XƏBƏRLƏR / Münaqişə

Putinin Belarusa nüvə silahı göndərmək planı rədd edilir

Avropa, ABŞ və Çin Putinin planının qəti əlehinə çıxırlar

Putinin Belarusa nüvə silahı göndərmək planı rədd edilir
  • Oxuma müddəti:

    3 dəqiqə

  • Avropa İttifaqı vəd edir ki, Belarus hakimiyyəti Rusiyanın öz ərazisində taktiki nüvə silahı yerləşdirməsini təsdiq edərsə, cavab verəcək.

    Bunu Brüsseldə keçirdiyi mətbuat konfransında Aİ Xarici İşlər Xidmətinin nümayəndəsi Piter Stano deyib.


    “Biz Belarusdan təsdiq görməmişik. Əgər bu baş verərsə, təbii ki, nəticələri də olacaq. Bu, eskalasiya və Avropa təhlükəsizliyinə təhdid demək olacaq və cavabsız qalmayacaq”.

    Associated Press yazır ki, Rusiya prezidenti Vladimir Putin Rusiyanın Belarusda taktiki nüvə silahı yerləşdirəcəyini elan etdikdən sonra ABŞ hakimiyyəti strateji nüvə qüvvələrinin işini dəyişdirməyəcəklərini bildiriblər.

    “Biz öz nüvə qüvvələrinin yerləşdirilməsini tənzimləmək üçün heç bir səbəb görmürük və Rusiyanın nüvə silahından istifadə etməyə hazır olduğuna dair heç bir əlamət görmürük. Biz NATO alyansı çərçivəsində kollektiv müdafiəyə sadiq qalırıq”, - ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Adrianna Vatson bildirib.

    Dövlət Departamenti və Pentaqon da eyni bəyanatla çıxış edib.

    Çin Xarici İşlər Nazirliyi bildirib ki, nüvə müharibəsi heç bir şəraitdə açılmamalıdır.

    Brifinqdə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning problemlərin "diplomatik həllinə diqqət yetirməyə" çağırıb. O, həmçinin ötən il yanvarın 5-də nüvə dövlətlərinin liderlərinin birgə bəyanatına istinad edib. Orada deyilirdi ki, nüvə müharibəsində qalib gəlmək mümkün deyil. Mao Ninqin dediyi kimi, “Bəyanatda nüvə silahına malik dövlətlər arasında müharibələrin qarşısının alınması və strateji risklərin azaldılması vurğulanırdı”.

    Çin diplomatı "bütün tərəfləri birlikdə işləməyə" və "vəziyyətin yumşaldılmasına töhfə verməyə" çağırıb. Çin Xarici İşlər Nazirliyi konkret adlar və ya səlahiyyətlər göstərməyib.

    Lakin Rusiya prezidenti Vladimir Putin Qərb ölkələrinin mənfi reaksiyasından sonra Belarus ərazisində taktiki nüvə silahlarının yerləşdirilməsi ilə bağlı mövqeyini dəyişmək niyyətində deyil, Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

    “Belə reaksiya Rusiyanın planlarını dəyişə bilməz. Prezident hər şeyi izah etdi. Burada əlavə ediləcək heç nə yoxdur”, - deyə o bildirib.

    Xatırladaq ki, martın 25-də Rusiya prezidenti Vladimir Putin Belarus ərazisində taktiki nüvə silahlarının yerləşdirilməsi ilə bağlı Minsklə razılaşdığını elan edib. Putinin sözlərinə görə, artıq Belarusda taktiki nüvə silahı və “İsgəndər” raket sistemi daşıya bilən 10 təyyarə yerləşdirilib. NATO Rusiyanın nüvə ritorikasını “təhlükəli və məsuliyyətsiz” adlandırıb. Fransa Xarici İşlər Nazirliyi Rusiyanı Belarus ərazisində taktiki nüvə silahı yerləşdirmək qərarına yenidən baxmağa çağırıb.