Nepal-Çin sərhədində daşqında ölənlərin sayı 332-yə çatıb
800 xarici turist itkin düşüb FOTO / VİDEO / YENİLƏNİB
15:35
Nepal-Çin sərhədində baş verən daşqın və torpaq sürüşməsində ölənlərin sayı 332 nəfərə yüksəlib.
BBC-nin xəbərinə görə, 900 nəfərdən çox şəxs itkin düşüb və axtarış-xilasetmə tədbirləri davam etdirilir.
***
13:57
Nepalda Bxote Koşi və Trişuli çaylarında baş verən daşqınlardan sonra azı 270 nəfər ölüb, 800-dən çox insan itkin düşmüş hesab olunur.
Bu barədə "Reuters" agentliyi yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.


Qeyd olunub ki, itkin düşmüş 100-ə yaxın Hindistan vətəndaşı artıq tapılıb.
***
13:35
Nepalda baş verən dağıdıcı daşqın nəticəsində 800-dən çoxu xarici turist olmaqla, təxminən 1500 nəfər itkin düşüb.
162 nəfərin həlak olduğu bildirilir.
İnfrastruktur naziri Sunil Lamsalın məlumatına görə, ölkənin infrastrukturuna təxminən 1,3 milyard dollar məbləğində ziyan dəyib.
Xilasetmə əməliyyatına 5 mindən çox hərbçi və polis cəlb olunub. Nepal ordusunun mətbuat katibi Raca Ram Basnetin sözlərinə görə, onlar 20-si xarici vətəndaş olmaqla, 125 nəfəri xilas ediblər. O bildirib ki, ən çox zərər çəkmiş ərazilərə helikopterlərlə çadırlar, ərzaq və digər zəruri əşyalar atılıb.
Çinin Nepaldəki səfiri “X” platformasında qeyd edib ki, ölkə Nepala təcili yardım və maliyyə vəsaitlərinin çatdırılmasını koordinasiya edir.
Avropa Komissiyasının sədri Ursula fon der Lyayen “X” platformasında bildirib ki, Avropa İttifaqı əlavə yardımlar səfərbər etməyə hazırdır.
Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası daşqının nəticələrinin aradan qaldırılması istiqamətində Nepal Qızıl Xaç Cəmiyyətinin fəaliyyətinə dəstək göstərmək üçün 1,24 milyon dollar məbləğində təcili yardım ayırır.
“ABŞ təbii fəlakətlərə cavab tədbirləri üzrə məsləhətçi göndərir və 500 min dollar ayırır”, - deyə Dövlət Departamenti bildirib.
Ümumdünya Səhiyyə Təşkilatı təcili yardım göstərilməsi üçün dərman preparatları və çoxməqsədli çadırlar da daxil olmaqla, zəruri tibbi ləvazimatlar göndərib.
Çərşənbə günü səhər Nepalda baş vermiş dağıdıcı daşqına səbəb olan qar və daş uçqunu 1 kilometrdən çox hündürlükdən vadiyə düşüb. “The New York Times” qəzeti geoloqların ilkin təhlilinə istinadən bu barədə yazıb.
Müşahidə kameralarının sosial şəbəkələrdə yayılan görüntülərində nəhəng su axınının tikililəri, yaşayış evlərini və körpüləri dağıtdığı, fəlakətdən qaçan insanları yaxaladığı əks olunub.
***
09:22
Nepalda baş verən dağıdıcı daşqın nəticəsində həlak olanların sayı 162 nəfərə çatıb.
Fəlakət zonasından 116 nəfər helikopterlərlə təxliyə edilib.
579 turist itkin düşüb. Onların 400-dən çoxunun xarici ölkə vətəndaşları olduğu bildirilir.
Nepalın turizm rəsmiləri itkin düşən turistlərin müxtəlif ölkələrin vətəndaşları olduğunu açıqlayıblar.
Məlumata görə, Hindistanın 130-133, Avstraliyanın 34, ABŞ-ın ən azı 47, Böyük Britaniyanın 33 və Kanadanın 24 vətəndaşının itkin düşdüyü bildirilir.
Malayziyanın Nepalda fəaliyyət göstərən səfirliyi isə fəlakət zonasındakı ən azı 11 vətəndaşı ilə əlaqənin kəsildiyini açıqlayıb.
Cənubi Koreyanın Xarici İşlər Nazirliyinin məlumatına görə, su elektrik stansiyasında çalışan 9 Cənubi Koreya vətəndaşı itkin düşüb, daha 10 nəfər isə hadisə yerində mühasirədə qalıb.
Yaponiyanın Baş naziri Sanae Takaichi bildirib ki, ölkənin Nepalda fəaliyyət göstərən səfirliyi beş Yaponiya vətəndaşı ilə əlaqə yarada bilməyib və onların axtarışının aparılması üçün müraciət edib.
Hazırda itkin düşənlərin müəyyənləşdirilməsi və axtarış-xilasetmə tədbirləri davam etdirilir.
***
26 avqust 2026-cı il
18:31
Nepalda baş verən daşqında ölənlərin sayı 95 nəfərə çatıb.
Bu barədə BBC xəbər yayıb.
403 nəfərin itkin düşdüyü bildirilir, onlardan 341 nəfəri xarici vətəndaşdır.
***
17:45
Nepalın infrastruktur naziri Sunil Lamsalın sözlərinə görə, daşqınlar Nepal infrastrukturuna 1,3 milyard dollar ziyan vurub.
Əsas ziyan yollara və körpülərə dəyib, fəlakət nəticəsində ən azı 22 beton və beş metal körpü dağılıb.
***
16:00
Nepal-Tibet sərhədində şiddətli daşqınlar baş verib, nəticədə ən azı 31 nəfər ölüb.
VİDEO
Nepal Turizm Şurasının məlumatına görə, fəlakət bölgəsində təxminən 400 turistlə (onlardan təxminən 290-ı ABŞ, Böyük Britaniya, Hindistan və digər ölkələrdən olan əcnəbilərdir) əlaqə kəsilib.

Daşqın suları təxminən 1000 nəfəri apara bilərdi.
Çin tərəfində sərhədə aparan yollar bağlanıb. Si Cinpin tammiqyaslı xilasetmə əməliyyatı keçirilməsini əmr edib.

Azərbaycan səfirliyində xəsarət alan vətəndaşlar barədə heç bir məlumat daxil olmayıb.
5 dəqiqə