XƏBƏRLƏR / Siyasət

Prezident İlham Əliyev qəbullar keçirir

YENİLƏNİR

Prezident İlham Əliyev qəbullar keçirir
  • Oxuma müddəti:

    12 dəqiqə

  • 19:15

    Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İsrail Dövlətinin Prezidenti İsxak Hersoq ilə görüşü olub.

    Görüş zamanı İsrail Prezidenti Azərbaycanı Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) sədrliyi münasibətilə təbrik etdi. Prezident İsxak Hersoq Azərbaycanın 2026–2028-ci illərdə də bu quruma sədrliyini davam etdirməsini ölkəmizə göstərilən yüksək etimadın təzahürü kimi qiymətləndirdi və bundan məmnunluğunu ifadə etdi.

    İsrail Prezidenti Azərbaycanın sədrliyi dövründə AQEM çərçivəsində praktiki əməkdaşlığın genişləndirilməsi və etimad quruculuğu tədbirlərinin gücləndirilməsi istiqamətində görülən işləri yüksək qiymətləndirdi.

    Dövlətimizin başçısı Azərbaycanın sədrliyinə verilən yüksək qiymətə görə təşəkkürünü bildirdi. Prezident İlham Əliyev Azərbaycanın sədr ölkə kimi AQEM-ə üzv dövlətlər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi və praktiki əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində səylərini davam etdirdiyini vurğuladı.

    Görüşdə Azərbaycan ilə İsrail arasında ikitərəfli münasibətlərə, həmçinin beynəlxalq və regional gündəlikdə duran məsələlərə dair fikir mübadiləsi aparıldı.

    ***

    19:11

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 14-də Bəhreyn Krallığının xarici işlər naziri Əbdüllətif bin Rəşid Al Zayanini qəbul edib.

    Qonaq Bəhreyn Kralı Həməd bin İsa Al Xəlifənin salamlarını dövlətimizin başçısına çatdırdı və qeyd etdi ki, Kral Azərbaycanla münasibətlərə böyük önəm verir.

    Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Bəhreyn Kralına çatdırmağı xahiş etdi.

    Dövlətimizin başçısı ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin və yüksəksəviyyəli tərəfdaşlığın olduğunu dedi.

    Prezident İlham Əliyev Bəhreyn Krallığının xarici işlər nazirinin Azərbaycana səfərinin ikitərəfli əlaqələrin müxtəlif aspektlərini müzakirə etmək üçün də yaxşı imkan yaratdığını vurğuladı.

    Qonaq ölkəmizin AQEM-ə sədrliyinin uzadılması ilə bağlı Prezident İlham Əliyevə təbriklərini çatdırdı, Azərbaycanın bu təşkilata yüksək səviyyədə sədrlik etdiyini dedi.

    Görüşdə Azərbaycanla Bəhreyn arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafı ilə bağlı fikir mübadiləsi aparıldı.
    ***

    19:08

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 14-də Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü, Çin Xalq Respublikasının xarici işlər naziri Vanq Yini qəbul edib.

    Prezident İlham Əliyev Çin Xalq Respublikasına dövlət səfərini, bu əsnada Sədr Si Cinpinlə görüşlərini, həmçinin səfər çərçivəsində ölkələrimizin strateji tərəfdaşlığına dair Birgə Bəyanatın qəbul edilməsini məmnunluqla xatırladı və qeyd etdi ki, bununla da əlaqələrimiz yeni səviyyəyə qalxıb.

    Qonaq daha əvvəllər ölkəmizə səfərini və dövlətimizin başçısı ilə görüşünü məmnunluqla xatırlayaraq, Çin Xalq Respublikasının Sədri Si Cinpinin salamlarını Prezident İlham Əliyevə çatdırdı.

    Dövlətimizin başçısı salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Sədr Si Cinpinə çatdırmağı xahiş etdi.

    Prezident İlham Əliyevin Çinə səfəri zamanı Azərbaycanla Çinin strateji tərəfdaşlığına dair qəbul edilmiş Birgə Bəyanatın əhəmiyyətinə toxunan Vanq Yin vurğuladı ki, Çin Azərbaycanın etibarlı və uzunmüddətli tərəfdaşıdır.

    Bakıda gördüyü inkişaf proseslərinin onda dərin təəssürat hissi yaratdığı deyən qonaq Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin uğurlu və dinamik inkişafını qeyd etdi, bütün bunlara Azərbaycanın yaxın dostu kimi Çinin səmimi-qəlbdən sevindiyini bildirdi.

    Qonaq Çinin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini daim dəstəklədiyini qeyd etdi, ölkəmizin beynəlxalq və regional məsələlərdə artan rolunu xüsusi vurğuladı.

    O, Azərbaycanın AQEM-də sədrliyi, həmçinin ölkəmizin bu təşkilatın Zirvə Görüşünə ev sahibliyi etməsi münasibətilə təbriklərini çatdırdı.

    Xoş sözlərə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev öz növbəsində Çinin dinamik inkişafını qeyd edərək, bu ölkənin Qlobal Cənubun maraqlarını təmsil etməsinin və davamlı inkişafa verdiyi dəstəyin Azərbaycan tərəfindən yüksək qiymətləndirildiyini bildirdi.

    Dövlətimizin başçısı ölkəmizin “Vahid Çin” siyasətini daim dəstəklədiyini vurğuladı.

    Prezident İlham Əliyev, həmçinin “Bir kəmər, bir yol” layihəsinin önəmini qeyd etdi və Azərbaycanın buna dəstək verən ilk ölkələrdən biri olduğunu xatırladı.

    Orta Dəhlizin dinamik inkişaf etdiyini deyən dövlətimizin başçısı bu xüsusda Azərbaycanla Çin arasında əməkdaşlıq üçün geniş imkanların olduğunu bildirdi.

    Qonaq Azərbaycanın Orta Dəhlizdə mühüm mövqeyə malik dövlət olduğunu vurğuladı.

    Prezident İlham Əliyev dedi ki, hazırda iqtisadi-ticari əlaqələrimiz də siyasi əlaqələrin ruhuna uyğun olaraq fəal inkişaf edir. Bu xüsusda dövlətimizin başçısı Çin şirkətlərinin Azərbaycanda müxtəlif investisiya layihələrində yaxından iştirakını qeyd etdi.

    Söhbət zamanı bərpaolunan enerji sahəsində əməkdaşlıq məsələlərinə toxunuldu, ölkələrimizin separatizm, ekstremizm və radikalizmə qarşı mübarizədə əməkdaşlıq etdiyi vurğulandı.

    ***

    19:05


    Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vyetnam Sosialist Respublikasının Vitse-prezidenti xanım Vo Thi An Suan ilə görüşüblər.

    Dövlətimizin başçısı Vyetnamın Vitse-prezidenti Vo Thi An Suanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Bakıda keçiriləcək Zirvə Görüşündə iştirakına görə minnətdarlığını bildirdi, bu səfərin, eyni zamanda, gündəlikdə duran ikitərəfli məsələlərin müzakirəsi üçün imkan yaratdığını dedi.

    Özünün Vyetnama, Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın isə Azərbaycana səfərini xatırladan Prezident İlham Əliyev bu səfərlər zamanı aparılmış müzakirələrin əhəmiyyətini qeyd etdi, əlaqələrimizin strateji tərəfdaşlıq mahiyyəti daşıdığını bir daha vurğuladı.

    Azərbaycan Prezidenti ölkəmizin AQEM-də sədrliyinin müddətinin uzadılmasına göstərdiyi dəstəyə görə Vyetnama minnətdarlığını ifadə etdi.

    Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya qəbula görə təşəkkür edən qonaq ölkəmizə daha əvvəlki səfərini və dövlətimizin başçısı ilə görüşünü məmnunluqla xatırladı.

    Vitse-prezident Vo Thi An Suan Azərbaycanın əldə etdiyi nailiyyətlər, həmçinin AQEM-ə uğurla sədrliyi və bu qurumun Zirvə Görüşünün Bakıda keçirilməsi münasibətilə təbriklərini çatdırdı. O qeyd etdi ki, ölkəsi Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir.

    Azərbaycanla Vyetnam arasında tarixi əlaqələri qeyd edən qonaq Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibinin ölkəmizə səfəri zamanı strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanatın qəbul olunmasının əlaqələrimizin yeni səviyyəyə çatdırılmasında mühüm rol oynadığını bildirdi.

    Vyetnam Sosialist Respublikasının Prezidenti Ho Şi Minin Azərbaycana, Ulu Öndər Heydər Əliyevin SSRİ rəhbərliyində olduğu zaman Vyetnama, həmçinin dövlətimizin başçısının bu ölkəyə səfərləri məmnunluqla xatırlandı, bu tarixi irsin Azərbaycan-Vyetnam əlaqələrinin inkişafında mühüm rol oynadığı qeyd edildi.

    Qonaq Vyetnamın azadlıq mübarizəsindən sonra bu ölkənin inkişafında, həmçinin energetika sektorunun bərpasında, kadr potensialının hazırlanmasında vaxtilə Azərbaycanın göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini deyərək, bunun ölkələrimiz arasında əməkdaşlıq üçün yaxşı tarixi ənənə və əsas yaratdığını qeyd etdi. O, həmçinin sovet dövründə minlərlə vyetnamlı tələbənin Azərbaycanda təhsil aldığını məmnunluqla xatırladı.

    Görüşdə Azərbaycan və Vyetnamın beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı qeyd edildi, siyasi əlaqələrimizin ruhuna uyğun olaraq iqtisadi, ticarət, nəqliyyat-logistika, bərpaolunan enerji, turizm, sərmayələr, azad viza rejiminin tətbiqi sahələrində tərəfdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıldı.

    Energetika sahəsində əməkdaşlığa toxunularaq, SOCAR ilə “PetroVyetnam” arasında Anlaşma Memorandumunun imzalandığı və bundan irəli gələrək tərəfdaşlığın daha da genişləndirilməsi ilə bağlı məsələlər müzakirə olundu.

    Qonaq Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Vyetnamda həyata keçirdiyi humanitar və mədəni layihələrə görə təşəkkürünü bildirdi, Fondun vitse-prezidenti Leyla Əliyevanın Vyetnama səfərini məmnunluqla xatırladı.

    ***

    19:02

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 14-də Şri-Lanka Demokratik Sosialist Respublikasının xarici işlər, xarici məşğulluq və turizm naziri Vicita Heratı qəbul edib.

    Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Zirvə Görüşünə dəvətə görə minnətdarlığını bildirən qonaq bu mötəbər tədbirin Bakıda keçirilməsi, həmçinin Azərbaycanın uğurlu sədrliyi münasibətilə dövlətimizin başçısını təbrik etdi. O, Zirvə Görüşünün iştirakçı ölkələr arasında əməkdaşlığın genişləndirilməsinə töhfə verəcəyinə əminliyini bildirdi.

    Prezident İlham Əliyev Azərbaycanın AQEM-ə sədrliyi ilə əlaqədar qərarı dəstəklədikləri üçün üzv ölkələrə, həmçinin Şri-Lankaya təşəkkürünü bildirdi. Dövlətimizin başçısı qeyd etdi ki, bu, ölkəmizin təşkilata uğurlu sədrliyinin, həmçinin Azərbaycana olan hörmət və etimadın göstəricisidir.

    Azərbaycan Prezidenti Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirinin ölkəmizə səfərinin, eyni zamanda, ikitərəfli əməkdaşlıqla bağlı məsələləri müzakirə etmək üçün də yaxşı imkan yaratdığını dedi.

    Vicita Herat son təbii fəlakətlər zamanı ölkəmizin Şri-Lankaya göstərdiyi humanitar yardıma görə minnətdarlığını ifadə etdi.

    Görüşdə Azərbaycanın və Şri-Lankanın beynəlxalq təşkilatlar, o cümlədən BMT, Qoşulmama Hərəkatı və AQEM çərçivəsində yaxşı əməkdaşlığının olduğu vurğulandı.

    Siyasi əlaqələrin səviyyəsinə uyğun olaraq iqtisadiyyat, ticarət, turizm sahələrində də münasibətlərimizin genişləndirilməsi imkanları ilə bağlı fikir mübadiləsi aparıldı. Şri-Lankadan olan tələbələrin Azərbaycanda təhsil aldıqları qeyd edilərək, bu sahədə əməkdaşlığın perspektivləri müzakirə olundu.