Prezident Patruşevi qəbul etdi YENİLƏNİB
Rusiya Təhlükəsizlik Şurasının katibi Bakıda səfərdədir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 10-da Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevi qəbul edib.
İlham Əliyev Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında Qarşılıqlı Əməkdaşlıq Bəyannaməsinin imzalanmasından sonra ikitərəfli münasibətlərimizin əsl müttəfiqlik xarakterini nümayiş etdirdiyini deyib və bunun bütün sahələrdə özünü büruzə verdiyini vurğulayıb.
Azərbaycan Prezidenti regional təhlükəsizlik, iqtisadi əlaqələr, nəqliyyat və digər sahələrdə əməkdaşlığımızın bundan sonra da möhkəmlənəcəyinə əminliyini bildirdi.
Görüşdə qlobal və regional problemlər, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq ətrafında fikir mübadiləsi aparılıb, regional əməkdaşlıq məsələləri müzakirə olunub.
İlham Əliyev regional məsələlərin “3+3” formatında region ölkələrinin iştirakı ilə həllinin vacibliyini vurğuladı və bu formatda müvafiq səviyyələrdə görüşlərin keçirilməsini qeyd etdi.
Söhbət zamanı Azərbaycan, Rusiya və İran arasında Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı istiqamətində əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb.