Tarix qəribə məhkəmədir. Hakim dəyişəndə hökm də dəyişir. Bir əsr ərzində dəyişməyən faktlar bəzən cəmi bir neçə gün ərzində başqa ad alır. Çünki tarix kitablarını tarixçilər yazsalar da, onların hansı səhifəsinin açılacağını çox vaxt siyasət müəyyən edir.
İsrail Nazirlər Kabinetinin Türkiyəyə qarşı qondarma "erməni soyqırımı" iddialarını dəstəkləyən qərarı qəbul edərək məsələni Knessetin müzakirəsinə göndərməsi də məhz belə suallar doğurur.
Əgər bu qərar həqiqətən də yalnız "tarixi həqiqətin bərpası" naminə verilmiş mənəvi qərardırsa, niyə bu gün? Niyə 10 il əvvəl yox? Niyə 20 il əvvəl yox? Niyə Türkiyə ilə münasibətlər normal olduğu dövrdə yox?
Bu suallar təsadüfi deyil. Çünki beynəlxalq siyasətdə zamanlama bəzən qərarın özündən daha çox şey danışır.
Bu gün İsrail hökuməti Qəzzada apardığı hərbi əməliyyatlarla bağlı beynəlxalq səviyyədə ciddi hüquqi və siyasi müzakirələrin mərkəzindədir. Beynəlxalq Ədalət Məhkəməsində soyqırımı haqqında Konvensiyanın pozulmasına dair iddialar üzrə iş davam edir. Eyni zamanda dünyanın müxtəlif ölkələrində minlərlə insan Qəzzada baş verən humanitar fəlakətə etiraz edir. Belə bir şəraitdə Türkiyə ilə bağlı tarixi məsələnin yenidən gündəmə gətirilməsi istər-istəməz onun siyasi motivləri barədə suallar doğurur.
Lakin bu yazının məqsədi İsraili mühakimə etmək deyil.
Bu yazının məqsədi tarixin siyasətə çevrilməsini mühakimə etməkdir. Tarix ziyafət üçün seçilən kostyum və ya qalstuk deyil ki, vəziyyətə uyğun dəyişdirilsin. Tarix siyasi silah da olmamalıdır. O ki qaldı ədalətə, bu məhfum ümumiyyətlə seçmə hüquq prinsipini tanımır.
Maraqlıdır ki, XV əsrdə İspaniyadan qovulan yüz minlərlə sefard yəhudisi üçün Avropada bütün qapılar bağlanarkən, Osmanlı dövləti onlara öz qapılarını və qucağını açmışdı. Yəhudilər o zaman Türkiyədə sığınacaq tapdılar, ticarətlə məşğul oldular, sinaqoqlar tikdilər, yeni həyat qurdular. Tarix bunu da yazıb. Lakin, görünür, geosiyasi maraqlar bəzi səhifələri digərlərindən daha tez-tez açır.
Burada bir prinsipi xatırlatmaq lazımdır. Tarixdə istənilən xalq haqqında bu gün də mübahisə doğuran faciəli və qanlı hadisələr tapmaq mümkündür. Lakin həmin hadisələri bugünkü nəsillərin kollektiv məsuliyyəti kimi təqdim etmək nə hüquqi, nə də mənəvi baxımdan doğru sayıla bilər.
Məsələn, eramızdan 33 il əvvəl Yəhudeya valiliyinin yəhudi din xadimlərinin təzyiqi və tələbi ilə İsa peyğəmbər qətlə yetirilmişdir.
Diqər bir misal, Mədinədə yaşayan üç böyük yəhudi tayfası — Bəni Qeynuqa, Bəni ən-Nadir və Bəni Qureyzə — Məhəmməd peyğəmbər (s.a.s.) və ilk müsəlman icması ilə silahlı qarşıdurmalar və ciddi münaqişələr yaşamışdır - peyğəmbərə sui-qəsd etmiş və Xəndək döyüşündə düşmənlərlə gizli əlaqəyə girərək müsəlmanları arxadan vurmuşşdu.
Əgər eramızdan əvvəl və ya eramızın VII əsrində baş vermiş hadisələri bugünkü yəhudilərin kollektiv məsuliyyəti kimi təqdim etmək düzgün deyilsə, eyni məntiqlə 1915-ci il hadisələri ilə bağlı qondarma "erməni soyqırımı" iddialarını XXI əsrdə yaşayan milyonlarla türkün və ya müasir Türkiyə dövlətinin kollektiv məsuliyyətinə çevirmək də nə hüquqi, nə məntiqi, nə də mənəvi baxımdan əsaslandırıla bilər.
Heç bir xalq əcdadlarının bütün əməllərinə görə əbədi müttəhim kürsüsündə otura bilməz. Əks halda, bəşəriyyətin yarısı ittihamçı, digər yarısı isə ömürlük təqsirləndirilən olardı. Tarixi faciələr insanlığın ortaq dərsidir. Onlar dövlətlərin diplomatik təzyiq aləti, siyasi sanksiya mexanizmi və ya geosiyasi kartı olmamalıdır.
Əgər bir faciə yalnız müttəfiq dəyişəndə yada düşürsə, deməli, burada vicdandan çox siyasət danışır. Əgər bir xalqın ağrısı diplomatik münasibətlərin temperaturundan asılı olaraq tanınır və ya unudulursa, deməli, tarix yox, geosiyasi maraqlar hökm verir.
Ədalət seçmə hüquq deyil. Əgər bir prinsip doğrudursa, o, hamı üçün doğrudur. Əgər yanlışdırsa, yenə də hamı üçün yanlışdır. Əks halda tarix məhkəməsi yox, yalnız növbəti geosiyasi səhnə qurulmuş olur. Və həmin səhnədə həqiqət deyil, maraqlar alqışlanır.
Şəxsən mən bu cür siyasi və tarixi ziddiyyəti İsrail hökumətindən gözləmirdim. Çünki tarixi yaddaşı geosiyasi silaha çevirən dövlətlər əslində rəqiblərinin deyil, ilk növbədə öz mənəvi mövqelərinin altını oyurlar. Tarix gecikir, amma unutmur.
5 dəqiqə