Prezident və xanımı Şuşada tədbirlərdə iştirak edib FOTO
Prezidenti ailə üzvləri də müşayiət edib FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri mayın 10-da Şuşa şəhərində 23 binadan ibarət yaşayış kompleksində aparılan tikinti işləri ilə tanış olublar.
Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov dövlətimizin başçısına və birinci xanıma görülən işlər barədə məlumat verib.
Bildirilib ki, 23 binadan ibarət yaşayış kompleksinin ümumi sahəsi 8 hektara yaxındır. Burada 8 binanın tikintisinə ötən il iyulun 1-də, 15 binanın inşasına isə sentyabrın 1-də başlanılıb. Kompleksin tikintisinin bu ilin sonunda başa çatdırılması planlaşdırılır.
Diqqətə çatdırılıb ki, yaşayış kompleksində ümumilikdə 450 mənzil istifadəyə veriləcək. Burada 28 birotaqlı, 195 ikiotaqlı, 190 üçotaqlı, 30 dördotaqlı və 7 beşotaqlı mənzil olacaq. Bu kompleksdəki mənzillərin əksəriyyəti keçmiş məcburi köçkünlərin istifadəsinə veriləcək. Mənzillərin bir hissəsi isə Şuşada çalışan işçilərin xidməti istifadəsi üçün nəzərdə tutulub. Üçmərtəbəli və beşmərtəbəli binalardan ibarət kompleksdə sakinlərin rahat yaşayışı üçün hər cür şərait yaradılacaq. Ərazidə geniş abadlıq və yaşıllaşdırma işləri görüləcək.
Prezidenti ailə üzvləri də müşayiət edib.
***
Mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Şuşa şəhərində 17 binadan ibarət 2-ci yaşayış kompleksinin təməlinin qoyulması mərasimində iştirak ediblər.
Dövlətimizin başçısına və birinci xanıma kompleksdə görüləcək işlər barədə məlumat verilib.
Bildirilib ki, Şuşa şəhərinin Baş planına uyğun olaraq, D4 zonasında 4,25 hektar ərazidə inşa ediləcək kompleksdə ikimərtəbəli və üçmərtəbəli binalar tikiləcək. Kompleksdəki 238 mənzildən 119-u ikiotaqlı, 119-u isə üçotaqlı olacaq.
Bu yaşayış kompleksində sakinlərin rahatlığı üçün hər cür şərait yaradılacaq, istirahət, idman, uşaq əyləncə sahələri istifadəyə veriləcək, geniş abadlıq və yaşıllaşdırma işləri görüləcək.
Dövlətimizin başçısı Şuşada 17 binadan ibarət 2-ci yaşayış kompleksinin təməlini qoyub.
***
Mayın 10-da Şuşada Heydər Əliyev və 8 Noyabr küçələrinin kəsişməsində lövhələrin açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri tədbirdə iştirak ediblər.
Dövlətimizin başçısına və birinci xanıma küçələrdə görüləcək işlər barədə məlumat verilib.
Bildirilib ki, Heydər Əliyev küçəsinin uzunluğu 1751 metr, eni isə yol yatağına uyğun olaraq 10-14 metr aralığında dəyişir. 8 Noyabr küçəsinin uzunluğu 2912 metr, eni 10 metrdir. Bu küçələr də müasir səviyyədə yenidən qurulacaq, bütün zəruri infrastruktur yaradılacaq.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri mayın 10-da Şuşa Otel-Konqres Mərkəzi Kompleksinin açılışında iştirak ediblər.
İqtisadiyyat naziri Mikayıl Cabbarov dövlətimizin başçısına və birinci xanıma Şuşa Otel-Konqres Mərkəzi Kompleksində yaradılan şərait barədə məlumat verib.
Xatırladaq ki, erməni işğalı dövründə burada Azərbaycan Prezidentinin təbirincə desək, “şeytan yuvası” – “parlamentin” binasının tikintisi planlaşdırılırdı. Ancaq indi həmin yerdə beşulduzlu otelin açılışı gerçəkləşdirilir. Prezident İlham Əliyev Şuşaya ilk səfərində - 2021-ci il yanvarın 14-də bu barədə demişdi: “Qondarma rejim bəyan etmişdi ki, “Dağlıq Qarabağ respublikası”nın “parlamentini” Şuşa şəhərinə köçürəcək. Beləliklə, Şuşa şəhərini erməniləşdirmək üçün növbəti cəhd edilməli idi. Bax, bu binanı onlar “Dağlıq Qarabağ respublikası”nın “parlament” binası kimi inşa etməyə başlamışdılar. Ancaq çatdıra bilmədilər. Biz gəldik, bu torpağın sahibləri gəldi, onları buradan qovdu və beləliklə, onların bu çirkin əməlləri həyata keçmədi”.
Təməli 2021-ci il avqustun 29-da Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə qoyulan Şuşa Otel-Konqres Mərkəzi Kompleksi şəhərin mərkəzində - Zəfər yolunun üzərində yerləşir. 2022-ci ildə - “Şuşa İli”ndə Karvansaray konsepti əsas götürülən layihənin inşasına başlanılıb. Tikinti işlərinə yerli və xarici şirkətlər cəlb edilib. Bina həm klassik, həm də postmodern memarlıq üslubunda layihələndirilib və mürəkkəb konstruktiv quruluşa malikdir.
Bildirilib ki, beşulduzlu kompleks müasir və milli memarlıq üslublarının sintezi ilə dizayn olunub. Binanın daxili dizaynı Azərbaycanın iqliminin, mədəniyyətinin, tarixinin müxtəlifliyini və zənginliyi əks etdirir. Şuşa Otel-Konqres Mərkəzi Kompleksinin xarici görünüşündə ornamental kompozisiyalar və milli memarlıq elementləri tətbiq olunub. Həmçinin fasadın üzlənməsində Şuşanın tarixi binalarının tikintisində işlənilən yerli daşdan istifadə olunub. Bundan əlavə, mərkəzin eyvanları, şimal və cənub fasadları ənənəvi memarlıq quruluşunda, Şuşanın tarixi binalarının - XIX əsrə aid Zöhrabbəyovun evi, Üzeyir Hacıbəyovun ev-muzeyinin tikintisində istifadə olunmuş taxta tərkibli materiallardan (əsasən palıd) hazırlanıb. Binanın fasad örtüyünün üzərində və vestibülün girişinin üzlüyündə təbii Şuşa daşı ilə hazırlanmış relyef işləmələr mövcuddur.
Kompleks fərdi üslubu, yüksək keyfiyyəti və çoxsaylı xidmət növləri ilə fərqlənir. Nadir memarlıq həlli ilə diqqəti cəlb edən, dörd mərtəbədən və zirzəmidən ibarət Şuşa Otel-Konqres Mərkəzi Kompleksində 154 otaq, konfrans və ziyafət zalları, restoran, hovuz, SPA, fitnes və digər xidmət bölmələri yaradılıb.
Şuşa Otel-Konqres Mərkəzi Kompleksinin texniki təchizatı, idarəetmə və enerji təminatı sistemi beynəlxalq standartlara uyğun qurulub. Belə ki, kompleksdə tətbiq olunan müasir idarəetmə panelləri səmərəli fəaliyyəti, təhlükəsizliyi və qonaqların rahatlığını təmin edəcək. Bununla yanaşı, binada ən yüksək texniki normalara uyğun havalandırma sistemləri tətbiq olunub. Kompleksin elektrik enerjisi ilə fasiləsiz və dayanıqlı təmin olunması məqsədilə generatorlar quraşdırılıb. Həmçinin binanın dam örtüyündə yüksək enerji səmərəliliyini təmin edən Günəş enerjisi panelləri də yerləşdirilib ki, bu da “təmiz” enerjiyə keçid istiqamətində görülən işlərin növbəti nümunəsidir.
Qeyd edək ki, Şuşa Otel-Konqres Mərkəzi Kompleksinin kitabxanasında 1000-ə qədər kitab mövcuddur. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, TÜRKSOY, ölkəmizdəki bir sıra səfirliklər (Türkiyə, Qazaxıstan, Qırğızıstan, Macarıstan, Özbəkistan, Türkmənistan) və Tatarıstanın daimi nümayəndəliyi bu kitabxanaya ümumilikdə 215-ə qədər kitab hədiyyə edib.
Oteldə “Miras Rəsm Qalereyası” tərəfindən Azərbaycanın mədəni irsinə həsr olunan, “Doğma Mədəniyyət Ocağımız” şüarı altında sərgi açılıb. Sərgidə Qarabağdan olan korifey sənətkarlarımızın, eləcə də Azərbaycanın bu bölgəsindən ilham almış şəxslərin əsərləri nümayiş olunur. Ekspozisiyada Xalq rəssamları Nadir Əbdürrəhmanov, Maral Rəhmanzadə, Altay Hacıyev, Səttar Bəhlulzadəyə məxsus 23 rəsm əsəri, o cümlədən qarabağlıların portretləri, eləcə də bu ərazinin gözəl dağ mənzərələri yer alıb. Qarabağ mövzusundan ilhamlanan Xalq rəssamı Akif Əsgərovun, heykəltaraşlar Cavanşir Məmmədovun və Müşfiq Heydərovun 6 sənət nümunəsi də tamaşaçılara təqdim olunur.
Kompleksin ətrafında mövcud ağaclar qorunmaqla geniş sahə yaşıllaşdırılıb, yeni ağaclar və bəzək gülləri əkilib, həyətində müasir interyerə malik daxili bağ salınıb. Burada qapalı və açıq avtomobil dayanacaqları vardır.
Dövlətimizin başçısına və birinci xanıma məlumat verilib ki, kompleksin yaxınlığında XVIII əsrin sonlarında Ağa Məhəmməd şah Qacarın Şuşaya hücumu ərəfəsində şəhərin müdafiəsinin təşkili məqsədilə İbrahimxəlil xanın göstərişi əsasında fəaliyyət göstərən silah emalatxanası və hazır silah-sursatın saxlanılması üçün anbar və emalatxananın həyətində qazılmış təsərrüfat quyusu da buraya gələcək qonaqlara nümayiş etdiriləcək.
x x x
Qeyd edək ki, Vətən müharibəsində Azərbaycanın qazandığı böyük Zəfərlə ərazi bütövlüyümüzün bərpa olunması, işğaldan azad edilmiş torpaqlarımızın iqtisadiyyata reinteqrasiyası ölkəmizin inklüziv və dayanıqlı inkişafı üçün əlavə üfüqlər açır. İşğaldan azad olunmuş torpaqlarımızın zəngin iqtisadi potensialı bu ərazilərin bərpası və yenidən qurulması prosesini də sürətləndirir.
İşğaldan azad edilmiş torpaqlarımız tarixi-mədəni dəyərləri ilə yanaşı, füsunkar təbiətə, yeraltı və yerüstü sərvətlərə, geniş turizm imkanlarına malikdir. Bölgədə müalicəvi turizm, istirahət turizmi, ekoturizm və turizmin digər növlərinin inkişaf etdirilməsi üçün böyük imkanlar var.
Bu ərazilərin turizm potensialının səmərəli istifadəsi, regionun rəqabət qabiliyyətli turizm məkanına çevrilməsi üçün geniş tədbirlər həyata keçirilir. Bu baxımdan Füzuli və Zəngilanda tikilən, Laçında təməli qoyulan beynəlxalq hava limanları azad edilmiş ərazilərimizin turizm potensialının reallaşmasında, turist cəlbində mühüm rol oynayacaq.
Şuşa şəhəri tarixən Azərbaycanın mədəni, ictimai, siyasi həyatının mühüm mərkəzlərindən biri olub. 1977-ci ildə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə “Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqında” qərar qəbul edilib. Həmin qərarın nəticəsində Şuşada tarixi-mədəni irsin qorunması istiqamətində əhəmiyyətli addımlar atılıb. Lakin işğal nəticəsində Şuşadakı bir sıra tarixi-mədəniyyət abidələri düşmən tərəfindən talan edilib, şəhərin memarlığına və milli-mədəni irsimizə misli görünməmiş ziyan vurulub.
İkinci Qarabağ müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu Şuşa şəhərini 2020-ci il noyabrın 8-də işğaldan azad etdi. Məhz Şuşa qalibiyyəti xalqımızın qəhrəmanlıq ruhunun təntənəsinə çevrildi, tariximizə Zəfər Günü kimi həkk olundu. Şuşa Zəfərindən dərhal sonra şəhərdə infrastrukturun qurulması ilə yanaşı, tarix və mədəniyyət abidələrinin bərpasına başlanılıb.
Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşada bu gün şəhərin əsl tarixi simasının bərpası yönündə nəhəng layihələr gerçəkləşdirilir. Memarlıq və şəhərsalma sənətinin parlaq incisi olan Şuşa, həmçinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilib.
Şuşa mədəniyyət paytaxtı olduğu kimi, turizm mərkəzi olmaq imkanına da malikdir. Burada təbiət və mədəniyyətin nadir ahənginə şahid olmaq mümkündür. Şuşa şəhəri həm fəsil, həm də nadir memarlıq üslubu baxımından fasiləsiz turizm potensialına sahibdir və bu potensiala uyğun turizm infrastrukturunun yaradılmasına xüsusi diqqət yetirilir.
***
Daha sonra İlham Əliyev və Mehriban Əliyeva Prezident İlham Əliyevin tapşırığına əsasən, Şuşa şəhərində dövlət xidmətləri mərkəzinin yenidənqurma və təmir işlərinə başlanılması ilə bağlı tədbirdə iştirak ediblər.
Dövlət başçısı, birinci xanım və ailə üzvləri Şuşada Yaradıcılıq Mərkəzinin Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işlərindən sonra açılışında iştirak edib, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində burada təşkil edilən “Heydər Əliyev və Qarabağ” fotosərgisi və Gül Festivalı ilə tanış olublar.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri mayın 10-da Şuşada Xurşidbanu Natəvan və Zəfər küçələrində, həmçinin Qarabağ və Xan Şuşinski küçələrinin kəsişməsindəki lövhələrin açılışlarında iştirak ediblər.
Dövlətimizin başçısına və birinci xanıma küçələrdə görüləcək işlər barədə məlumat verilib.
Bildirilib ki, uzunluğu 438 metr, eni isə 14 metr olan Xurşidbanu Natəvan küçəsi şəhərin tarixi-mərkəzi hissələrini əhatə edir. Vətən müharibəsində Şanlı Qələbənin şərəfinə adlandırılan Zəfər küçəsinin uzunluğu 1963 metr, eni isə yol yatağına uyğun olaraq 10-11 metr aralığında dəyişir. Şuşada əsas küçələrdən biri də Qarabağ küçəsidir. Bu küçənin uzunluğu 338 metr, eni isə 11 metrdir. Azərbaycanın Xalq artisti, görkəmli xanəndə Xan Şuşinskinin adını daşıyan küçənin uzunluğu 293 metr, eni isə 10 metrdir.
Qeyd olunub ki, Şuşanın tarixi-mədəni irsinin bir sıra nümunələrinin yerləşdiyi bu küçələr şəhərin orijinal memarlıq üslubuna uyğun qaydada yenidən qurulacaq. Yenidənqurma işləri zamanı bu küçələrdə ən müasir infrastruktur yaradılacaq.
Dövlətimizin başçısı küçələrin adlarının yazıldığı lövhələrin üzərindən örtükləri götürüb.
***
Mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Şuşada Yuxarı Gövhər Ağa məscidinin əsaslı yenidənqurma və bərpa işlərindən sonra açılışında iştirak ediblər.
Dövlətimizin başçısı və birinci xanım, həmçinin ensiklopedik alim Mir Möhsün Nəvvab Qarabağiyə həsr olunmuş sərginin açılışında iştirak ediblər.
Əvvəlcə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya məsciddə görülən işlər barədə məlumat verilib.
Bildirilib ki, Yuxarı Gövhər Ağa məscidində 2021-ci ilin sonlarından aparılan bərpa işləri başa çatıb. Məscid ölkə əhəmiyyətli tarixi-mədəniyyət abidələri siyahısındadır. Məscidin müəllifi məşhur memar Kərbalayi Səfixan Qarabağidir. Bu, müəllifin ən yaxşı əsərləri sırasına daxildir. Məscidin minarələrinin ornamentləri və otaqların divar rəsmləri Şuşa şəhərində yaşayıb-yaratmış şair, rəssam və xəttat Mir Möhsün Nəvvab Qarabaği tərəfindən işlənib.
Şuşa şəhəri işğal altında olduğu müddətdə Yuxarı Gövhər Ağa məscidi ermənilər tərəfindən dağıdılmışdı. Şəhər işğaldan azad edildikdən sonra məsciddə başlanılan konservasiya və bərpa işləri Azərbaycan, İtaliya və Türkiyə şirkətlərinin konsorsiumu tərəfindən Avstriyanın “Wehdorn Architekten” şirkətinin nəzarəti ilə ilkin memarlıq üslubuna uyğun aparılıb. Layihə “PAŞA Holding”in maliyyə dəstəyi ilə həyata keçirilib.
Məscidin daxilindən götürülən məhlul, suvaq, təbii daş, kərpic, ağac və boya nümunələri təhlil və düzgün konservasiya üsullarını əldə etmək məqsədi ilə Türkiyədəki Fatih Sultan Mehmet Vəqfi Universiteti nəzdindəki Ahmet Refik Ersen Restavrasiya və Konservasiya laboratoriyasında araşdırılıb.
Bu günədək məsciddə möhkəmləndirmə işləri görülüb. İşğal dövründə məscidə ermənilər tərəfindən edilmiş müdaxilələr aradan qaldırılıb.
Şuşa şəhərindən Bakıya gətirilmiş sal qaya parçalarından emalatxanada pəncərə haşiyələrinin daş kəsimi və fiqur hazırlanması işləri aparılıb. Minarələrin boya işləri və qoruyucu qatın tətbiqi yekunlaşıb, məscidin dam örtüyünün qurulması həyata keçirilib.
Məlumat verilib ki, bərpa işləri mədrəsə binasını da əhatə edib. Məscidin mədrəsə hissəsində taxta dam konstruksiyanın qurulması işləri tamamlanıb. Mövcud döşəmə örtüyünün sökülməsi və qalıqların təmizlənməsi işləri başa çatdırılıb. Hazırda mədrəsə binasının ərazisində məscid minarəsinin ornamentləri və otaqların rəsmlərini işləmiş Mir Möhsün Nəvvab Qarabağiyə həsr olunan sərgi açılıb.
Dövlətimizin başçısı, birinci xanım və ailə üzvləri, həmçinin məscidin ərazisində yerləşən mədrəsə binasında “Mir Möhsün Nəvvab Qarabaği – XIX əsrin ensiklopedik alimi” sərgisi ilə tanış olublar.
Qeyd edək ki, Qarabağ ədəbi mühitinin görkəmli nümayəndələrindən biri - istedadlı şair, rəssam, musiqişünas, filosof, pedaqoq Mir Möhsün Nəvvab Qarabağiyə həsr olunmuş sərgidə onun Milli Azərbaycan Tarixi Muzeyində qorunan və XVIII–XIX əsrlərə məxsus Azərbaycan silah sənətini özündə təcəssüm etdirən şəxsi silah kolleksiyası, şairin müəllifi olduğu, illüstrasiya çəkdiyi və Şuşada öz nəşriyyatında çap etdiyi kitablar, onun musiqi, kimya, astronomiya sahəsində fəaliyyətinin əks olunduğu eksponatlar nümayiş etdirilir. Sərgidə astronomiya elmi ilə maraqlanan Mir Möhsün Nəvvabın bu sahə üzrə çəkdiyi cədvəllər, səma cisimlərinin yerləşməsi və Günəş tutulmaları ilə bağlı sxemləri də nümayiş olunur.
***
Mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Şuşada Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işlərindən sonra Saatlı məscidinin açılışında iştirak ediblər.
Dövlətimizin başçısına və birinci xanıma görülən işlər barədə məlumat verilib.
Bildirilib ki, Şuşadakı Saatlı məscidi 1883-cü ildə memar Kərbəlayi Səfixan Qarabağinin layihəsi əsasında inşa olunub. XIX əsrin memarlıq abidəsi olan Saatlı məscidinin inşa edildiyi yerdə əvvəl Molla Pənah Vaqifin dərs keçdiyi bir-birinə bitişik mədrəsə və məscid binaları olub.
Şuşa şəhəri işğal altında olduğu müddətdə digər məscidlər kimi Saatlı məscidi də ermənilər tərəfindən dağıdılmışdı. 2021-ci ilin dekabrından məsciddə Heydər Əliyev Fondu tərəfindən bərpa işlərinə başlanılıb. “PAŞA Holding”in maliyyə dəstəyi ilə həyata keçirilən konservasiya və restavrasiya işləri Azərbaycan, İtaliya və Türkiyə şirkətlərinin konsorsiumu tərəfindən Avstriyanın “Wehdorn Architekten” şirkətinin nəzarəti ilə məscidin ilkin memarlıq üslubuna uyğun olaraq aparılıb.
İşğal zamanı məscidə edilən müdaxilələr aradan qaldırılıb və divarların gücləndirilməsi işləri görülüb. Həmçinin zədələnmiş ön sütunun gücləndirilməsi işləri həyata keçirilib, məscidin döşəməsi bərpa edilib.
Aparılan analizlər nəticəsində minarənin üzərindəki naxışların ilkin rəngi müəyyən olunub və minarə ona uyğun bərpa edilib, ornamentlər bütün incəliklərinə qədər qorunub saxlanılıb.
Dövlətimizin başçısı, birinci xanım və ailə üzvləri məscidin həyətində ağac əkiblər.
***
Mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Milli Xalça Muzeyinin Şuşa filialının açılışında iştirak ediblər.
Dövlətimizin başçısına və birinci xanıma görülən işlər barədə məlumat verilib.
Bildirilib ki, Milli Xalça Muzeyinin Şuşa filialının XIX əsrin ikinci yarısında tikilmiş binası şəhərin Yuxarı məhəlləsində yerləşir. İşğal dövründə bina yararsız hala düşdüyündən və tarixi görkəminə müdaxilələr edildiyindən burada 2021-ci ildən etibarən Heydər Əliyev Fondu tərəfindən bərpa işlərinə başlanılmışdı. Görülmüş işlər nəticəsində binanın daxili divarları, döşəmələri, tavanları bərpa olunub. Sonradan alçıpanla bağlanılan qapı, pəncərə, tavan və arakəsmə divarlar götürülərək binanın tarixi siması özünə qaytarılıb. Binanın fasadındakı çatlar bərpa olunub və daşla üzlənib.
Qarabağ torpaqlarının Ermənistanın işğalına məruz qaldığı dövrdə Azərbaycan Milli Xalça Muzeyi filialda saxlanılan sənət nümunələrinin təhlükədə olduğunu nəzərə alaraq, 1992-ci il fevralın 29-da onların təxliyəsini təşkil etmişdi. Beləliklə, Şuşa filialının kolleksiyasındakı 246 eksponatdan 183-ü Bakıya gətirilmişdi. Şəhər işğal altında olduğu dövrdə Şuşa filialı öz fəaliyyətini Azərbaycan Milli Xalça Muzeyində davam etdirirdi.
Hazırda Şuşada yeni xalça ekspozisiyası təqdim olunur.
Dövlətimizin başçısı, birinci xanım və ailə üzvləri muzeydə sərgilənən eksponatlar və sənət əsərləri ilə tanış olublar.
Ekspozisiyada vaxtilə təxliyə edilmiş və əsasən XVIII-XX əsrlərə aid eksponatlarla yanaşı, son illər filialın kolleksiyasına daxil edilən dəyərli xalçalar da sərgilənir. Burada ümumilikdə 115 ədəd xovlu və xovsuz xalça, xalça məmulatları, arxeoloji materiallar, milli tikmə və geyim dəstləri, zərgərlik və bədii metal nümunələri yenidən nümayiş olunur.
Ziyarətçilərin eksponatlar haqqında daha dolğun məlumat əldə edə bilmələri üçün ekspozisiyada sensor ekran quraşdırılıb. Ekranda Qarabağın, xüsusilə də Şuşanın maddi və qeyri-maddi irs nümunələri, kübar ailələri, xarici kolleksiyalarda qorunan Qarabağ xalçaları, Şuşa filialının 1992-2022-ci illər ərzindəki fəaliyyəti haqqında məlumatlar verilir.
Azərbaycan Milli Xalça Muzeyinin Şuşa filialında sərgilənən sənət əsərləri qədim Qarabağ torpağının ruhunu, əsrlərlə burada yaşayıb-yaratmış insanların, o cümlədən sənətkarların həyat və məişətini, estetik zövqünü, bədii dünyagörüşünü duymağa, həmin tarixi mühiti təsəvvür etməyə imkan yaradır.
***
Sonra Azərbaycan Prezidenti və birinci xanım Şuşada Dəmir Yumruq küçəsinin lövhəsinin açılışında iştirak ediblər.
dövlətimizin başçısına və birinci xanıma küçədə aparılan bərpa-yenidənqurma işləri barədə məlumat verilib.
Azərbaycanın Vətən müharibəsində tarixi Qələbəsini təmin edən və xalqımızın sarsılmaz birliyinin rəmzinə çevrilən Dəmir Yumruğun şərəfinə adlandırılan bu küçə şəhərin mərkəzi hissələrini əhatə edir. Dəmir Yumruq küçəsinin uzunluğu 2473 metr, eni isə yol yatağına uyğun olaraq 10-15 metr aralığında dəyişir. Bərpa-yenidənqurma işləri Şuşanın tarixi görkəminə uyğun qaydada yüksək səviyyədə aparılır.
Dövlətimizin başçısı Dəmir Yumruq küçəsinin lövhəsinin açılışını edib.