XƏBƏRLƏR / Siyasət

Ötən il Azərbaycana səfər edən çinlilərin sayı 42 faiz artıb

Bunu Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev bildirib

Ötən il Azərbaycana səfər edən çinlilərin sayı 42 faiz artıb
  • Oxuma müddəti:

    4 dəqiqə

  • 2025-ci ilin aprelində Prezident İlham Əliyevin Çinə dövlət səfəri zamanı Azərbaycan və Çin arasında hərtərəfli strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyanat imzalanıb. İkitərəfli münasibətlərin inkişafında yeni mərhələnin əsasını qoyan bu tarixi sənəd dövlət başçılarının strateji baxışının mühüm nəticəsi olub.

    Bunu Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev Çin Xalq Respublikasının yaradılmasının 77-ci ildönümünə həsr olunmuş rəsmi qəbulda deyib.

    Şahin Mustafayev bildirib ki, son illərdə Azərbaycan ilə Çin arasında turizm əlaqələri də dinamik şəkildə genişlənir.

    Baş nazirin müavini qeyd edib ki, 2025-ci ildə qarşılıqlı viza rejiminin ləğvi turizm əlaqələrinin inkişafına əhəmiyyətli təkan verib. Ötən il Azərbaycana səfər edən Çin vətəndaşlarının sayı 42 faiz artıb, Azərbaycandan Çinə turist axını isə təxminən 85 faiz yüksəlib.

    Şahin Mustafayev vurğulayıb ki, beynəlxalq münasibətlər də ikitərəfli əməkdaşlığın mühüm istiqamətlərindən birinə çevrilib.

    Azərbaycanın və Çinin bir sıra şəhərləri arasında qardaşlaşma və əməkdaşlıq münasibətləri də yaradılıb.


    Baş nazirin müavini deyib ki, 2026-cı ilin ilk 7 ayında Azərbaycan ilə Çin arasında ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 4,5 faiz artaraq 2,6 milyard ABŞ dollarına çatıb.

    Şahin Mustafayev bildirib ki, Azərbaycan-Çin ticarət-iqtisadi əməkdaşlığı davamlı şəkildə inkişafdadır və artan dinamika nümayiş etdirir.

    “Çin ölkəmizin aparıcı iqtisadi və ticarət tərəfdaşlarından biridir. Azərbaycan da öz növbəsində Çinin Cənubi Qafqaz regionunda ən böyük ticarət tərəfdaşıdır”, - deyə Baş nazirin müavini qeyd edib.

    Ş.Mustafayev bildirib ki, Azərbaycan və Çin arasında ticarət-iqtisadi əməkdaşlığın inkişafında Azərbaycan-Çin Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın fəaliyyəti mühüm rol oynayır. Komissiya çərçivəsində əməkdaşlığın əsas istiqamətləri ilə bağlı məsələlər mütəmadi olaraq nəzərdən keçirilir və növbəti addımlar müzakirə olunur.

    Baş nazirin müavini qeyd edib ki, 2025-ci ilin aprelində Azərbaycan Prezidenti İlham Əliyevin Çinə dövlət səfəri zamanı iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyanat imzalanıb.

    “İkitərəfli münasibətlərin inkişafında yeni mərhələnin əsasını qoyan bu tarixi sənəd dövlət başçılarının strateji baxışının mühüm nəticəsi olub”, - deyə Şahin Mustafayev vurğulayıb.

    O bildirib ki, ötən dövr ərzində dövlət başçıları səviyyəsində intensiv əlaqələrin davam etdirilməsi, eləcə də müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin mütəmadi xarakter alması Azərbaycan-Çin münasibətlərinin yüksək dinamikasını nümayiş etdirir.

    “Bu gün dövlət başçılarımızın tapşırıqlarına uyğun olaraq hərtərəfli strateji tərəfdaşlığımızın praktiki məzmunla zənginləşdirilməsi istiqamətində mühüm addımlar atılır”, - deyə Baş nazirin müavini qeyd edib.

    Şahin Mustafayev siyasi dialoqun müsbət dinamikasının yüksək səviyyəli qarşılıqlı səfərlərdə və təmaslarda öz əksini tapdığını bildirib. Qeyd edib ki, cari ildə Azərbaycan və Çin arasında xarici işlər nazirlikləri, parlamentlərarası əlaqələr, baş prokurorluqlar və müdafiə nazirlikləri xətti ilə bir sıra qarşılıqlı səfərlər həyata keçirilib.