XƏBƏRLƏR / İqtisadiyyat

Pakistanın Baş naziri Mikayıl Cabbarovu qəbul edib YENİLƏNİB

Şahbaz Şərif Azərbaycanın iqtisadiyyat naziri ilə investisiya üzrə birgə fəaliyyəti müzakirə edib

Pakistanın Baş naziri Mikayıl Cabbarovu qəbul edib YENİLƏNİB
  • Oxuma müddəti:

    2 dəqiqə

  • Pakistanın Baş naziri Azərbaycanın iqtisadiyyat nazirini qəbulu edib, görüşdə ikitərəfli münasibətlərin prioritet istiqamətləri müzakirə olunub.

    Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.

    Qeyd olunub ki, Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif bu ölkədə səfərdə olan iqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

    Qəbul zamanı vurğulanıb ki, Azərbaycan-Pakistan strateji tərəfdaşlığı müxtəlif istiqamətlər üzrə intensiv inkişaf edir və iqtisadi əməkdaşlığa mühüm töhfələr verir. Yüksək səviyyəli qarşılıqlı səfərlər, keçirilən görüş və tədbirlər, imzalanan sənədlər hər iki ölkə üçün faydalı işbirliyi baxımından mühüm önəm kəsb edir. Bununla yanaşı, investisiya üzrə birgə fəaliyyət, eləcə də digər iqtisadi istiqamətlər üzrə əməkdaşlıq üçün geniş potensial var.

    Bakı və İslamabad müdafiə sənayesi və enerji sahəsində əməkdaşlığı gücləndirmək barədə razılığa gəliblər.

    Pakistan Nazirlər Kabinetinin mətbuat xidməti Baş nazir Şərifin İslamabadda Azərbaycanın iqtisadiyyat naziri Cabbarovla görüşünün təfərrüatlarını paylaşıb. Qeyd olunub ki, Şərif Pakistanın Azərbaycanla paritet əsasda birgə investisiya şirkəti yaratmaq təklifini bir daha təsdiqləyib.

    Bundan əlavə, o, Azərbaycanın dövlət neft şirkəti SOCAR-ı Pakistanda neft və qaz hasilatı imkanlarını araşdırmağa çağırıb. Baş nazir ölkəsinin Əfqanıstan və Orta Asiyaya ən qısa yol kimi strateji mövqeyini vurğulayıb və Azərbaycanın Orta Dəhlizin inkişafında mühüm rolunu qeyd edib. O, həmçinin regional enerji dinamikasını dəyişdirməyi və əsas bazarlarda əlaqəni gücləndirməyi hədəfləyən Ağ Neft Boru Kəməri layihəsində Azərbaycanın strateji marağını alqışlayıb.

    Cabbarov öz növbəsində qeyd edib ki, iki tərəfin müdafiə, neft və mineral ehtiyatlar, infrastruktur sektorlarında investisiya və əməkdaşlıq üçün yaxşı imkanları var. Nazir 2025-2028-ci illər üçün ticarət, iqtisadiyyat, sənaye və investisiya sahəsində əməkdaşlıq üzrə Yol Xəritəsinin hazırlanmasının başa çatdırılmasının vacibliyini qeyd edib.

    Tərəflər ikitərəfli münasibətlərin prioritet istiqamətləri və biznes əlaqələrinin şaxələndirilməsi barədə fikir mübadiləsi aparıblar.