XƏBƏRLƏR / Qonşular

Paşinyan erməniləri Azərbaycandan qorxmamağa çağırıb

Bunu baş nazir Qazaxla sərhədyanı erməni kəndlərin sakinləri ilə görüşündə bildirib

Paşinyan erməniləri Azərbaycandan qorxmamağa çağırıb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Nikol Paşinyan: "Ermənistan hakimiyyətinin məqsədi - erməni kəndlərinin Azərbaycan ərazisinə yaxınlığının onların sakinlərini narahat etməsin, əksinə ruhlandırsın".

    “Məqsədimiz, ideyamız ondan ibarətdir ki, siz “Azərbaycan 50 metr aralıdadır” sözlərini həyəcanla deməyəsiniz, “yaxşı ki, Azərbaycan 50 metr aralıdadır, biz orada ticarətlə məşğul olacağıq, təsərrüfat münasibətləri quracağıq deyəsiz,” -  Paşinyan Ermənistanın Tavuş rayonunun sərhədyanı kəndlərin sakinləri ilə görüşündə deyib.

    O, əlavə edib ki, keçid məntəqəsi tikilə bilər ki, oradan maşınlar keçsin və Ermənistana bunun üçün pul ödəsin.

    Kirants kəndinin sakinləri ilə görüşdə Paşinyan elan edib ki, gələn həftədən Tavuş icmalarının nümayəndələri delimitasiya və demarkasiya məsələləri üzrə işçi qrupuna cəlb olunacaq.

    Onun sözlərinə görə, icma liderləri öz arqumentlərini yerindəcə delimitasiya və demarkasiya komissiyasına təqdim edə və prosesin gedişi barədə yerli sakinləri məlumatlandıra biləcəklər.

    Bu məsələnin Azərbaycan tərəfi ilə razılaşdırılıb-razılaşdırılmadığı haqda baş nazir heç nə deməyib.