BLOQ

Piratlıq, oğurluq - halal əməli haram etməkdir!

Milli Qəhrəman Çingiz Mustafayev adına Fond və ANS Şirkətlər Qrupunun birgə Bəyanatı

Piratlıq, oğurluq - halal əməli haram etməkdir!
  • Oxuma müddəti:

    3 dəqiqə

  • Hörmətli həmkarlar və digər media nümayəndələri!

    Hamınız bilirsiniz ki, 1989-cu ildən başlayaraq Azərbaycanın video-audio salnaməsini “Azərbaycanfilm” və AzTV ilə yanaşı, müstəqil olaraq Çingiz, Seyfulla və Vahid Mustafayev qardaşları, 1991-ci ildən isə onların yaratdığı və tam şəkildə öz maliyyə imkanları hesabına maliyyələşdirdikləri ANS şirkəti həyata keçirirdi. Bu gün bu zəngin arxiv - 1989-cu ildə lentə alınmış Sumqayıt hadisələrindən başlayaraq Azərbaycanımızın bu günki qələbələrinədək uzun bir tarixi yolu əks etdirir.

    Nəzərinizə çatdırmaq istəyirik ki, ANS Şirkətlər Qrupunun tərkibində olan ANS Televiziyası və digər qurumların fəaliyyəti dövründə lentə alınmış bütün kadrlar, müsahibələrə dair video və səs yazıları, ANS-in fəaliyyətindən öncə Çingiz, Seyfulla və Vahid Mustafayev qardaşları tərəfindən yaradılan videogörüntülər, dərc olunmuş və olunmamış audio-video materialların hamısı Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, Milli Qəhrəman Çingiz Mustafayev adına Fond, ANS Şirkətlər Qrupu və Seyfulla və Vahid Mustafayev qardaşlarının mülkiyyəti hesab olunur.

    Beynəlxalq, habelə Azərbaycan qanunvericiliyinə əsasən kütləvi informasiya vasitələrində, sosial media və ya digər istənilən informasiya platformaları və ya daşıyıcılarda müəlliflik hüququ yuxarıda adları çəkilən varislərə aid olan bu və ya digər materialların yayımlanmasına yalnız rəsmi yazılı icazə alındıqdan sonra yayımlana bilər.

    Təəssüf hissi ilə qeyd etməliyik ki, son günlər bəzi televiziya kanalları və sosial şəbəkələrdə Milli Qəhrəman Çingiz Mustafayev adına Fond və ANS Şirkətlər Qrupuna məxsus audio-vizual materialların icazəsiz yayımlanması halları baş vermişdir. Bir sıra hallarda vidogörüntülər pərakəndə şəkildə, uyğun olmayan mətnlərlə müşayiət olunaraq müəlliflərin hüquq və haqlarına xələl gətirir.

    Nəzərinizə çatdırmaq istəyirik ki, bu kimi hallar xüsusi təşkil olunmuş beynəlxalq qurum tərəfindən izlənir və bundan sonra Müəllif hüquqları, Əlaqəli hüquqlar və Kommersiya hüquqlarının yuxarıda adları çəkilmiş qurumlardan Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq rəsmi yazılı icazəsini almadan foto, video görüntülərin, səs yazılarının, dərc olunmuş və ya olunmamış materiallardan istifadə edilməsi ciddi hüquq pozuntusu hesab edilməklə həmin hüquqi və ya fiziki şəxslər barəsində qanunvericiliyin tələblərinə uyğun tədbirlər görüləcəkdir.

    Qeyd: Hüquqpozmalar Azərbaycan Respublikasının Konstitusiyası, Cinayət Məcəlləsi, İnzibati Məcəllə, Mülki Məcəllə və “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” qanunlar və digər normativ hüquqi aktlarla tənzimlənir.