BLOQ

Prezidentlərin görüşü niyə baş tutmadı?

İranın Bakıdakı səfiri Seyid Abbas Musəvi demişdi ki, Xudafərində İran və Azərbaycan prezidentləri görüşəcəklər

Prezidentlərin görüşü niyə baş tutmadı?
  • Oxuma müddəti:

    4 dəqiqə

  • İran Prezidenti İbrahim Rəisi gərək aşağıdakı fotoşəklini unutmasın.

    2021-ci il prezident seçkiləri zamanı məhz Azərbaycan bu xorasanlı, məşhədli namizədi qələbə səsləri ilə təmin etdi. Azərbaycan  deyəndə diksinməyin. Səsləri təkcə o tay Azərbaycan seçicisi verməmişdi. Bu tayda da fikir var idı ki, nüfuzlu Xorasan klanını təmsil edən İbrahim Rəisi İmam Rza nəslindəndir. Ağır, sınaqlı seyiddir. 

    İranda seyidlər türklərlə farsları barışdıran qüvvə sayılır. 2021-ci ildə də seyidlər, o cümlədən İbrahim Rəisi bu missiyanı təkcə İran çərçivəsində deyil, Arazın hər iki sahilində təmin etməli idi. 44 günlük müharibənin İrana təsiri o vaxt çox güclü idi. 44 günlük müharibəyə qarşı o vaxt bircə söz, jurnalistik klişe vardı İran mətbuatında - “Sizin 44 günlük müharibəniz var, bizim isə 44 illik ordu quruculuğu təcrübəmiz”.

    O vaxt İbrahim Rəisi özünün seçki kampaniyasının son günündə Təbrizə gələrək Məqbərətüş-Şüara məzarlığını, şair Şəhriyarın qəbrini ziyarət etdi. Özünün qələbə xəbərini də bax bu zaman eşitdi.

    O vaxt çəkilmiş bu çox mənalı şəkli diqqətinizə çatdırırıq.


    Şəkili görən Bakı da, Təbriz də elə düşündü ki, yox... İbrahim Rəisi seyiddir... Milli təəssübkeşlik göstərməyəcək. Arazın hər iki tayında Şəhriyar vəsiyyətinə uyğun siyasət yürüdəcək.

    Məqbərətüş-Şüarada, Şəhriyarın məzarı üzərində çəkilmiş bu fotonun davamı Xudafərindəki növbəti fotolar ola bilərdi.

    Xatırladıram: bu yaxınlarda İranın Bakıdakı səfiri Seyid Abbas Musəvi demişdi ki, muştuluğumu verin, bəs Xudafərində hər iki ölkə prezidenti Novruz tonqalı ətrafında görüşəcəklər. Yumurta döyüşdürməyəcəklər özü də. Bayram sovqatları ötürəcəklər bir-birilərinə.


    İbrahim Rəisi görünür 2021-ci ildə Şəhriyarın məzarı üstə verdiyi lal mesajları bu dəfə təkrarlamaq niyyətində idi. Ancaq dövlətlərin həmişə qoşa siyasəti olur. Prezidentlər adətən bir mövzunu iki fərqli dosyedə həll edər, lap axırda birinə üstünlük verərlər. İran siyasi masasında iki fərqli dosye var Azərbaycan haqqında. Biri fars irqçilərinin “Ariana” layihəsidir. İkincisi, “Seyid”lərin layihəsi.
    “Seyid” layihəsində Şəhriyar da var, Arazın hər iki sahili, Xudafərin də. Bu layihə çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev ilə İran Prezidenti İbrahim Rəisi Araz sahilində, Xudafərində fotosessiya keçirə bilərdilər. Şəhriyarın ruhuna, təbrizlilərə verdiyi vədə ağayi Rəisi bu görüş baş tutarsa, həəə...ciddi töhfələr vermiş olardı.

    Fotosessiya alınmadı.

    “Ariana” layihəsinə uyğun olaraq Parisdəki İran səfiri dəyişdi.

    Tehran “Ariana” layihəsini pedallaşdırmağa başladı. Səfirin dəyişməyi uzaq hədəflidir - agentura şəbəkəsi dəyişəcək ilk növbədə. Nüfuz agentləri əvəzlənəcək. İran, Avropada artıq islamçı yox...mədəni, sivil, avropasayağı “Ariana” layihəsini tirajlayacaq.

    İran XİN-i həmişə fars millətçilərinin kölgə hökuməti olub. Mason lojası kimi təşkilatlanıb. Türkmənçay müqaviləsi memarı Mirzə Əbül Həsən xan Şirazinin mirasıdır. Türklər İranda həmişə dövləti, ordunu idarə edərdi, farslar isə xarici siyasəti. Bu dəfə də İran XİN-i önə düşdü. Seyidlər başıaşağı qaldılar.

    Mövzunu Şəhriyarın “Heydərbaba” dastanındakı çox mənalı sətirləriylə bitirirəm. Hesab edirəm ki, bu misralar nəinki o alınmamış görüş, hətta Vilayəti Fəqih Xamneyi haqdadır. Yəni “Seyid”lərin taleyi haqdadır:

    "Xəccəsultan əmmə gedib Təbrizə,
    Amma nə Təbriz ki, gələmmir bizə,
    Balam, durun, qalxın gedək evmizə"...
    Sonrakı misranı burda təkrarlamıram.
    Maraqlnanlar o sətirləri dastanın özündən oxusunlar.

    P.S. "Seyidlər" İranda mücərrəd-filan qüvvə deyil. Yuridik, rəsmi ünvanları İranı molla parlamenti, yəni "Xubreqan"dır.