Zəngəzur Dəhlizinin Naxçıvan hissəsinin tikintisinə başlanıb
Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini Arif Ağayev bildirib FOTO
“Azərbaycan Dəmir Yolları” QSC Naxçıvan Muxtar Respublikasında dəmir yolu infrastrukturunun yenidən qurulması və modernləşdirilməsi üçün layihələndirmə işlərini başa çatdırıb. Hazırda olduğumuz məntəqədə - Ermənistanla sərhəddə, Ordubad rayonunun Salamməlik stansiyası ərazisində tikinti işlərinə start verilib.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlaması zamanı “Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini Arif Ağayev deyib.

O qeyd edib ki, tikinti işləri 188 kilometrlik dəmiryol xəttini əhatə edir.
“Məqsəd müasir tələblərə cavab verən yeni dəmiryolu şəbəkəsinin qurulmasıdır. Əsaslı təmir işləri başa çatdıqdan sonra dəmir yolunun illik yükötürmə qabiliyyəti 15 milyon ton təşkil edəcək. Bildiyiniz kimi, 2025-ci ilin avqustun 8-də Vaşinqtonda “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun (TRIPP) açılmasına dair razılaşmanın imzalanması oldu.

Bu razılaşma çərçivəsində dəhliz boyunca dəmir yolu əlaqəsi bərpa olunacaq. Zəngəzur dəhlizi Orta dəhlizin mühüm tərkib hissəsi kimi Avropa və Asiya arasında yükdaşımalarda mühüm marşrut kimi qiymətləndirilir. Zəngəzur dəhlizi həm də “Şimal-Cənub” dəhlizinin əsas halqalarından birini təşkil edəcək”, - deyə Arif Ağayev əlavə edib.
1 dəqiqə