16:15
Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospektindəki obyektdə baş vermiş yanğın tam söndürülüb.
FHN-in Mətbuat xidmətindən verilən məlumata görə, yanğın zamanı xəsarət alan olmayıb.
Yanğın nəticəsində ümumi sahəsi 700kv.m olan bir dam altında tikilmiş 7 ədəd tikinti materiallarının satışı mağazalarından 2 ədəd mağaza və bitişik ümumi sahəsi 200kv.m olan anbar (ümumi 400kv.m) yanıb. Bitişik mağazalar və müxtəlif təyinatlı obyektlər yanğından mühafizə olunub.
***
14:41
Bakının Nərimanov rayonu, Ziya Bunyadov prospektində iki tikinti materialları mağazası və anbarı yanıb.
Bunu jurnalistlərə açıqlamasında Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Yanğınsöndürmə Qərargahının rəis müavini Ruslan Pirəlizadə deyib.
O bildirib ki, FHN-in "112" qaynar telefon xəttinə Bakının Nərimanov rayonu, Ziya Bunyadov prospektində, obyektdə yanğın baş verməsi barədə məlumat daxil olub və əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub:
"Əraziyə nazirliyin qüvvələri cəlb olunub. Yanğın nəticəsində iki ədəd sahəsi 240 kvadrat metr olan tikinti məhsulları satılan mağaza və arxasında 200 kvadrat metr sahəsi olan tikinti materialları anbarı yanıb. Digər mağazalar yanğından mühafizə olunub. Yaxınlıqdakı digər mağzalardakı materiallar çıxarılıb. Yanğın zamanı xəsarət alan olmayıb. Əsas yanan mhsullar boya məhsulları olub. Yanğının başvermə səbəbləri araşdırılır".
Qeyd edək ki, FHN-nin yaydığı məlumata əsasən, obyektdə baş vermiş yanğın mürəkkəbliyinə baxmayaraq daha geniş sahəyə yayılmasına imkan verilmədən məhdudlaşdırılıb.
Həyata keçirilən tədbirlər çərçivəsində FHN-in qüvvələri tərəfindən yanğın ərazisində sahibkarlara məxsus mal-materialların yanğından qorunması məqsədilə təhlükəsiz əraziyə daşınması təmin olunub.
Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.
***
14:02
Dərnəgüldəki obyektdə baş vermiş yanğının söndürülməsi əməliyyatı davam edir.
Qeyd olunub ki, yanğınla mübarizə tədbirlərinə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin ümumilikdə 18 ədəd texnika və 70 nəfərdən ibarət canlı qüvvəsi cəlb olunub.
VİDEO
***
13:25
Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospektində yerləşən obyektdə baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.
Bu barədə FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, havanın küləkli olması yanğının söndürülməsi işlərini çətinləşdirsə də, ərazinin bütün perimetri boyu yanğına fəal müdaxilələr edilir.

Yanğının söndürülməsi üçün əraziyə FHN-in kifayət qədər texnika və canlı qüvvəsi cəlb olunub.

Əlavə məlumat veriləcək.
***
12:28
Nərimanov rayonu, Ziya Bünyadov prospektinin yaxınlığında obyektlərin birində baş verən yanğın səbəbindən metronun “20 Yanvar” və “Koroğlu” stansiyaları istiqamətində nəqliyyat sıxlığı yaranıb.
Bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatında deyilir.
Hazırda polis əməkdaşları tərəfindən sıxlığın aradan qaldırılması və hərəkətin tənzimlənməsi məqsədilə zəruri tədbirlər görülür.

DİN-in Mətbuat Xidmətindən bildirilib ki, paytaxtın Nərimanov rayonu, Ziya Bünyadov prospektində yerləşən obyektlərin birində baş vermiş yanğınla bağlı polis əməkdaşları dərhal əraziyə cəlb olunublar. Hadisə yerində vətəndaşların təhlükəsiz şəkildə təxliyə olunması, ərazinin nəzarətə götürülməsi, həmçinin yanğınsöndürmə-qurtarma qüvvələrinin maneəsiz fəaliyyətinin təmin edilməsi məqsədilə zəruri operativ tədbirlər görülür.
***
12.06
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Nərimanov rayonu, Ziya Bünyadov prospektində obyektdə yanğın baş verməsi barədə məlumat daxil olub.
Bu barədə FHN-in Mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.
Əlavə məlumat veriləcək.
4 dəqiqə