Putinin rəqibi Aleksey Navalnı həbsxanada vəfat edib
Təcili yardım həkimləri məhkumun ölümünü təsdiqləyiblər
Rusiya Prezidenti Vladimir Putinin 1 nömrəli tənqidçisi Aleksey Navalnı həbsxanada gözlənilmədən vəfat edib.
Federal Penitensiar Xidmətin (UFSIN) İdarəsi fevralın 16-da gəzintidən sonra özünü pis hiss etdiyini, demək olar ki, dərhal huşunu itirdiyini bildirib.
Təcili yardım həkimləri məhkumun ölümünü təsdiqləyiblər.
Qeyd edək ki, Aleksey Navalnı 1976-cı il iyunun 4-də Moskva vilayətində doğulub. Rusiya Xalqlar Dostluğu Universitetinin hüquq fakültəsini bitirib, Rusiya Hökuməti yanında Maliyyə Akademiyasında, ABŞ-ın Yel Universitetində də təhsil alıb.
2000-ci ildən ictimai-siyasi fəaliyyətlə məşğul olub. Rusiya Birləşmiş Demokrat Partiyasının ("Yabloko") müxtəlif strukturlarına rəhbərlik edib, korrupsiyaya qarşı mübarizə aparan Moskvalıları Müdafiə Komitəsinin rəhbərlərindən olub, "DA!" gənclər hərəkatının, "Xalq" hərəkatının yaradıcılarındandır. Gələcək Rusiya Partiyasının (yaxud Tərəqqi Partiyası) lideri idi.
Dövlət başçısı Vladimir Putinin ən sərt əleyhdarı kimi ad çıxaran Aleksey Navalnı 2013-cü ildə 5 il, 2014-cü ildə 3 il 6 ay müddətinə şərti həbs cəzasına məhkum edilib. Dəfələrlə inzibati həbs cəzası alıb.
Zəhərlənməsi
20 avqust 2020-ci il tarixində Navalnı Rusiyanın Tomsk şəhərindən paytaxt Moskvaya qayıdarkən qəfildən halı pisləşib. Təcili Omsk xəstəxanasına yerləşdirilən müxalifətçi komaya düşüb. Rusiyada Navalnıya maddələr mübadiləsinin pozulması diaqnozu qoyulub. Omsk xəstəxanasının baş həkiminin müavini Anatoli Kaliniçenko bildirib ki, xəstənin orqanizmində zəhər, yaxud zəhərlənmənin əlamətləri aşkarlanmayıb. Yaxın ətrafı isə Navalnının zəhərləndiyinə inanırdı. Avqustun 22-də səhər saatlarında onu Almaniyanın "Charite" xəstəxanasına yerləşdirdilər. Orada aparılan klinik araşdırmaların nəticələri Aleksey Navalnının xolinesteraza inhibitorları qrupundan olan bir maddə ilə zəhərləndiyini göstərirdi. Aleksey Navalnı süni komaya düşmüşdü, onun vəziyyəti ağır olsa da, həyatı üçün kəskin təhlükə yox idi. Həkimlər zəhərlənmənin ağırlıq dərəcəsinin hələ müəyyən edilmədiyini və onun siyasətçinin orqanizmində hansı izləri buraxacağını dəqiqləşdirə bilməmişdilər. Avqustun 28-də "Charite" klinikasının ekspertləri Rusiya müxalifəti liderinə qarşı döyüş təyinatlı zəhərləyici maddənin tətbiq edildiyi qənaətindən çıxış edərək Almaniya ordusunun Münhendə yerləşən qapalı toksikoloji və farmakoloji labartoriyasından kömək istəyirdiər. Həmin laboratoriyada Almaniyanın zəhərlər və döyüş təyinatlı kimyəvi zəhərləyici maddələr üzrə ən yaxşı mütəxəssisləri işləyir. Sorğu həm də Böyük Britaniyanın Port-Daunda yerləşən, bioloji və kimyəvi silahlar üzrə araşdırma Mərkəzinə də göndərilmişdi.
Həbsi
Müalicədən sonra Navalnı 2021-ci il yanvarın 17-də Berlin-Brandenburq hava limanından Moskvaya yola düşür. Rusiyaya çatan kimi həbs ediir. Buna səbəb kimi Navalnının 2014-cü ildə cəzasının dayandırılaraq müvəqqəti azadlıq şərtlərini pozması göstərilir. Məhkəmə Navalnıya 3,5 il həbs cəzası verdi. Bunun ardınca Rusiyada Aleksey Navalnının azadlığa buraxılması ilə bağlı razılaşdırılmamış etiraz aksiyaları keçirilir. Hökumət orqanları ilə razılaşdırılmayan etiraz aksiyaları əsasən paytaxt Moskva, Sankt-Peterburq, Kazan, Yekaterinburq, Novosibirsk və Krasnoyarsk şəhərlərində baş tutur. Aksiyalar zamanı ümumilikdə 4 min nəfərdən çox etirazçı saxlanılıb.