XƏBƏRLƏR / Münaqişə

Qara dənizdə iki Azərbaycan dənizçisi həlak olub YENİLƏNİB

Hadisə ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi mətbuat məlumatı yayıb

Qara dənizdə iki Azərbaycan dənizçisi həlak olub YENİLƏNİB
  • Oxuma müddəti:

    2 dəqiqə

  • 14:09

    Hadisə ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi mətbuat məlumatı yayıb:

    "9 sentyabr tarixində Qara dənizdə heyətində Azərbaycan vətəndaşlarının da olduğu “TEDY” adlı xarici yük gəmisi dron hücumlarına məruz qalıb.

    Hücum nəticəsində Azərbaycan vətəndaşları Aslan Əliyev və Asim Qasımovun həlak olduğu, İmran Novruzov və Rauf Əliyevin isə xəsarət aldığı barədə məlumat daxil olub. Yaralılar Ukraynanın Çernomorsk şəhər xəstəxanasında yerləşdiriliblər.

    Hal-hazırda, məsələ ilə bağlı Xarici İşlər Nazirliyi tərəfindən ölkəmizin diplomatik nümayəndəlikləri, habelə müvafiq ölkələrin səlahiyyətli qurumları ilə əlaqələndirmə işləri həyata keçirilir. Yaralı vətəndaşlarımızın tibbi müayinəsi və müalicəsindən sonra onların ölkəyə qaytarılması və zəruri konsulluq dəstəyinin göstərilməsi, habelə cənazələr üzrə prosedurların həyata keçirilməsi istiqamətində tədbirlər görülür.

    Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə şəfa tapmasını arzulayırıq.

    Azərbaycan vətəndaşlarını hərbi əməliyyatların davam etdiyi və ya təhlükəsizlik vəziyyətinin qeyri-sabit olduğu bölgələrə səfər etməkdən, həmin ərazilərdə əmək fəaliyyəti ilə məşğul olmaqdan və ya bu marşrutlar üzrə fəaliyyət göstərən nəqliyyat vasitələrində, o cümlədən gəmilərdə işləməkdən çəkinməyə bir daha çağırırıq".

    ***

    13:23

    Qara dənizdə gəmiyə edilən dron hücumu nəticəsində iki Azərbaycan dənizçisi həlak olub, daha ikisi yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

    Azərbaycanlı dənizçilər Aslan Əliyev və Asim Qasımov həlak olması,  İmran Novruzov və Rauf Əliyevin isə xəsarət aldığı barədə məlumat daxil olub. Yaralılar Ukraynanın Çernomorsk şəhər xəstəxanasında yerləşdiriliblər.

    Dron hücumu "Mert Marine Corporation" şirkətinə məxsus və Somali bayrağı altında üzən "TEDY" (IMO 9059200) yedək gəmisini hədəf alıb.

    Gəmidə dörd Azərbaycan vətəndaşı, üç Türkiyə vətəndaşı, iki Almaniya vətəndaşı və bir Ukrayna vətəndaşı olub.