Bu gün "Qarabağ" İtaliyada "Napoli" ilə qarşılaşacaq
Matç UEFA Çempionlar Liqasının əsas mərhələsi çərçivəsindədir YENİLƏNİB
11:51
“Qarabağ” bu gün UEFA Çempionlar Liqasının liqa mərhələsinin V turunda İtaliyada “Napoli” ilə qarşılaşacaq.
Bu, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanovla “Napoli”nin çalışdırıcısı Antonio Kontenin sayca üçüncü dueli olacaq.
İki mütəxəssis daha əvvəl də Çempionlar Liqasında üz-üzə gəliblər. 2017-2018-ci illər mövsümündə turnirin qrup mərhələsimdə Konte İngiltərənin “Çelsi” klubunun baş məşqçisi kimi Qurbanova rəqib olub. Həmin vaxt C qrupunda çıxış edən komandalar əvvəlcə Londondo, daha sonra isə Bakıda qarşılaşıblar. Hər iki görüşdə ingilislər qələbə qazanıblar. İlk oyunda 6:0, ikinci matçda isə 4:0 hesablı nəticə qeydə alınıb.
“Napoli” ilə matç, həmçinin “Qarabağ”ın İtaliya klublarına qarşı 7-ci rəsmi dueli kimi tarixə düşəcək. Azərbaycan təmsilçisi UEFA Avropa Liqasının 2014-2015-ci illər mövsümündə “İnter”lə (0:2, 0:0), 2016-2017-ci illər mövsümündə "Fiorentina" ilə (1:5, 1:2) qarşılaşıb. 2017-2018-ci illər mövsümündə isə rəqib “Roma” olub. Çempionlar Liqasının qrup mərhələsinə təsadüf edən hər iki matçda İtaliya təmsilçisi qalib gəlib - 2:1, 1:0.
Qeyd edək ki, “Dieqo Armando Maradona” stadionunda keçiriləcək “Napoli” – “Qarabağ” oyunu Bakı vaxtı ilə gecə saat 00:00-da başlayacaq. İlk 4 turdan sonra 7 xalı olan Ağdam klubu turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb. Neapol təmsilçisi isə 4 xalla 24-cü sırada yer alıb.
***
09:20
"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununu keçirəcək.
Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv İtaliyada "Napoli" ilə üz-üzə gələcək.
"Stadio Diego Armando Maradona" stadionunda baş tutacaq V turun qarşılaşması Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
Matçın baş hakimi polşalı məşhur FIFA referisi Şimon Marçinyak olacaq.
Çempionlar Liqası
Əsas mərhələ
Matç 5
00:00 NAPOLI (İtaliya) vs. QARABAGKH (Azərbaycan)
Neapol, Dieqo Armando Maradona Stadionu. Baş hakim: Şimon Marçiniak (Polşa).
"Napoli" (şərti heyət): Vanya Milinkoviç-Saviç, Alessandro Buonqiorno, Amir Rrahmani, Sem Beukema, Covanni Di Lorenzo, Migel Qutyerres, Stanislav Lobotka, Skott MakTominay, David Neres, Noa Lanq, Lorenzo Luka.
"Qarabağ" (şərti heyət): Mateuş Köçalski, Bədavi Hüseynov, Kevin Medina, Mateus Silva, Elvin Cəfərquliyev, Pedro Bicalho, Marko Yankoviç, Abdellah Zubir, Leandro Andrade, Emmanuel Addai, Camilo Duran.
"Qarabağ" Liqa mərhələsində 7 xalla 15-ci pillədə qərarlaşıb. Neapol klubu 4 xalla 24-cü sıradadır.
Qeyd edək ki, Azərbaycan çempionu daha əvvəl turnirdə Portuqaliyanın "Benfika" (3:2), Danimarkanın "Kopenhagen" (2:0) komandalarını məğlub edib. İspaniyada "Atletik"ə uduzan (1:3) "köhlən atlar" Bakıda İngiltərə təmsilçisi "Çelsi" ilə bərabərə qalıb - 2:2.
2 dəqiqə