Paris Qarabağa "yardım karvanı" göndərir
Bu barədə Fransanın “Le Figaro” qəzeti məlumat yayıb
Fransa Qarabağ ermənilərinə yardım üçün BMT Təhlükəsizlik Şurasına yeni qətnamə təqdim etməyə hazırlaşır.
Bu barədə Fransanın “Le Figaro” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, Paris və Fransanın böyük regionları gələn həftə Ermənistana humanitar karvan göndərəcək. Həmin karvan Qarabağ ermənilərinə yardımdan ibarət olacağı gözlənilir.
Qəzet yazır ki, Fransanın bir neçə siyasi xadimi təxminən on yük maşınından ibarət karvanı müşayiət etmək üçün Ermənistana gedəcək. Nəşrin məlumatına görə, İrəvana gedəcək heyətdə Paris meri Anne Hidalgonu yüksək səviyyəli nümayəndələri müşayiət edəcəklər.
Karvan İrəvanın “Place de France” bölgəsindən Azərbaycanla sərhəddəki Kornidzor kəndinə yola düşəcək.
Xatırladaq ki, avqustun 16-da Ermənistanın xahişi ilə çağırılan iclasda BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağdakı vəziyyəti müzakirə edib. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan BMT Təhlükəsizlik Şurasını Dağlıq Qarabağa humanitar gediş-gəlişin məhdudlaşdırılmasını pisləməyə, Laçın dəhlizi ilə hərəkəti bərpa etməyə çağırmağa və regiona ehtiyacların qiymətləndirilməsi missiyası göndərməyə çağırıb. Lakin iclasda hər hansı qərar qəbul edilməyib.