Ermənistan Türkiyəyə zəlzələ ilə bağlı başsağlığı verib. Bu barədə ölkənin baş naziri Nikol Paşinyan twitter səhifəsində yazıb.
"Türkiyə və Suriyada çoxlu sayda insan itkisi ilə nəticələnən dağıdıcı zəlzələ xəbəri məni kədərləndirdi. Qurbanların ailələrinə başsağlığı diləyir, yaralılara təcili şəfalar diləyirik. Ermənistan yardım göstərməyə hazırdır", - deyə o bildirib.
Həmçinin İran XİN-in sözçüsü Nəsir Kənani ölkəsinin Türkiyəyə başsağlığı verdiyini və yardıma hazır olduğunu açıqlayıb.
Xatırladaq ki, gecə saatlarında Türkiyənin Kahramanmaraş bölgəsində 7,4 bal, Qaziantepdə isə 6,5-6,4 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət zamanı Malatya, Diyarbakır, Adana, Hatay, Kilis və Osmaniye vilayətlərində binalar dağılıb. Son məlumata görə, zəlzələ nəticəsində 284 nəfər ölüb, 2323 nəfər yaralanıb.