
Rusca: https://www.facebook.com/share/p/172JP8ypY7/
“Soyuq” və rütubətli Düşənbə payızı, 9 oktyabr 2025-ci il — düz 10 ay davam edən “ilıq” müharibədən sonra Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putinlə “isti” münasibətlərdən bəhs edən görüşü baş tutdu.
Xatırlayırsınızsa, hər şey 25 dekabr 2024-cü ildə Qroznı səmasında Rusiya Hava Hücumundan Müdafiə Qüvvələrinin atəş zolağında ciddi zədələnərək qəzaya uğrayan, Azərbaycan Hava Yollarının 8243 nömrəli təyyarəsi və içində 38 sərnişinin və heyət üzvünün həlak olmasından başladı. Vəziyyət, hətta hadisədən dörd gün keçəndən sonra Rusiya Prezidenti Putinin Azərbaycan xalqından üzr istəməsinə baxmayaraq, dayanmadan qızışmağa başladı.
Təsadüflərə inanmayan adam kimi mən vəziyyəti Azərbaycan üçün yaranan avanpost kimi qiymətləndirdim. Bu hadisə artıq boya-başa çatmış “kiçik qardaşın” rahat gəzmək məqsədi ilə dar ayaqqabıları dəyişmək üçün bir sıra fərqli “dükanlara” müraciət etməsi imkanını yaratdı.
Amma bu gərginlik bitər-bitməz, Rusiyanın Yekaterinburq vilayətində polis “razborkası” nəticəsində bir sıra Rusiya vətəndaşı olan azərbaycanlılar həbs edildi və onlardan ikisi həbs zamanı həlak oldu. O günlər hamının — hətta qohumların, vəzifə təlimatlarına görə Rusiyanı daim müdafiə edən yerli jurnalistlərin, blogerlərin, yazıçıların, şairlərin və santexniklərin — “böyük qardaşı” söyməyə və alçaltmağa başlaması ilə yadda qaldı. Rusiyanın da qara “mürəkkəb” əhli mövcud ssenarilərə sadiq qalaraq Azərbaycanı qaralamağa başladı. Rusiya hüquq-mühafizə orqanları bu həbsləri 20 il bundan əvvəl qətlə yetirilmiş digər azərbaycanlının qohumlarının müraciəti əsasında etdiklərini bəyan etsələr də, hər iki ölkənin Mətbu Atı zaval kişnədi və qələmlərini mayak edib cəmiyyətlərinə sancdı.
Qələm dəydi bir-birinə!
Azərbaycan xalqı regionda tükənməz səbrinə görə birinci yer tutduğu bir dövrdə belə, bu səbirsizlik nümayişi şəxsən mənim üçün hər şeyi aydın etdi. Bundan sonra baş verən Rusiya cəsus-"aytişnik"lərinin həbsi, Bakıda “Russkiy Dom”un bağlanması, Azərbaycan Prezidenti Əliyev və Ermənistanın Baş naziri Paşinyanın ABŞ Prezidenti Trampın iqamətgahına baş vurması da partituranı tamamladı…
…Və nəhayət, 10 aydan sonra — “soyuq” Düşənbə payızı, 9 oktyabr 2025-ci il — “ilıq” müharibədən sonra Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putin “isti” münasibətləri nümayiş etdirən görüş keçirdilər.
Dava qurtardı? Daha doğrusu, Azərbaycan–Rusiya münasibətlərinin istiqaməti dəyişdi.
Nə baş verdi bu 10 ayda? Ehtimal etdiyim bəzi nəticələri əziz oxucularımla bölüşüm:
1. Regionda güc balansı yenidən reviziya olundu.
Rusiya Cənubi Qafqazda hələ də güc iddialarını qoruyur. Azərbaycanın özünü daha güclü və müstəqil aktor kimi göstərməsi rus təsir dairələrində narahatlıqları artırdı. Lakin Rusiyanın Ukrayna ilə müharibəsi və beynəlxalq sanksiyalara məruz qalması fonunda Azərbaycan regionda öz strategiyasını Rusiyadan asılı olmadan balanslaşdırmaq istəyir. Rusiya bu regionda mövcud təsirini saxlaya bilər, amma “yeni şərtlərlə”.
2. Diplomatik və iqtisadi manevrlər üçün siqnal.
Azərbaycanla Rusiyanın münasibətlərində gərginlik göstərmək Qərb və Türkiyəyə bir mesaj idi: “Bizi diqqətdən kənarda qoymayın; maraqlarımızı qorumaq üçün, həcmindən və statusundan asılı olmayaraq, hər bir ölkə ilə balans siyasəti apara bilərik.” Bu ton Azərbaycanın başqa güclərlə əlaqələrini gücləndirməsi üçün diplomatik manevr imkanlarını genişləndirdi.
3. Həssas məsələlərin gündəliyə çevrilməsi.
Təyyarə qəzası, insan haqları, xaricdə yaşayan azərbaycanlıların müdafiəsi kimi mövzular diplomatik gündəliyə gətirildi və problemlərin yeni üsulla həlli taktikası sınaqdan keçirildi. Mən bu üsulu “ilıq müharibə” adlandırıram — yəni, gərginlik yaratmaq vasitəsilə mövcud gərginlikləri aradan qaldırmaq və “yenidən başlanğıc” arqumentini yaratmaq siyasəti.
4. Məqsədli audit və yeni razılaşmaların legitimləşməsi.
Gərginlik dövründən istifadə edərək Azərbaycan qərbdə, şərqdə və cənubda bir sıra taleyüklü siyasi məsələlərin həllinə müstəqil şəkildə nail olmaq şansını yoxladı. Bu “audit” Azərbaycana dünyada yerini açıq və aydın göstərdi və rəsmi Bakıya gələcək siyasi planlarını daha səmərəli, ayıq başla planlamaq üçün vacib məlumat bazası və yol xəritəsi yaratdı. Sonda Rusiya ilə barışıq və razılaşma mərhələsinin (və ya “yenidən normallaşma”) olması da bu siyasətin davamı kimi qiymətləndirilə bilər. Artıq dünyanın üç deyil, dörd tərəfinə mesaj verildi: “Biz siyasi audit etdik, inkişaf davam edir”.
Düşənbə görüşü bir daha bütün dünyaya göstərdi ki, bu 10 aylıq dostluq moratoriumu Azərbaycan üçün Rusiyadan “tam uzaqlaşma” yox, Rusiyanın monopoliya gücünü zəiflətmək adına diplomatik diversifikasiya imkanlarını genişləndirmək üçün lazım idi. Lakin bütövlükdə Cənubi Qafqazda, Zəngəzur dəhlizində, Ermənistan–Azərbaycan münasibətlərində sağlam Rusiya–Azərbaycan koordinasiyasının yenidən normallaşması region üçün müsbət element sayıla bilər.
Mən bir müharibə müxbiri kimi bilirəm ki, heç bir savaş itkisiz başa çata bilməz. Bəs Rusiya ilə 10 aylıq “ilıq” müharibə Azərbaycan üçün hansı geriliklər, itkilər və məhdudiyyətlər doğurdu — bunlar “məğlubiyyət” kimi dəyərləndirilə bilərmi, yoxsa daha çox diplomatik/taktiki kompromislər kimi?
1. Enerji və tranzit riskləri. Rusiyayla enerji əlaqələri, qaz tranziti və neft ixracı sahəsində risklər artdı. Xarici tərəfdaşlar qeyri-stabil şəraitdə alternativ marşrutlara yönəlməyi düşünməyə başladı. Bu barədə “Economic Consequences of the Conflict Between Azerbaijan and Russia in 2025” adlı tədqiqatda təhlükələr ətraflı izah edilib.
2. İnvestisiyalar sahəsində çətinliklər. Rusiyalı, Rusiyanın təsiri altında olan və ümumiyyətlə, beynəlxalq sərmayədarlar ehtiyatlandı və bir müddətlik Azərbaycandakı risklərini yenidən qiymətləndirərək fəaliyyətlərini tənzimlədi.
3. Sanksiya və qarşı-sanksiya təhdidləri. Rusiya ilə kontaktlara məsafə saxlamaq və münasibətlərin donması sanksiyayönlü təzyiqləri artırdı. Xatırladım ki, Azərbaycanla Rusiya arasında 2024-cü ildə mal dövriyyəsi 9 milyard AZN-ə yaxın olub.
4. Etimad və təhlükəsizlik sahəsində geriləmə. Müştərək layihələrin (hərbi-texniki, enerji, kəşfiyyat) risk altına düşməsi və ləngiməsi Azərbaycana qarşı olan ölkələrin maraqlarına işləmə ehtimalını artırdı.
5. Diplomatik izolyasiya riski. Azərbaycana olan dəstək müəyyən qədər məhdudlaşdı; bəzi qruplar — ŞƏT (Şanxay Əməkdaşlıq Təşkilatı), Rusiya-bloku təşkilatlar və digər Moskva təsiri altında olan beynəlxalq qurumlar — Azərbaycanı “daxil etməmək” mövqeyini saxladı. Bu hallar məğlubiyyət sayılmasa da, diplomatik balansın pozulması, imic zədəsi və görünüş çatışmazlığı kimi mənfi rol oynaya bilər.
6. Güclü oyunçuları arasında sıxışma. Rusiya, Çin, İran, Türkiyə və Qərb arasındakı manevrlər içində Azərbaycan daha sıxılmış “güclər arasında qalan” roluna düşmə ehtimalı ilə üzləşdi. Hər ölkənin — dostun da, düşmənin də — öz milli, siyasi və iqtisadi maraqları var. Böyük ölkələrin böyük maraqları, balacaların balaca. Odur ki, çox vaxt böyüklər öz maraqlarını prioritet hesab edərək boğulmamaq və suyun üzərində qalmaq üçün “əzizlərini ayaqlarının altına qoya bilərlər”. Belə nümunələrlə siyasət tarixi boldur…
7. Diaspora və xaricdə yaşayan azərbaycanlıların təhlükəsizliyi. Yuxarıdakı Yekaterinburq hadisəsi bunun təzahürü idi. Bundan əlavə, Rusiyada yaşayan külli miqdarda yüksək vəzifələr tutan azərbaycanlı məmurlar, elm xadimləri və biznesmenlər var; onları yerlərindən tərpətmək və əvəzləmək üçün ölkələr arasında “ilıq” müharibə ən sərfəli şərait və zamandır. Bu faktlar, sözsüz ki, Azərbaycan diasporasının illərlə yaratdığı imkanlara və tutduğu mövqelərə də ziyan vura bilər.
Əlbəttə, yazdıqlarım ehtimal və təhlildir — reallıqda hansı nəticələr alınacaq, tərəflərin iradəsindən, güc balansından, xarici faktorların təsirindən asılıdır. Məncə, Rusiya ilə Azərbaycan arasında “müharibə” sözü çox kəskin və lazımsız ifadədir; bu hadisələr və problemlər daha çox diplomatik çatışma, risklər və statusun sınanmasıdır. Azərbaycan bu dövrdə:
* öz sərhədlərində və regionda güc göstərə bildi (bəzən qarşı tərəfi məsuliyyətə çağıraraq). Qərb dairələri, beynəlxalq media və analitiklər Azərbaycanın Rusiyadan asılılığına dair bəzi faktlara şübhə ilə baxmağa başladı;
* amma imic itkisi, diplomatik manevr çətinliyi və beynəlxalq səhnədə görünüş itkiləri də yaşadı.
Yəni, bu dövr “yarışma meydanı” idi — Azərbaycan bu meydanda bəzən geri çəkildi, bəzən sərt duruş nümayiş etdirdi. Gələcəkdə strateji seçimlər, konstruktiv diplomatiya və “görünməz səhnədə” işlər bu problemləri azaltmağa imkan verə bilər. Lap Tofiq Tağızadənin ilk çəkdiyi “Görüş” filmində olduğu kimi: “Dostluq və əmək xalqları zinətləndirir, onu camaatın gözündə qaldırır və ona xoşbəxtlik gətirir”.
Allah Azərbaycanı qorusun!