Qarabağdan Ermənistana gedən sakini xüsusi xidmət həbs edib
Sarkis Qalstyan arvadı ilə Azərbaycan sərhədini keçəndən sonra Gorusda MTX tərəfindən saxlanılıb
2023-cü ilin 19-20 sentyabr tarixli antiterror əməliyyatlarından sonra Xankəndidə yaşamağa davam edən Sarkis Qalstyan bu yaxınlarda arvadı Marqarita Şahnazaryanla birlikdə Ermənistana gedib.
Martın 29-da Qırmızı Xaç Komitəsi vasitəsilə Qarabağdan Ermənistana aparılan Sarkis Qalstyana qarşı casusluq ittihamı irəli sürülüb. O həbs edilib, Ermənistan İstintaq Komitəsi bildirib.
Erməni KİV-ləri xəbər verir ki, Qalstyan Gorusda Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb və nəzarətə götürülüb.
Erməni KİV Milli Təhlükəsizlik Xidməti ilə məlumatı dəqiqləşdirməyə çalışıb, lakin onlardan yazılı sorğu göndərmələri tələb olunub. Bundan başqa, Qalstyanın Ermənistanda yaşayan qohumları da məlumatı nə təkzib, nə də təsdiq ediblər.
KİV nümayəndələri məsələ ilə bağlı Ermənistanın Milli Təhlükəsizlik Xidmətinə də sorğu göndərib, lakin hələ cavab almayıb.
Xatırladaq ki, Qalstyan gedən qarabağlıları geri qayıtmağa və Azərbaycan vətəndaşlığını qəbul etməyə çağıranlardan biri idi. Bundan əvvəl erməni mənbələr onu Azərbaycan hakimiyyətilə əməkdaşlıq etməkdə ittiham edərək xain adlandırmışdılar.