Görkəmli Azərbaycan cərrahı, ölkənin Elmlər Akademiyasının ilk Prezidenti Mir Əsədulla Mirqasımovun oğlu Oqtay atasından ona ötürülən elmi mirası hələ gənc yaşlarından cərrahi əməliyyat masasından müxtəlif həyat mizanlarına keçirərək, kinolentin iti dili ilə cəmiyyətin mövcud bədxassəli şişlərini yararaq müalicə etməyə qərar verir. Oqtay Mirqasımov məktəb illərindən artıq kino istehsalı ilə maraqlanır və 1963–1968-ci illərdə Moskvada ÜDKİ-nin (VQİK-rus dilində – müəllif) rejissorluq fakültəsində təhsil alarkən 1965-ci ildə Anar Rzayevin ssenarisi əsasında “Dəniz” filmini çəkir və bütün varlığı ilə dünya kinematoqrafiya burulğanına atılır.
Lakin o zamanlar sovetlər ölkəsi və onun mədəniyyəti dünyaya Kafkanın “Qəsr”indən boylanarkən gözəl və nümunəvi əsərlər həyata gətirsələr də, kommunizmə qarşı olan Qərbin mədəniyyət “mamaça”ları və “daxili abort xadimləri” onlara barokameradan çıxmağa imkan yaratmırdılar. Belə ki, hələ dünya tamaşaçısı qarşısına uzaq 2006-cı ildə çıxan “Paris, mən səni sevirəm” və ya 2008-ci ildə təqdim olunacaq “Nyu York, mən səni sevirəm” filmlərinin sənədli kino janrında ilk müraciətini 1969-cu ildə “Azərbaycan haqqında etüd” və 1970-ci ildə “Bakı haqqında 10 dəqiqə” filmləri ilə məhz Oqtay Mirqasımov qoymuşdu.
Mirqasımovun yaradıcılığının ən mühüm irsi onun fiziki, təbii mühiti hekayədəki dramatik səhnələri ruhlandırmaq gücü ilə bəxş etmək bacarığındadır. Bu yanaşmanın kökü bir tərəfdən islamın seyid cədlərinin ayinlərinə arxalanırsa, digər tərəfdən isə ən müasir elm, texnologiya və inkişaf daşıyan irsindən qidalanır. Oqtay Mirqasımovun Azərbaycan kinoindustriyasında yaratdığı və inkişaf etdirdiyi üsullar bir çox rejissorlar üçün ən güclü stilistik qərar olduğunu sübut etdi. Bu gün görkəmli Sovet və Azərbaycan ssenaristi, kinorejissoru və mütəfəkkiri Oqtay Mirqasımovun anadan olmasının 80 illiyi tamam olur. Hesab etsək ki, cənab Aleksandr Mişonun mübarək əlləri ilə bu il Azərbaycan kinosunun 125 ilik tarixi yazılıb, demək olar ki, bu zamanın 60 ilik mürəkkəbi də Oqtay müəllimin barmaqlarındadır.
Bu dövrdə inkişafda olan dünya kinematoqrafına xas olan modernist cərəyanları Sovet kino sənayesində yalnız tənqidi təhlil predmeti kimi mövcud idi. Lakin Azərbaycan kinematoqrafçıları bu stereotipləri pozur və çağdaş kino istehsalı tendensiyaları ilə çiyin-çiyinə inkişaf edərək şedevrlər yaradır. Aleksandr Mişon, Abbas Mirzə Şərifzadəı, Rza Təhmasib, Hüseyn Seyidzadə, Həsən Seyidbəyli, Tofiq Tağızadə, Arif Babayev, Rasim Ocaqov, Eldar Quliyev, Oqtay Mirqasımov, Vaqif Mustafayev fəaliyyət göstərdiyi illərdə sovetlərin “sosrealizm” mənəvi mədəniyyət ənənəsinə yox, milli dəyərlərə və yaşadıqları cəmiyyətin bəşəri prizmadan təhrif edilmiş problemlərinə müraciət etmişdilər. Lakin filmlərinin kamerasında dərdlər çəkmiş ustalardan yalnız biri, Oqtay Mirqasımov ezop dili və ya alleqorik məramları sənədli film müstəvisində, radikal çılpaqlığı ilə konstruktiv tərzdə bədiiləşdirməyi bacarmışdı. Beləliklə, Azərbaycanda modernizmin konstruktiv tendensiyalarına arxalanan sənədli kinonun metodları ilə ifadə olunan fərqli bədii baxışa malik rejissor meydana çıxdı - özünü ifadə etməyi bacaran, parçalanmış və subyektiv vizuallaşma qabiliyyətini yaradan, dünyəvi davranış və real həyatda istifadə olunan sitatlarla dolu dialoqlara yol açan rejissor.
Oqtay Mirqasımovun sevdiyim əsərlərdən biri də 1987-ci ildə çəkdiyi “ Göz qabağında şeytan” filmi yuxarıda sadaladıqlarıma bir növ sübutdur. Bu filmi ilə Mirqasımov rejissor kimi Asim Cəlilovun ssenarisini canlandırmaqla yanaşı, sənədlər və faktlar üzərində böyük Sovet imperiyasının bir neçə ildən sonra dağılmasının düsturunu artıq şirin yuxu metaforaları ilə yox, əksinə, oyanmağa məcbur edən şillə formasında ekrana çırparaq onu cırdı və tamaşaçı bu ağ kəfəni addımlayaraq real həyata gözlərini açdı. Elə həmin il Azərbaycanda xalq hərakatı dirçəldi və bir neçə ildən sonra İstiqlaliyyət mücadiləsi başlandı. Azərbaycan yenə də müstəqilliyini bərpa etdi! Bu gün Oqtay Mirqasımovun "Göz qabağında şeytan" kinolenti Federiko Fellininin 1960-cı ildə Fransa kinematoqrafçıları ilə birlikdə çəkdiyi "Şirin həyat" ("La Dolce Vita"), Sovet kinosundan Sergey Gerasimovun 1967-ci ildə çəkdiyi "Jurnalist" və Eldar Quliyevin 1971-ci ildə çəkdiyi "Ən vacib müsahibə", İtaliya kinosunun böyük simalarından biri Mikelancelo Antonioninin 1975-ci ildə çəkdiyi "Peşəsi: reportyor" (ingilisdilli ölkələrdə "Sərnişin" ("The Passenger") jurnalistlərə həsr olunmuş filmləri kimi dünya mədəniyyətinin fenomenidir.
Lakin fərq ondan ibarətdir ki, Fellininin, Gerasimovun, Antanioninin və Quliyevin filmlərinə baxanda mən onların baş qəhrəmanlarına inanıram və düşünürəm ki, onlar hər şeyə qadirdilər, amma Oqtay Mirqasimovun filmlərinə baxanda mən özümə inanmağa başlayıram və inanıram ki, mən hər şeyə qadirəm!
Məhz bu səbəbdən Milli Qəhrəman Çingiz Mustafayevin adına Fondun sifarişi ilə “ANS Şirkətlər Qrupu”na daxil olan “Balans” Rəqəmsal Bərpa Studiyası Oqtay müəllimin 80 illiyinə sovqat olaraq “Göz qabağında şeytan” filmini tam şəkildə bərpa etdi və gələcək nəsillər üçün bir mərdlik, prinsipiallıq və ən əsası, Vətənə sevgi və təmənnasız qulluq dərsliyi olaraq qoruyub saxladı. Eyni zamanda onu da xatırlatmaq istəyirəm ki, Azərbaycanda ilk dəqiq mexanizmlər istehsal edən VMF Saat Fabriki Oqtay müəllimin 80 illik yubileyi üçün dünyada bir nüsxədə istehsal olunan xüsusi saat istehsal edib və ona ərmağan edib ki, həmişə olduğu kimi cənab Mirqasımov unikal və təkrarolunmaz olsun!
Oqtay Mirqasımovun sənədli və ya bədii filmlərində insan o qədər zəif və eyni zamanda o qədər böyükdür ki, bu hissiyyat hər birimizə ən aşağıdan qalxaraq ən Böyük işlərə imza atmağa yol açır. Göydə Allah, yerdə bəndə, Oqtay müəllimin yaradıcılığı bizə daim bu məsafənin yolçuları olmaqla yanaşı, yol boyu əldə etdiyimiz dəyərləri itirməməyə çağırır - əks halda, Allahın hüzuruna çatsaq da, əli və ya başıboş dura bilərik.
Andrey Tarkovski növbəti yaradıcılıq krizi zamanı demişdi: “Ruhum içimdə sıxılıb, mənə başqa qab lazımdır”. Nə yaxşı ki, Oqtay Mirqasımov qarşısında olan bütün çətinliklərə baxmayaraq yaradıcı krizlər keçirməmiş, ruhu bizim məkanda heç nəyə baxmayaraq hələ də sıxılmayıb və Azərbaycan naxışları ilə bəzənmiş qabı o heç vaxt başqasına dəyişmək istəməyib.
Yaşamaqda, Yaratmaqda, Öyrətməkdə həmişə irəlidə olun! Allah Sizi qorusun ki, biz də hörmətdən düşməyək! Bu günə qədər 63 film yaratmısınız, amma mən bilirəm ki, enerjiniz və bacarığınızla Siz yaşınızdan da çox film yarada bilərdiniz – sadəcə, şərait sahiblərinin Sizə bu şəraiti yaratmaq üçün şəraiti olmayıb yəqin. Amma bu gün Sizin əlavə 17 filminiz də olsaydı, bizim gözümüzün qarşısında artıq Şeytan olmazdı, əksinə, dünya və Azərbaycanımız daha da gözəlləşər və aydın olardı…
Böyük hörmət və ehtiramla, Sizin şagirdiniz Vahid Mustafa yev