"Qaçqınkom" Sumqayıtdakı yanğınla bağlı məlumat yaydı
Yanğın baş vermiş binada 35 ailə müvəqqəti məskunlaşıb
Yanvarın 17-də Sumqayıt şəhəri, 22-ci məhəllədə yerləşən yataqxana binasında yanğın olub. Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən yanğın söndürülüb. Digər yaşayış sahələri yanğından mühafizə olunub.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən verilən məlumata görə, yanğın barədə məlumat daxil olduqdan dərhal sonra Komitənin aidiyyəti struktur bölməsinin rəhbər şəxsləri hadisə yerinə yollanıblar. İlkin araşdırma nəticəsində 11 məcburi köçkün ailəsinin müvəqqəti məskunlaşdığı yaşayış sahəsinə ziyan dəydiyi müəyyən edilib.
Hazırda Dövlət Komitəsinin rəhbərliyi hadisə yerindədir, siyahıyaalınma aparılır. Müvafiq tədbirlər görüləcək.
Yanğın baş vermiş binada 35 ailə müvəqqəti məskunlaşıb.
Yanğının başvermə səbəbləri Fövqəladə Hallar Nazirliyi tərəfindən araşdırılır, dəymiş ziyan müəyyənləşdirilir. FHN-nin araşdırmasından sonra yekun rəy veriləcək, onun əsasında müvafiq hüquqi addımlar atılacaq.