Pornoaktrisa ilə münasibətinə görə Trampa cinayət işi FOTO
ABŞ-ın keçmiş prezidenti Nyu-Yorkda ədalətli mühakimə gözləmir
Nyu-York məhkəməsi ABŞ-ın sabiq prezidenti Donald Trampa qarşı ittiham aktı çıxarıb. Bu barədə CNN telekanalı məlumat yayıb.
Eks-prezident aralarındakı əlaqəni gizlətməsi üçün pornoaktrisa Stormi Danielsə 130 min dollar ödəməkdə ittiham olunur. Məlumata görə, yaxın günlərdə ittiham aktı rəsmən açıqlanmalıdır. Danielsə verilən pulun 2016-cı il prezident seçkiləri kampaniyasından əldə edilən vəsaitlə ödənilməsindən şübhə edilir. Nümayəndələr Palatasının spikeri Kevin Makkarti iddia edir ki, sabiq prezident bunun üçün şəxsi pulundan istifadə edib.
Donald Tramp deyib ki, o, Nyu-Yorkda ədalətli mühakimə gözləmir.
“Onlar mənə qarşı bu saxta, korrupsioner və biabırçı ittihamı ona görə etdilər ki, mən Amerika xalqının tərəfdarıyam və Nyu-Yorkda ədalətli mühakimə oluna bilməyəcəyimi bilirlər. Bu quldurlar və radikal sol canavarlar ABŞ-ın 45-ci prezidentinə və 2024-cü il seçkilərində Respublikaçılar Partiyasının prezidentliyə namizədliyi üçün hazırkı aparıcı namizədə qarşı ittihamlar irəli sürüblər. Bu, ölkəmizə qarşı indiyədək heç vaxt görülməmiş bir hücumdur”, - deyə o, “Truth Social” sosial şəbəkəsində yazıb. Tramp həmçinin münsiflər heyətinin qərarını “bir vaxtlar azad və ədalətli seçkiyə davam edən hücum” adlandırıb.
Qeyd edilib ki, ABŞ tarixində ilk dəfə indiki və ya sabiq prezidentə qarşı rəsmi cinayət ittihamı irəli sürülür.