Omanda ABŞ-İran danışıqlarının ikinci raundu YENİLƏNİB
12 günlük müharibədən sonra ABŞ-la İran arasında ilk rəsmi görüşdür
15:36
Omanda İran-ABŞ danışıqlarının ikinci raundu başa çatıb.
“Tasnim” xəbər verir ki, danışıqların ikinci raundu yekunlaşıb.
Hazırda ABŞ Prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff Omanın xarici işlər naziri ilə məsləhətləşmələr aparır.
Qeyd edək ki, bundan əvvəlki raundda Oman XİN rəhbəri tərəflər arasında mesajların mübadiləsində vasitəçilik edib.
***
12:14
Görüşdə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Prezident Donald Trampın kürəkəni Cared Kuşner iştirak edir.
Nümayəndə heyətində ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) komandanı da yer alır.
Bu barədə "The Wall Street Journal" qəzeti ABŞ rəsmisinə istinadən məlumat yayıb.
Bildirilib ki, CENTCOM komandanı admiral Bred Kuper də İranla danışıqlarda iştirak edir.
İran nümayəndə heyətinə isə xarici işlər naziri Abbas Əraqçi rəhbərlik edir.
O, Məskatda danışıqlar başlamazdan əvvəl ölkəsinin diplomatiyaya sadiqliyini vurğulayaraq açıqlama verib.
Nazir X sosial mediada yazıb: "İran diplomatik danışıqlara açıq gözlə və ötən ilin hadisələrini yadda saxlayaraq yanaşır. Biz vicdanla hərəkət edirik və hüquqlarımızı qətiyyətlə müdafiə edirik. Öhdəliklərə əməl olunmalıdır. Bərabər hüquqlar, qarşılıqlı hörmət və qarşılıqlı maraqlar ritorika deyil, zərurətdir və davamlı razılaşmanın təməlidir".
Qeyd edək ki, bu danışıqlar iyun ayında İsraillə İran arasında 12 günlük müharibədən sonra ABŞ-la İran arasında ilk rəsmi görüşdür.
1 dəqiqə