16:02
Qazax rayonunun Xanlıqlar kəndi ərazisində "SOCAR PETROLEUM" QSC-yə məxsus 7 saylı neft bazası sahəsində yanğın hadisəsi yanacaq daşıyan avtomobildə doldurma prosesi zamanı baş verən partlayışla əlaqədardır.
Bu barədə QSC-nin məlumatında deyilir.
Bildirilib ki, yanğın hadisəsi ilə bağlı dərhal Fövqəladə Hallar Nazirliyinə məlumat verilib.
Yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş tədbirlər sayəsində yanğının ətrafa yayılmasının qarşısı alınıb, qısa müddətdə məhdudlaşdırılması təmin olunaraq tam söndürülüb.
Hadisə nəticəsində neft bazası sahəsində süzücü-doldurucu vəzifəsində çalışan İbrahimov Şamil Zabit oğlu həyatını itirib.
Qeyd olunub ki, hazırda yanğının başvermə səbəbləri araşdırılır.
Bundan əlavə, Qazax Rayon Mərkəzi Xəstəxanasından sorğuya cavab olaraq məlumat verilib ki, bu gün saat 13:30 radələrində Qazax rayonunda baş verən partlayış səbəbilə xəsarət alan 1 nəfər (kişi) Qazax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. 1994-cü il təvvəlüdlü şəxsə hər iki əlinin 2-ci dərəcəli termiki yanığı diaqnozu təyin edilib. Hazırda pasiyentin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyəti orta stabil olaraq qiymətləndirilir.
***
15:38
Yanvarın 7-də saat 13:30 radələrində Qazax rayonunda baş verən partlayış səbəbilə xəsarət alan 1 nəfər (kişi) Qazax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Qazax Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, 1994-cü il təvvəlüdlü şəxsə hər iki əlinin 2-ci dərəcəli termiki yanığı diaqnozu təyin edilib. Hazırda pasiyentin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyəti orta stabil olaraq qiymətləndirilir.
Qeyd olunub ki, hadisə nəticəsində 1 nəfərin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb.
***
14.45
Qazax Neft Baza Sahəsinin həyətində “MAN” markalı avtomobildə baş vermiş yanğın nəticəsində ölən şəxsin kimliyi məlum olub.
Ölən şəxsin Neft Baza Sahəsində süzücü-tökücü vəzifəsində işləyən Qazax şəhər sakini, 1994-cü il təvəllüdlü Şəmil İbrahimov olduğu bildirilir. Məlumata görə, o, yanaraq ölüb.
Faktla bağlı Qazax rayon prokurorluğunda araşdırma gedir.
***
14:29
Qazax rayonunun Xanlıqlar kəndi ərazisində yanacaq daşıyan avtomobildə baş verən yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ətrafa yayılmasına imkan verilmədən qısa müddətdə tam söndürülüb.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, yanğın nəticəsində yanacaq daşıyan avtomobilin yanar konstruksiyaları yanıb, bir nəfər həyatını itirib.
Yaxınlıqdakı yanacaq çənləri yanğından mühafizə olunub.
3 dəqiqə