XƏBƏRLƏR / Qonşular

Paşinyan İlham Əliyevə minnətdarlığını bildirib

"Armenpress" xəbər verir

Paşinyan İlham Əliyevə minnətdarlığını bildirib
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Ermənistanın Baş naziri Nikol Paşinyan Cənubi Qafqazda sülhün bərqərar olmasına verdiyi töhfəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.

    "Armenpress" xəbər verir ki, bu barədə Paşinyan Hessen Sülh Mükafatını aldığı mərasimdə bildirib.

    "Mən həmçinin bu mükafata eyni dərəcədə layiq olan Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığımı bildirmək istəyirəm. Eləcə də Ermənistan və Azərbaycan xalqlarına təşəkkür edirəm. Münaqişənin səbəb olduğu çətinliklərə, insan itkilərinə və iztirablara baxmayaraq, onlar keçmişi dəyişə bilməyəcəklərini, lakin bugünü və gələcəyi dəyişə biləcəklərini anlayaraq sülhü qəbul etdilər və dəstəklədilər", - Paşinyan deyib.

    Paşinyanın sözlərinə görə, sülhün bərqərar olması üçün əsas 2025-ci il avqustun 8-də Vaşinqton sammitində onun və İlham Əliyevin qəbul etdiyi, ABŞ Prezidenti Donald Trampın iştirakı ilə imzalanmış birgə bəyannamə olub.

    Baş nazir qeyd edib ki, 2024-cü ildə ölkələr sərhədin delimitasiyası və demarkasiyası üzrə komissiyaların birgə fəaliyyət reqlamentini imzalayıb və ratifikasiya ediblər. Sənəd 1991-ci il Alma-Ata bəyannaməsini bu prosesin əsas prinsipi kimi təsbit edib.

    "Bu o deməkdir ki, Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyır. Bu prinsip həmçinin xarici işlər nazirlərimizin Vaşinqton sülh sammiti zamanı parafladığı Ermənistan və Azərbaycan arasında sülhün və dövlətlərarası münasibətlərin qurulması haqqında sazişdə təsbit edilib", - o əlavə edib.

    Paşinyan sazişin paraflanmasını və birgə bəyannamənin qəbul edilməsini Ermənistan və Azərbaycan münasibətlərində tarixi irəliləyiş adlandırıb.