BLOQ

Xəyanət, yoxsa sədaqət???

Şəhidin nişanlısının qaynına ərə getməsi barədə müzakirələrə münasibətim

Xəyanət, yoxsa sədaqət???
  • Oxuma müddəti:

    3 dəqiqə

  • Azərbaycanın bu başından o biri başına 8 saatlıq yoldur, amma düşüncələr arasında 8 əsr fərq var. Məsələn, mən rayonumuza gedəndə soruşurlar ki, Yazıçılar Birliyinin üzvüsən? Deyirəm, hə. Onda fikirləşirlər ki, demək, yaxşı yazıçıdır ki, ora üzv götürüblər. Bakıya gələndə isə soruşurlar ki, Yazıçılar Birliyinin üzvüsən? Deyirəm, yox, məni ordan çıxarıblar. Fikirləşirlər ki, demək, yaxşı yazır ki, çıxarıblar. O başda üzv olana hörmət edirlər, bu başda üzv olmayana.
    İndi şəhidin qardaşını sosial şəbəkələrdə qınayırlar ki, ayıb olsun, dünyasını dəyişmiş qardaşının nişanlısı ilə evlənib. Mən əminəm ki, o biri başda da düşünürlər ki, halal olsun belə qardaşa ki, qardaşının nişanlısına sahib çıxdı, qoymadı yad əllərə düşsün.

    Bu başda xəyanət hesab olunan o biri başda sədaqət sayılır.

    Qəliz məsələdir.

    Mənim düşüncəm isə əlbəttə, belə bir ailə həyatını qəbul edə bilmir. Amma kiminsə düşüncəsi qəbul edirsə, ona nə şəkildə qadağa qoymaq olar, onu anlamıram. Məsələn, bizim rayonda savadlı bir müəllim ölmüş bacısının əri ilə evləndi. Məktəbdə dərs deyirlər. Hamı deyir ki, eşq olsun o qadına, bacısının balalarına sahib çıxdı. İndi gedib onlara nə deyək? Hüququn qadağan etmədiyi bir şeyi başqa nə tənzimliyə bilər? Mən şəhid qardaşının və nişanlısının toy şəklinə baxdım, qız da xoşbəxt görünürdü, oğlan da. Yəni orada məcburi heç nə hiss olunmurdu. Onlara nə qadağan edə bilər ki, siz ailə qura bilməzsiniz? Lap tutaq ki, problem təhsildədir. Əgər belə bir şeyi savadlı adamların da həyatında görmək mümkündürsə, maraqlıdır, təhsil bu gənclərə hansı prinsipləri öyrədəcəkdi ki, bundan sonra onlar da anlasın ki, hə, mənə şəhid qardaşımın nişanlısı ilə ailə qura bilmərəm. Ona görə deyirəm ki, qəliz məsələdir. İkincisi, mənə elə gəlir ki, burda əsas nüans şəhidlik məsələsidir. Şəhidlik hamımız üçün həsas bir anlayış olduğu üçün belə emosional yanaşırıq.
    Ümumiyyətlə isə ailə də, iki insan arasında münasibətlər sistemi də dövlət idarəçiliyi qədər mürəkkəb bir məsələdir. "Ailə kiçik dövlətdir" məsəli adi təsadüf deyil. Nəyisə araşdırmadan fikir bildirmək çətindir. Bəlkə də şəhid qardaşının belə bir vəsiyyəti olub. Bəlkə də bunlar lap əvvəldən bir-birlərini seviblər, sonra qardaşı araya girib. İndi də tale elə gətirib ki, təzədən qovuşublar. O qədər bəlkələr saymaq olar. Bunu biz necə bilə bilərik? Biz ancaq sosial şəbəkələrdə yayılan məlumata əsasən fikir bildiririk. Ən əsası, onların bu qərarı yanlışdırsa, kiminsə şəxsi həyatını müzakirəyə çıxarmaq daha böyük yanlışdır. Bütün hallarda öz seçimləri və qərarlarıdır. Allah gəncləri xoşbəxt eləsin. Onsuz da evlənəndən bir müddət sonra ərlə arvad bacı-qardaş kimi yaşayır, axırda da ana-bala kimi ölürlər.