Bakıda bədii gimnastika üzrə 39-cu AÇ başlayır
Paytaxtımız beşinci dəfə bədii gimnastika üzrə Avropa çempionatına ev sahibliyi edəcək
Bu gün Bakıda Bədii gimnastika üzrə 39-cu Avropa çempionatına start veriləcək. “Ulduz kimi parla” şüarı ilə keçiriləcək qitə çempionatında 38 ölkədən 315 gimnast (böyüklər – 191, gənclər 124) mübarizə aparacaq. Fərdi gimnastlar ayrı-ayrı alətlər (top, halqa, gürzlər lent), komanda hesabı və çoxnövçülük proqramında çıxış edəcəklər.
Qrup hərəkətləri üzrə komandalar böyüklər arasında beş halqa, üç lent və iki top, gənclər arasında isə beş ip və beş top proqramında güclərini sınayacaqlar.
Yarışda ölkəmizi böyüklər arasında fərdi növdə Zöhrə Ağamirova və İlona Zeynalova təmsil edəcəklər.
Qrup hərəkətləri proqramında isə böyüklər arasında xalça üzərinə Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokina çıxacaqlar. Gənclərin yarışında isə Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova və Zəhra Cəfərovadan ibarət qrup komandamız mübarizəyə qoşulacaq.
Çempionata mayın 21-də yekun vurulacaq.
Yarış iştirakçıları azarkeşlərə həyəcanlı emosiyalar bəxş edəcəklər. Onlar Hollivud ab-havasında dizayn olunmuş, eyni üslublu dekorasiya elementləri və işıq effektləri ilə tərtib edilmiş zalda sərilmiş qırmızı xalıdan keçərək yarış meydançasına yol alacaq və peşəkar çıxışları ilə azarkeşlərin qəlbinə yol tapmağa çalışacaqlar.
Çempionatın ən məzəli siması isə şübhəsiz ki, Avropa Gimnastikasının maskotu - Luici adlı meymun olacaq. O, tamaşaçılara və gimnastlara öz zarafatları, maraqlı proqramları ilə təbəssüm və pozitiv əhvali-ruhiyyə bəxş edəcək.
Bu, ölkəmizin bədii gimnastika üzrə təşkil edəcəyi beşinci Avropa çempionatı olacaq. Paytaxtımız 2007-ci, 2009-cu, 2014-cü və 2019-cu illərdə bu növ üzrə qitə çempionatına ev sahibliyi edib.