Prezident iş qrafikinin sıxlığı səbəbindən Rusiyaya getmədi
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin şərhi
Xatırladaq ki, ötən il Azərbaycan Prezidenti məhz Sankt-Peterburqda keçirilən analoji tədbirə gedərkən Bakı-Qroznı marşrutu üzrə uçan Azərbaycan Hava Yollarına (AZAL) məxsus mülki təyyarə Rusiya səmasında qəzaya uğramaşdı. Prezident təyyarəsini havada ikən geri çevirərək Bakıya qayıtmağı qərara almış və elə Bakı hava limanındaca təcili toplantı keçirmişdi.
Təyyarə qəzası sonrası Rusiya tərəfinin davranışı ötən bir ildə Bakı-Moskva münasibətlərində gərginliyə səbəb oldu. Dönüş nöqtəsi bu il oktyabrın 9-da Düşənbədə keçirilən MDB sammitində Azərbaycan və Rusiya prezidentlərinin görüşü zamanı baş verdi. Rusiya Prezidenti Vladimir Putin üzr istədi və AZAL mülki təyyarəsinin Rusiya Hava Hücumundan Müdafiə Qüvvələrinin əməliyyatı səbəbindən qəzaya uğradığını etiraf etdi. O, bunu özünəməxsus şəkildə etdi, amma əsas məqam "belə vəziyyətlərdə nə tələb olunursa, onu edəcəyinə" söz verməsi idi.
Əlbəttə ki, belə vəziyyətlərdə etiraf etmək, üzr istəmək, təzminat ödəmək və günahkarları cəzalandırmaq tələb olunur!
Lakin Rusiya tərəfi tələb olunanları etmək əvəzinə, yarımçıq açıqlamalar və hərəkətsizliyi tərcih etdi.
Oktyabrın əvvəlindən təxminən iki ay yarım keçib!!!
Faciənin ildönümü artıq yaxınlaşır və bu zamanadək qəzanın səbəblərini araşdıran komissiya öz işini başa çatdırmalı idi. Lakin Qazaxıstan tərəfinin açıqlamalarından da göründüyü kimi, proses hələ də davam edir və Rusiya tərəfi hələ də işin öz üzərinə düşən hissəsini başa çatdırmayıb.
Bu müddət ərzində hər kəsə aydın oldu ki, Azərbaycanın mövqeyi tamamilə haqlıdır və yeganə düzgün mövqedir.
Lakin, bu iki ay yarım ərzində, Prezident Putinin vədlərinə baxmayaraq, Rusiya "belə vəziyyətlərdə tələb olunanı etmək" istiqamətində heç bir addım da atmayıb. İstintaq tədbirləri yarımçıq qalıb, kompensasiya ödənilməyib və məsul şəxslər cəzalandırılmayıb.
Elə isə bu şəraitdə Azərbaycan Prezidenti MDB dövlət başçılarının qeyri-rəsmi sammitində necə iştirak edə bilərdi?!
Rusiya həqiqətənmi düşünürdü ki, Azərbaycan rəhbərliyi təyyarə ilə bağlı qərar olmadan Rusiyaya uçacaq?! Məhz Rusiyaya... çünki Azərbaycanın MDB sammitinin özü ilə heç bir problemi yoxdur. Bu, Düşənbədə nümayiş etdirildi!
Azərbaycan Mərkəzi Asiya ilə münasibətlərini keyfiyyətcə yeni səviyyəyə qaldırıb. Bu region MDB-nin üçdə ikisini təmsil edir. Ermənistanla ikitərəfli münasibətlər irəliləyir, Belarusla da ikitərəfli münasibətlər yaxşıdır.
Deməli, yalnız Rusiya qalır... və səbəb hamıya aydındır!
Beləliklə, Azərbaycan Prezidenti bir daha AZAL təyyarə qəzası ilə bağlı ardıcıllığını və prinsipiallığını nümayiş etdirir. Azərbaycan danışıqlarda konstruktivlik nümayiş etdirir və Rusiyadan yarımçıq deyil, bütöv addımlar gözləyir.
Bəs sonra nə olacaq?
Kremlin vəd etdiyi tədbirlərin olmaması səbəbindən Azərbaycan-Rusiya münasibətləri ili həll olunmamış təyyarə böhranı fonunda başa vurur. Rusiya tərəfinin nə etmək niyyətində olduğunu müəyyənləşdirmək üçün hökumətlərarası komissiyanın, xüsusən də onun rusiyalı üzvlərinin öz işlərini başa çatdırmalarını gözləməliyik.
Azərbaycanın mövqeyi olduqca aydındır və Azərbaycan Prezidenti tərəfindən bəyan edilib: Prezident Putin tərəfindən təsdiqlənmiş Azərbaycanın ədalətli tələbləri yerinə yetirilərsə, Bakı təyyarə qəzası məsələsini bağlamağa, əks halda isə beynəlxalq alətlərdən istifadə edərək öz mövqeyinin müdafiəsinə davam etməyə hazırdır.
4 dəqiqə