Qaradağda sərnişin avtobusu qəzaya uğrayıb, ölənlər var
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi baş verən yol qəzası ilə bağlı məlumat yayıb YENİLƏNİB
14:30
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Qaradağ rayonunda baş verən yol qəzası ilə bağlı məlumat yayıb.
Qurumdan verilən xəbərə görə, dekabrın 25-də Qaradağ rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi aidiyyəti qurumlar tərəfindən araşdırılır. Araşdırmalarla müəyyən edilib ki, “İsuzu” markalı avtobus qanunsuz sərnişindaşıma fəaliyyəti ilə məşğul olan “Mercedes” markalı mikroavtobusla toqquşub.
Yol-nəqliyyat hadisəsinin başvermə səbəbləri və hüquqi qiymətləndirmə təyin olunmuş avtotexniki ekspertizanın rəyinə uyğun olaraq müəyyən ediləcək.
***
11:33
Qaradağ rayonunda sərnişin avtobusu qəzaya uğrayıb.
Hadisə Bakı-Qazax yolunun Qaradağ rayonu ərazisindən keçən hissəsində baş verib.
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən verilən məlumata görə, dekabrın 25-də saat 09:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Qaradağ rayonundan yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə çağırış qeydə alınıb. Çağırış ünvanına dərhal təcili tibbi yardım briqadası cəlb olunub.
Hadisə yerində xəsarət alan 9 nəfərə (4 qadın, 4 kişi və 1 uşaq) təcili tibbi yardım briqadası tərəfindən zəruri tibbi xidmət göstərilib və Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. 2 nəfərin (kişi və qadın) həkiməqədər ölüm faktı qeydə alınıb.
1 dəqiqə