ÖLÜM, XANIMDAN İCAZƏ ALDINIZMI?

...Deyəsən yenə də mübahisəni Siz qazandınız...

  • Oxuma müddəti:

    6 dəqiqə

  • I. Nekroloqun qrammatikası

    Noyabrın 25-də əziz dostum, Azərbaycan aristokratiyasının son dayaqlarından olan Elmira Şabanova bu dünyaya artıq güc gətirə bilmədi. Yerli saytlar bu xəbəri "ağır itki" adlandırdı və bu, onların bu il yazdığı ən dəqiq cümlə idi. Amma Elmira xanım bu yazıları oxusaydı, o, əvvəlcə vergülləri sayardı, sonra eynəyini burnunun ucuna endirib soruşardı: "Ağır itki yazıblar. Bəs yüngül itki necə olur, əzizim? Adamı itirəndə tərəzidə çəkirlər bəyəm?".

    Mən həmişəki kimi, yenə də Elmira xanımla mübahisə etmək istəyirəm - çünki gedən təkcə bir aktrisa deyil. Onunla birlikdə bir intonasiya, bir duruş, "bağışlayın, amma siz səhv edirsiniz" deməyin o nadir, kübar tərzi də getdi. Bu isə Azərbaycan üçün çox ağır, tiktonik itkidir.

    Ölüm qəfildən gəlib və məndən fərqli olraraq Elmira xanımla mübahisəyə girməyib. Girsəydi, uduzardı və onun razılığı olmadan belə bir qərarı qəbul edə bilməzdi...

    II. Qırxdan sonra başlanan hesab

    Elmira xanımın kinoya ilk addımı 1959-cu ildə Tofiq Tağızadənin "Əsl dost" filmində Leyla rolu oldu. Sonra "Səhər" filmində Sevda gəldi. Daha sonra əri, rejissor Rüfət Şabanov, qəti hökm verdi: əvvəl uşaqlar böyüsün, oxusun, tərbiyə alsın, kino sonra. Azərbaycan kinosu düz iyirmi il növbədə gözlədi. Amma Elmira xanımı gözləməyə dəyərdi və kino bunu bilirdi.

    "Yaradıcılığımla yalnız qırx yaşından sonra ciddi məşğul olmağa başladım", deyirdi. Çox xanım qırx yaşında illəri saymağı dayandırır. Elmira xanım isə əksinə, qırxında saymağa başladı, amma illəri yox, rolları. Anarın "Ötən ilin son gecəsi"ndə Həmidə, "Qəm pəncərəsi", "Təhminə"də Aliyə, "Gecə qatarında qətl"də oğlunu Əfqanıstandan gözləyən ana, "Zirzəmi", "Əlvida, cənub şəhəri", "40-cı qapı"da Fatma xala... Və nəhayət, "Ağabəyovlar".

    Otuz beş il, 1962-dən 1997-yə qədər İncəsənət İnstitutunda aktyor və rejissor ustalığından dərs, "Yox, əzizim, bir də" cümləsini dəfələrlə dedi. Yəni bu gün ekranda gördüyünüz aktyorların birinin səsində birdən kübar bir not eşitsəniz, bilin ki, o, Elmira xanımdan qalmış bir qəpikdir. Kiçik qəpik, amma qızıldan.

    Mənim öz ssenarimlə çəkdiyim "Ağabəyovlar" serialında o, Mina Soltan xanımı — Hüseyn bəyin qızını, Atakişiyevlər nəslinin ağayana başçısını, prototip olaraq mənim doğma nənəmi canlandırırdı. "Canlandırırdı" deyəndə özümü bir qədər narahat hiss edirəm. Çünki mən ssenaridə nənəmi yazmışdım, Elmira xanım isə çəkiliş meydançasına gəlib elə bil öz evində oturmuşdu. Elmira xanım nadir qadınlardan idi ki, aristokrat rolunu oynamır - yaşayırdı. Xatırlayırsınızsa, Mixail Bulqakovun bufetçisinə izah etmişdilər ki, nərə balığının ikinci təzəliyi olmur: təzəlik bir dənədir, o da birincidir. Elmira xanımın baxışında da eyni fəlsəfə vardı: tərbiyənin və qanın ikinci təzəliyi olmur - o ya var... ya yox. Hətta onun əlindəki əsa da ayrıca bir personaj idi. Başqa adamlar əsaya söykənirlər. Mina Soltan xanımın əlində isə əsa ona söykənirdi. Çəkiliş meydancasında və ümumiyyətlə həyatda Elmira xanımın cahilliyə münasibəti diplomatik deyildi. Savadsızlıqla danışıqlara getmir, nadanlıqla kompromisə razılaşmırdı. Mədəniyyətsizliyi isə, yəqin ki, qapıdan içəri buraxmazdan əvvəl ən azı ayaqqabısını çıxarmağa məcbur edərdi.

    III. "Əsgər"

    O, mənə "əsgər" deyirdi. Niyə, bilmirəm. Bəlkə ona görə ki, hər dərc olunmuş məqaləmdən sonra telefon zəng çalırdı, mən də əsgər kimi farağat dayanıb raport verirdim. Köhnə məktəbin adamı idi: müəllifin özünə zəng edər, fikrini birbaşa bildirərdi. Məqalələrimi məndən diqqətlə oxuyurdu: məndə olmayan vergülləri tapırdı, məndə olan fikirləri genişləndirirdi.

    Və hər dəfə eyni əmr: "Çingiz haqqında film çək. Onu yalnız sən çəkə bilərsən".

    Mən etiraz edirdim. Mübahisə edirdik: uzun, qızğın, Bakı ziyalılarına yaraşan şəkildə, sitatlarla, tarixlərlə, "siz məni başa düşmürsünüz" ilə. Və həmişə o qalib gəlirdi. Bunu etiraf etmək ayıb deyil: mən özüm ona uduzmaq istəyirdim. Elə ona görə mübahisə edirdim ki, o qalib gəlsin. Bəzi döyüşlər qələbə üçün yox, Elmira xanımın qələbəsinə tamaşa etmək üçün aparılır.

    Son məqalələrimdən sonra telefon zəng çalmadı. Mən gözlədim, əmr gözləyən əsgər kimi. Ağlıma gəlmədi ki, bu dəfə zəngi mən etməliyəm. Soxaya qalsın bu gündəlik qurtarmayan işləri... Bəzən adam bütöv bir xalqların tarixini araşdırmağa vaxt tapır, amma əziz bir insanın telefon nömrəsini yığmağa yox.

    IV. Yuxarıda, qapının ağzında

    İndi orada, yuxarıda, yəqin ki, belə bir səhnə gedir. Böyük qapının ağzında masa arxasında bir dəftərxana mələyi oturub siyahını yoxlayır. Elmira xanım yaxınlaşır, eynəyini düzəldir, siyahıya baxır və deyir:

    — Əzizim, adımı düz yazmısınız, bərəkAllah. Amma lövhənizdə "cənnət" sözü bir "n" ilə yazılıb.

    Əziz Elmira xanım!

    Sizinlə vidalaşmaq istəmirəm. Hər şey edəcəyəm, vAllah... Çingiz haqqında film də çəkəcəyəm. Zəng də vuracağam... Amma bizi başsız, sütünsüz, əsasız qoymayın...

    …Deyəsən yenə də mübahisəni Siz qazandınız... Amma bu dəfə mən bunu istəmirdim!

    Allah Sizə rəhmət eləsin.