Olimpiadada 1-ci yer tutan idmançılara 600 min manat mükafat
Azərbaycan Paris Olimpiadasında yeddi medal qazanıb
Prezident İlham Əliyev “Fransanın Paris şəhərində keçirilən XXXIII Yay Olimpiya Oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, birinci yeri tutan hər bir idmançıya altı yüz min manat, onun məşqçisinə üç yüz min manat, ikinci yeri tutan hər bir idmançıya üç yüz min manat, onun məşqçisinə yüz əlli min manat, üçüncü yeri tutan hər bir idmançıya yüz əlli min manat, onun məşqçisinə isə yetmiş beş min manat mükafat müəyyən edilib.
Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Qeyd edək ki, "Paris-2024" Yay Olimpiya Oyunlarında 15 idman növü üzrə 48 idmançı ilə təmsil olunan Azərbaycan 7 medal qazanıb. Azərbaycan komandasının heyətində cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, taekvondoçu Qaşım Maqomedov (58 kiloqram) və boksçu Alfonso Dominqes (92 kiloqram) gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kiloqram), sərbəst güləşçilər Maqomedxan Maqomedov (97 kiloqram) və Giorgi Meşvildişvili (125 kiloqram) isə bürünc medala sahib çıxıblar. Ölkəmiz medal sıralamasında Xorvatiya ilə birlikdə 30-31-ci yerləri bölüşdürüb.