Bu gün Azərbaycanın iki sərbəst güləşçisi və bədii gimnastı Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə start verəcək.
Həmçinin yunan-Roma güləşi yarışlarında ölkəmizi təmsil edən Həsrət Cəfərov bürünc medal uğrunda görüşdə qüvvəsini sınayacaq.
İlk olaraq bədii gimnast Zöhrə Ağamirova fərdi proqramda mübarizəyə qoşulacaq.
O, öncə topla (12:30), sonra halqa (14:00) ilə bacarığını göstərəcək. Gimnast ardınca lentlə (17:30) və gürzlə (19:00) çıxış edəcək.
Ardınca sərbəst güləşçilər ilk görüşlərinə çıxacaqlar.
Saat 13:00-da başlayan qarşılaşmalarda təmsilçimiz Osman Nurmaqomedov (86 kq) Monqolustandan olan Bat Erden Byambasurenlə üz-üzə gələcək. Əliabbas Rzazadə (57 kq) isə özbəkistanlı Qulomjon Abdullayevlə görüşəcək.
Hər iki idmançımız 1/8 finaldan başlayacaq.
Saat 20:15-də isə yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kq) üçüncü yer uğrunda mübarizə aparacaq. Onun rəqibinin adına təsəlliverici görüşlərdən sonra aydınlıq gələcək.