"Qarabağ" mahnısı ilə bağlı rəsmi açıqlama
Mədəniyyət Nazirliyi və Əqli Mülkiyyət Agentliyi bəyan edir
Son günlər mediada sözləri və musiqisi Azərbaycan bəstəkarı Bəhram Nəsibova məxsus olan “Qarabağ” (“Anadır arzulara hər zaman Qarabağ”) adlı mahnının sözləri Qor Yepremyan tərəfindən dəyişdirilib və onun ifasında “Sirun jan” adı altında “Armenian folk”, yəni “erməni xalq mahnısı” qeydi ilə “Youtube” platformasında yerləşdirilib. Bununla əlaqədar Əqli Mülkiyyət Agentliyi tərəfindən 2024-cü il 9 iyul tarixində geniş şərh, 10 iyul tarixində isə Mədəniyyət Nazirliyi ilə Agentliyin Birgə Bəyanatı yayıb.
Mədəniyyət Nazirliyi və Əqli Mülkiyyət Agentliyi əlavə olaraq aşağıdakıları bildirir:
Qor Yepremyanın ifa etdiyi “Sirun jan” adlı mahnının “Youtube” platformasından silinməsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilməkdədir. Tədbirlər çərçivəsində Agentlik tərəfindən bəstəkar Bəhram Nəsibovun vərəsəsi Adil Nəsibovun “Youtube” administrasiyasına müraciətinin hazırlanmasında hüquqi yardım göstərilib, müraciət və müvafiq sübutedici sənədlər ingilis dilinə tərcümə olunub. Agentliyin dəstəyi ilə qeyd edilən sənədlərin bəstəkarın vərəsəsinin adından “Youtube” və digər rəqəmsal platformalarla iş üzrə ixtisaslaşmış və Agentlikdə akkreditasiyadan keçmiş “Rəqəmli və Audiovizual Yayım Sənayesi” İctimai Birliyi (RAYS) - //rays.az/ tərəfindən “Youtube”a göndərilməsində texniki yardım göstərilib.
Görülən tədbirlərin ilkin nəticəsi olaraq, Gor Yepremyanın rəsmi “Youtube” səhifəsində (hüquq pozuntusuna səbəb olan ilkin mənbədə) yerləşdirilmiş “Sirun jan” adlı mahnının video yazısı müəllif hüquqularının pozulması səbəbindən “Youtube” rəhbərliyi tərəfindən silinib (URL: //www.youtube.com/watch?v=xbFwavNaTHI).
Hazırda “CD BABY” distribütor şirkəti tərəfindən rəqəmsal musiqi platformalarında (“Youtube Music”, “Spotify”, “Apple Music”, “Amazon Music”, “Deezer” və s.) yerləşdirilmiş “Sirun jan” mahnısının digər audio və video yazılarının, hüquq pozuntusuna səbəb olmuş ilkin mənbədən götürülərək törəmə mənbələrdə yerləşdirilmiş nüsxələrinin silinməsi ilə bağlı müvafiq işlər aparılır.
Nəticə barədə əlavə məlumat veriləcəkdir.