Qarakənd səmasında baş vermiş faciədən 32 il keçir
Üstündən 32 il keçməsinə baxmayaraq, hadisə ilə bağlı bir sıra qaranlıq məqamlara bu günə qədər aydınlıq gətirilməyib
Noyabrın 20-si Azərbaycanın müstəqillik tarixinin ən faciəli hadisələrindən birinin ildönümüdür.
32 il bundan əvvəl - 1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında Mİ-8 N72 hərbi vertolyotunun erməni silahlıları tərəfindən atəşə tutulması nəticəsində heyət üzvləri və sərnişinlər - Azərbaycanın görkəmli dövlət və hökumət nümayəndələri, Rusiya və Qazaxıstandan olan müşahidəçilər - dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, dövlət müşaviri Məhəmməd Əsədov, Baş nazirin müavini Zülfi Hacıyev, deputatlar Vaqif Cəfərov və Vəli Məmmədov, Prezidentin İcra Aparatının şöbə müdiri Osman Mirzəyev, nazir müavini Qurban Namazəliyev, DQMV prokuroru İqor Plavski, DQMV Daxili İşlər İdarəsinin rəisi Vladimir Kovalyov, Dağlıq Qarabağ üzrə milli təhlükəsizlik şöbəsinin rəisi Sergey İvanov, fövqəladə vəziyyət rayonunun komendantı Nikolay Jinkin, Qazaxıstan daxili işlər nazirinin müavini Sanlal Serikov, milis general-mayoru Mixail Lukaşov, polkovnik-leytenant Oleq Koçerev, dövlət katibinin köməkçisi Rafiq Məmmədov, telejurnalist Alı Mustafayev, Azərbaycan Televiziyasının işıqçısı Arif Hüseynzadə, videooperator Fəxrəddin Şahbazov, vertolyot heyətinin komandiri Vyaçeslav Kotov, heyət üzvləri Gennadi Domov, Dmitri Yarovenko həlak olublar.
Əvvəlcə rəsmi olaraq vertolyotun dumana düşərək qayaya çırpılması ehtimalı irəli sürülsə də, bir neçə gündən sonra onun vurulması faktı təsdiqlənib.
Üstündən 32 il keçməsinə baxmayaraq, hadisə ilə bağlı bir sıra qaranlıq məqamlara bu günə qədər aydınlıq gətirilməyib. Məsələn, nə üçün bu qədər dövlət rəsmisi eyni zamanda bir vertolyota minib? Nə üçün döyüş zonasında mühafizə üçün onu hərbi vertolyot müşayiət etməyib? Uçuşun dəqiq marşrutunu ermənilər haradan bilirdi? Yeri gəlmişkən, həmin məlumata yalnız Qarabağda sovet silahlı qüvvələrinin komandanlığı malik idi. Vertolyotun vurulduğu raketin mənbəyi də məlum deyil. Qarabağda o zaman ən çox istifadə edilən silah təyyarəvuran zenit raketləri və eyninövlü “Alazan” raketləri idi. İstilik raketlərindən istifadə edilmirdi. Aviaqəzalarda bütövlüyünü saxlayan və zədəsiz qalan qara qutudakı lentin “yanması”da qaranlıq məsələdir.
Bu terror aktı ilə erməni separatçıları özlərinin terrorçu mahiyyətini bir daha sübut etdilər. Faktla bağlı 1991-ci ildə Azərbaycanın Hərbi Qarnizon Prokurorluğu tərəfindən cinayət işi açılıb, istintaqın aparılması Respublika Prokurorluğuna verilib. Terror aktının baş verdiyi ərazinin vaxtilə işğal altında olması səbəbindən cinayət işi üzrə istintaq dayandırılıb.
Üçtərəfli Bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərk-silah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bu il sentyabrın 19-20-də bölgədə lokal xarakterli antiterror tədbirləri həyata keçirilib. 24 saatdan az davam edən tədbirlər nəticəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılıb. Düşmən ağ bayraq qaldıraraq təslim olub. Bununla da Azərbaycanın bütün ərazilərində Konstitusiya quruluşu bərpa olunub.
Artıq ermənilər tərəfindən terror aktının törədildiyi Qarakənd kəndi də 32 ildən sonra düşmən tapdağından azad edilib və Müzəffər Ali Baş Komandan İlham Əliyev oktyabrın 15-də Xocavənd rayonunda Azərbaycan Bayrağını ucaldıb.