Orqanizmdə yod çatışmazlığı nəticəsində yaranan ağırlaşmalar
Yodun orqanizm üçün böyük əhəmiyyəti var
Yod çatışmazlığından əmələ gələn qalxanabənzər vəzinin böyüməsi təxminən hər üç nəfərdən birində rast gəlinir. Uşaqlarda qalxanvari vəzin böyüməsi zamanı sinir oyanıqlığı, ağlağanlıq, iştahanın azalması fonunda arıqlama, tez yorulma, ürək döyüntüləri sayının artması, fiziki gərginlik zamanı narahatlıq və s. kimi müxtəlif əlamətlər müşahidə edilir. Bu zaman xaricı görünüşdə boyunun yoğunlaşması, göz almalarının isə qabarması əlamətləri də olur.
Həkim-endokrinoloq Aynur Hümbətova həmin xəstəliyin uşaqlar arasında yayılması barədə deyib: “Yeni doğulmuş uşaqlarda qalxanabənzər vəzi xəstəliyi yarana bilər. Təəssüf ki, bu, bəzən nəzərdən qaçmış olur. Vaxtında müayinə edilməmək uşaqlarda əqli və fiziki inkişafdan qalmağa səbəb ola, bir sıra daxili orqanları zədələyə, həyat fəaliyyətini zəiflədə bilər. Bundan başqa həmin xəstəliyin yaranması saç tökülmələri, dəri quruluğu, fiziki aktivliyin azalması, çəki artımı, yorğunluq, yaddaş zəifliyi, unutqanlıq kimi ağırlaşmalara gətirib çıxara bilər”.
Mütəxəssislər bildirirlər ki, yodun orqanizm üçün böyük əhəmiyyəti var. Xəstəliyin müalicə yolları isə tireoid vəzinin hormonlarını nizamlayan dərmanlardan istifadə olunması, radioaktiv müalicə və lazım gəldikdə cərrahi müdaxilədir.
Xəstəliyin qarşısını almaq üçün erkən diaqnostika olduqca vacibdir. Vaxtında aşkar olunduqda müalicə daha səmərəli nəticə verir.