Paşinyan: Qarabağa qayıdış real deyil
Ermənistanın baş naziri bunu Britaniya mətbuatına müsahibəsində bildirib
Ermənistanın baş naziri Nikol Paşinyan hazırkı reallıqda Qarabağdan köçmüş ermənilərin geri qayıda bilmək imkanlarının olmadığını bildirib.
Paşinyan bunu Britaniya mətbuatına geniş müsahibəsində bildirib.
“Bizim siyasətimiz ondan ibarətdir ki, əgər “Dağlıq Qarabağ”dan məcburi köçkün düşmüş qardaş və bacılarımızın “Dağlıq Qarabağ”a qayıtmaq üçün real imkanları və ya istəyi yoxdursa, biz onların Ermənistan Respublikasında qalmaları üçün əlimizdən gələni edəcəyik.
Sizə onu da demək istəyirəm ki, bu yaxınlarda bölgə səfərlərimin birində “Dağlıq Qarabağ”dan məcburi köçkün düşmüş bir qadın yanıma gələrək sual verdi və dedi: “Bizim ora qayıtmaq imkanımız nə dərəcədə realdır? Xahiş edirəm mənə birbaşa və səmimi deyin”. Mən də ona belə cavab verdim: "Regionumuzda mövcud olan təsəvvürləri, Azərbaycanda mövcud olan təsəvvürləri, “Dağlıq Qarabağ” erməniləri arasında mövcud olan təsəvvürləri nəzərə alsaq, sizə birbaşa və səmimi deyirəm: indiki vəziyyətdə “Dağlıq Qarabağ”a qayıtmağı real hesab etmirəm. Dedim ki, mən sizi aldada bilmərəm, çünki geri qayıdış real olsaydı, heç “Dağlıq Qarabağ”dan köç olmazdı".
Amma onu da qeyd etmək lazımdır ki, Ermənistan Respublikası hökuməti hər şeyi etməyə çalışdı, halbuki 2023-cü ilin sentyabr ayının son günlərində bizi ittiham etdilər. O zaman “Dağlıq Qarabağ”da fəaliyyət göstərən “hakimiyyət orqanları”, eləcə də bəzi dairələr bizi ittiham edirdilər ki, guya Ermənistan hökuməti “Dağlıq Qarabağ” ermənilərinin qaçıb Ermənistan Respublikasına köçməsinə imkan vermir.
O zaman biz çalışırdıq, hər şeyi etmək istəyirdik, amma bu məsələ bizim qərarlarımızdan tamamilə asılı deyildi. Çalışırdıq mümkün olan hər şeyi edək ki, ermənilərin “Dağlıq Qarabağ”dan köçməsi baş verməsin. Amma cəhdlərimiz nəticə vermədi”.
Paşinyan bildirib ki, bəzi qüvvələr var idi ki, həmin şəraitdə Ermənistan Respublikasını uzaq hədəfləri olan müharibəyə sürükləmək istəyirdilər:
“Əvvəlki suallara da cavab olaraq dedim ki, Ermənistan Respublikası “Dağlıq Qarabağ” uğrunda müharibə aparmaq fikrində deyil. Mən dedim ki, Ermənistan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənarda heç bir iddiası yoxdur. Və ümid edirik ki, delimitasiya prosesində Ermənistan Respublikasının ərazi bütövlüyü bərpa olunacaq”.