Ordubadda sel 15-ə yaxın evə və təsərrüfatlara ziyan vurub
Bunu Ordubad rayon Dırnıs kənd ərazi dairəsi üzrə nümayəndə Əhməd Hüseynov deyib
Dünən axşam saat 21 radələrində başlayan intensiv yağışlar nəticəsində Dırnıs və Anaqut kəndlərinin bir neçə məhəlləsinə sel gəlib. Nəticədə evlərin ətrafındakı ərazilərə, təsərrüfatlara, avtomobillərə və digər texnikalara ziyan dəyib. İlkin məlumata əsasən, təxminən 15 evin ətrafındakı təsərrüfat sahələrinə zərər dəyib, bəzi yerlərdə hasarlar uçub.
Bu sözləri jurnalistlərə açıqlamasında Ordubad rayon Dırnıs kənd ərazi dairəsi üzrə nümayəndə Əhməd Hüseynov deyib.
O qeyd edib ki, zərər əsasən mal-qaraya, avtomobillərə və digər texnikalara dəyib: "Bir təsərrüfatda 5-6 baş heyvanın tələf olduğu bildirilir. Hadisədən dərhal sonra aidiyyəti qurumlar tərəfindən əraziyə texnikalar cəlb olunub. Selin dayanmasından sonra yollara yığılan qum və çınqılın təmizlənməsi, məhəllələrə gedən yolların açılması istiqamətində işlər görülüb. Hazırda ərazidə fəsadların aradan qaldırılması tədbirləri davam etdirilir".
"Qaz və elektrik təchizatı infrastrukturuna ziyan dəyməyib. Bir neçə ərazidə rabitə xətlərində yaranan problemlər də aidiyyəti qurumlar tərəfindən aradan qaldırılır", - deyə icra nümayəndəsi əlavə edib.
1 dəqiqə