu müddət ərzində müxtəlif mənbələrdən bizə gələn məlumata görə həmin qəza zamanı digər maşında olan sürücünün xəsarət alması ilə əlaqədar sənədləşməni aparmaq cəhdlər olub, amma o müayinədən keçdikdən sonra heç bir xəsarəti olmadığı məlum olub. Həmin sürücü də Orxana qarşı hər hansı bir şikayətin olmadığını bildirib".
A.Hacılı qeyd edib ki, belə olan halda bu məsələ ilə əlaqədar tədqiqat qanuna görə bağlanmalıdır: "Ancaq üzərindən 20 gün keçdikdən sonra birdən birə oğlumu Yasamal Rayon Polis İdarəsinə dəvət ediblər və bildiriblər ki, hansısa başqa bir şəxs maşınlar toqquşarkən oradan keçirdi, o güya xəsarət alıb və şikayət edib".
Müsavat başqanın sözlərinə görə, yayılan video görüntülərdən da görünür ki, hadisə yerində başqa heç kim yoxdur: "Əgər orada kimsə olsaydı ora gələnlər də onu görərdilər, bu barədə mətbuata məlumat verənlər yəqin ki, orada kiminsə xəsarət aldığı barədə informasiya yayardılar. Açıq aydın görünür ki, bu tamamilə uydurulmuş bir işdir və konkret olaraq burada siyasi məqsədin olduğu aydın şəkildə görünür".
A.Hacılı əlavə edib ki, oğlu 48 saatlıq şübhəli şəxs qismində saxlanılıb.
Daxili İşlər Nazirliyindən "Turan"a bildirilib ki, məsələ ilə bağlı məlumat veriləcək.
Oktyabrın 20-də Bakının Yasamal rayonunda Arif Hacılının oğlu Orxan Hacılının qəza törətdiyini əks etdirən görüntü yayılmışdı. Hadisənin isə oktyabrın 11-də baş verdiyi deyilir.