XƏBƏRLƏR / Hadisə

Kahramanmaraşda ölənlərin sayı 9-a çatıb

Türkiyə Daxili İşlər Nazirliyi bəyan edib FOTO / YENİLƏNİB

Kahramanmaraşda ölənlərin sayı 9-a çatıb
  • Oxuma müddəti:

    3 dəqiqə

  • 20:05

    Kahramanmaraşdakı Ayser Çalık orta məktəbinə edilən hücum nəticəsində 9 nəfər ölüb, 13 nəfər yaralanıb. Altı nəfərin vəziyyəti ağırdır.Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi Kahramanmaraşdakı vəziyyətlə bağlı son məlumatları paylaşıb. O bildirib ki, ölənlərdən səkkizi şagird, bir nəfər isə müəllimdir.

    Hücumu iki sinif otağında atəş açan səkkizinci sinif şagirdi İsa Aras Mersinli törədib. O, intihar edib.
    ***

    17:55

    Türkiyə hüquq-mühafizə orqanlarının əməkdaşları Kahramanmaraş şəhərində məktəbə silahlı hücum edən səkkizinci sinif şagirdinin atasını saxlayıblar.

    İsa Aras Mersinlinin atası, keçmiş polis zabiti Uğur Mersinli dindirilmək üçün gətirilib.

    İlkin məlumatlara zidd olaraq, hücum edən şəxs saxlanılmayıb, intihar edib. O, məktəbə beş tapança və yeddi sursat maqazini ilə gəlib. Silahların oğlanın atasına məxsus olduğu güman edilir.

    Bu arada, Aysel Çalık Liseyində baş verən atışmada həlak olan dörd nəfərdən üçünün şagird, birinin isə müəllim olduğu məlum olub.

    Vitse-prezident Cevdet Yılmaz bildirib ki, bütün müvafiq qurumlar, əsasən daxili işlər, ədliyyə və milli təhsil nazirlikləri hadisənin bütün təfərrüatlarını müəyyən etmək üçün hərtərəfli araşdırma və yoxlamalar aparır.

    ***

    16:25


    Türkiyədə məktəbə silahlı hücum edən 8-ci sinif şagirdi özünü öldürüb.

    NTV-nin xəbərinə görə, hücumu törədən şəxsin atası keçmiş polis əməkdaşı olub.

    O, atasına məxsus silahlarla iki sinif otağına atəş açıb.


    ***

    15:45

    Türkiyədə məktəbə silahlı hücum nəticəsində 4 nəfər ölüb, 20 nəfər yaralanıb.

    NTV-nin xəbərinə görə, bu barədə Kahramanmaraş valisi bildirib.

    Həyatını itirənlərdən biri müəllim, üçü isə şagird olub.Yaralılardan 4-nün vəziyyətinin ağır olduğu bildirilir.

    Hücum edən şəxs eyni məktəbin 8-ci sinif şagirdi olub.

    ***

    15:33

    Türkiyənin Kahramanmaraş şəhərindəki məktəblərin birinə silahlı hücum nəticəsində ölən və yaralananlar var.

    Bu barədə şəhər valisi Mükerrem Ünlüer məlumat verib.

    Onun sözlərinə görə, hadisə nəticəsində hələlik 6 yaralı və bir ölü məlumdur.

    ***

    15:11

    Türkiyədə məktəbə silahlı hücum olub.

    NTV-nin xəbərinə görə, hadisə Kahramanmaraşda baş verib.

    Qəhrəmanmaraşın "12 Fevral" rayonundakı Ayser Çalık Orta Məktəbində silah səsləri eşidilib. Məktəb tez bir zamanda təxliyə edilib və hadisə yerinə çoxsaylı tibb və polis qrupları göndərilib. CNNTürk

    Hadisə nəticəsində 6 nəfərin yaralandığı bildirilir.